Naxçıvan Universitetinin konfrans zalında ali təhsil ocağının Pedaqoji fakültəsinin tələbələrinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Universitetdən verilən məlumata görə, tədbirin aparıcıları bildiriblər ki, ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli bayrağın qəbul olunmasına nail olub. Lakin bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti və onun dövlət atributu olan bayrağı ləğv edilib. 70 ildən sonra Azərbaycan yenidən müstəqillik əldə edib.
Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderin təşəbbüsü ilə qaldırılıb. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə həmin seesiyada "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Ali Dövlət Hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında",tarixi qərarlar qəbul edilib. "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırılıb.
Ulu öndərin milli mənafelərə əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur. Ölkə başçısı 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması,2009-cu ilin noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini bir daha göstərir.
Tədbirin bədii hissəsində tələbələrin ifasında bayrağımızı əks etdirən fikirlər, şeirlər, bir-birindən rəngarəng musiqi nömrələri səsləndirilib. Sonda tədbirə ali təhsil ocağının tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli yekun vurub, bayrağımızı əks etdirən slayd və tələbələrin hazırladıqları video-çarx nümayiş etdirilib.
Vəfa MƏMMƏDLİ
çap et