525.Az

Maarifçilik missiyası


 

BU GÜN TELERADİO İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

Maarifçilik missiyası<b style="color:red"></b>

İstənilən sahədə birinci olmaq həm şərəfli, həm də çətin və məsuliyyətli işdir.
 
Bu fikri Azərbaycan Radiosuna və Televiziyasına da şamil etsək, yanılmarıq. Azərbaycan radiosu düz 89 il öncə - 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxmış və "Danışır, Bakı!" çağırışı ilə paytaxt sakinlərinə müraciət etmişdi. Bu tarixdən 30 il sonra - 1956-cı il fevralın 14-də Bakı televiziya studiyasının (indiki AzTV) efirə çıxması isə böyük ictimai-siyasi və mədəni hadisə kimi yaddaşlara həkk olunmuşdu.

Cümhuriyyət ideallarının darmadağın olunduğu, Sovet işğalının gerçəkləşdiyi, məmləkətimizin əksər hissəsində mövhumat və savadsızlığın hökm sürdüyü bir dönəmdə Azərbaycan Radiosunun fəaliyyətə başlamasının nə qədər vacib olduğunu yalnız bu günün rakursundan baxanda anlamaq olur. SSRİ kimi qorxunc bir dövlətdə öncə Azərbaycan Radiosu, sonradan isə həm də AzTV milli dəyərlərimizin qorunub saxlanılmasında çox böyük rol oynadı, məmləkətimizin nəhəng simalarının vaxtilə apardığı maarifçilik kimi müqəddəs missiyanı öz üzərinə götürdü, müstəqilliyə aparan mübarizə yolunda şəhid verdi... amma sınmadı. Məhz bu üzdən doğma dilimiz, qədim tariximiz, mədəniyyət və incəsənətimiz unudulmadı, milli şüur və düşüncə tərzinin tamamilə sıradan çıxarılmasına yol verilmədi. 

Bu gün həmin missiyanın önündə getmiş dahi bəstəkarlar Üzeyir bəy Hacıbəyovu, Müslüm Maqomayevi və istedadlı ədib Məmməd Səid Ordubadini xatırlamamaq qeyri-mümkündür. Məhz bu məşhur üçlüyün sayəsində Azərbaycan Radiosu sənət və söz məbədinə, dünyaya səpələnmiş azərbaycanlıların ümid və pənah yerinə çevrildi.

Təqdirəlayiq haldır ki, Azərbaycan Radiosunun əməkdaşları  bu müqəddəs və şərəfli yolu indi də davam etdirirlər və ölkənin birinci radiosu heç bir təsirə uymadan milli dəyərlərin qorunub saxlanılması kimi missiyasına sadiqliyini nümayiş etdirir. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkənin əsas televiziyası hesab olunan AzTV-dən və birinci radiodan da yan keçməyib. Televiziya ilə yanaşı, radionun da maddi-texniki bazası gücləndirilib, studiyalar və səsyazma sexi müasir avadanlıqla təchiz edilib, kadr islahatları həyata keçirilib.

Uzun illər boyu ədəbi dil üzrə məktəb hesab olunan Azərbaycan Radiosunda bəsit, şit və qalmaqal doğuran veriliş və proqram dinləmək qeyri-mümkündür. "Bulaq", "Muğam saatı" "Lirika dəftərindən", "Axşam görüşləri", "Ovqat" kimi uzunömürlü verilişlərlə yanaşı, "Sabahınız xeyir!", "Gəl səhərim", "Şəbəkə", "Səslər muzeyi", "Sənət söhbətləri", "İlham çeşməsi", “Elçi daşı", "Dünyanı tanıyın", "Gəzdim Azərbaycanı", "Vətən yaşasın", "İgidnamə", "Azərbaycan əsgəri", "Sabaha pəncərə", "Gecə döyülən qapılar", "Ozanların dilindən", "Şirvan şikəstəsi", "İrəvan çuxuru", "Ustad nəfəsi", "Könül körpüsü", "O səsin sorağında", "Ömrümüzdən keçən səslər", "Yaşıl planet", "Boğça", "Sehirli başmaq", "Haydı, qoçaqlar" və digər müasir proqram və verilişlər dinləyicilərdə böyük maraq doğurur.

"Qızıl Fond" və Niyazi adına Dövlət Simfonik Orkestri, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Tofiq Əhmədov adına estrada-simfonik orkestri, Cahangir Cahangirov adına xor, Əfsər Cavanşirov adına Uşaq xoru, Əhməd Bakıxanov və Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblları, Vaqif Mustafazadə adına "Sevil" vokal-instrumental ansamblı kimi musiqi kollektivləri isə həm Azərbaycan radiosunu, həm də AzTV-ni  teleradioməkanda fərqli və bənzərsiz quruma çevirib. Bu, Azərbaycan Radiosuna və Televiziyasına nəsib olan tarixi lütfdür! 

 Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Radiosunun efirə çıxdığı gün həm də teleradio əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Şübhəsiz, noyabrın 6-sı yerli teleməkanın böyük ailəsi üçün əlamətdar gündür. Amma Azərbaycan Televiziyası və Radiosu əməkdaşları ona xüsusi ovqatla hazırlaşırlar.

AzTV-nin bu bayramı Opera və Balet Teatrında təntənəli şəkildə qeyd etməsi artıq ənənəyə çevrilib. Azərbaycan Radiosunun 89-cu, AzTV-nin isə 59-cu ili arxada qoyduğu bu dönəm isə həm də ən möhtəşəm beynəlxalq layihənin - "Səs Azərbaycan"ın ("Voice") tamaşaçılara təqdim edilməsilə yaddaşlarda silinməz iz buraxacaq. Məhz noyabrın 6-da efirə çıxacaq tok-şok "Səs Azərbaycan" layihəsinin teleradio işçilərinə bir bayram töhfəsi olacaq. Növbəti həftədə isə artıq yeni səslər və simalar tamaşaçıları AzTV-nin ekranı qarşısına toplayacaq. Bu isə o deməkdir ki, muğamda olduğu kimi estrada müsabiqəsində də bu janrın həvəskarlarını unudulmaz anlar, ekran-efiri isə bitib-tükənməyən istedadlar gözləyir.

Ümumiyyətlə, 60 illik yubileyinə doğru irəliləyən AzTV-nin əldə etdiyi uğurlar tamaşaçıları sevindirməyə bilməz. Qısaca desək, məhz AzTV maarifçilik, əyləncə və informasiya təhlükəsizliyi prinsiplərinə əməl etməklə ölkə teleməkanının flaqmanına çevrilib. AzTV-nin 2015-ci ilin iyununda Bakıda keçirilmiş I Avropa Oyunları zamanı nümayiş etdirdiyi peşəkarlıq bunu qabarıq şəkildə sübut etdi.

Odur ki, Azərbaycan Radiosunun və AzTV-nin simasında uzun illər boyu teleradio məkanının inkişafında göstərdikləri misilsiz fədakarlıqlara görə böyük teleradio ailəsinin hər bir üzvünü peşə bayramları münasibətilə ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır, dünyasını dəyişənləri isə böyük hörmət və ehtiramla anırıq!

Orxan QASIMBƏYLİ

 





06.11.2015    çap et  çap et