525.Az

Əbədi dəyərlərə müraciət


 

Əbədi dəyərlərə müraciət<b style="color:red"></b>

Xalq yazıçısı Anarın Budapeştdə povest və hekayələrdən ibarət "Seçilmiş əsərləri" nəşr edilib. Bu, Anarın macar dilində çıxan dördüncü kitabıdır. Kitaba ölkəmizin Macarıstandakı səfiri professor Vilayət Quliyev və Macarıstan Yazıçılar İttifaqının sədri  Yanoş Sentmartoni ayrı-ayrılıqda ön söz yazıblar. Yanoş Sentmartoninin yazısını oxucularımıza təqdim edirik.

İki il bundan əvvəl Macarıstan Yazıçılar İttifaqının sədri kimi, Azərbaycanın tanınmış söz ustadı, həmkarım, bu ölkənin Yazıçılar Birliyinin sədri Anara 75 illik yubileyi ilə bağlı göndərdiyim təbrik teleqramında deyilirdi: "İndiki qeyri-müəyyən dövrü yaradıcılıq üçün əlverişli hesab etmək olmaz. Yəqin, hələ heç vaxt küləyə qarşı getmək və çevrənin biganəliyi bu qədər çətinlik yaratmayıb. Amma bilirik ki, bizim xələflərimiz tarixi keçmişi ittiham eləyəndə hər şeydən öncə əbədi dəyərlərə müraciət edəcəklər. Məhz bu mədəniyyət və incəsənət əsərləri əsrin sonuna qədər bizim iztirablarımıza və bu dünyadakı mövcudluğumuza bəraət qazandıracaq".

Təbrikdən ilyarım sonra - 2014-cü ilin oktyabrında Budapeştdə "səbəbkar"la - yazıçı, ssenarist, kinorejissor Anarla şəxsən tanış oldum. Anar və həmkarları paytaxtımızda XIX əsr Azərbaycan ədəbiyyatının klassiki, müsəlman Şərqində dramaturgiyanın banisi sayılan Mirzə Fətəli Axundzadə haqqında çəkilən bədii filmin təqdimatında görüşdük.

Azərbaycanın ölkəmizdəki səfiri, tanınmış filoloq alim, ədəbiyyatşünas Vilayət Quliyevin təşəbbüsü ilə Macarıstan  Yazıçılar Birliyində görüşümüz baş tutdu.

Mənə aydın oldu ki, Anar təkcə uğurlu yazıçı, böyük təşkilatın rəhbəri olmaqla yanaşı, həm də yaxşı həmsöhbət və xeyirxah insandır. Müasir ədəbiyyatın problemlərindən danışdıq, yaradıcı  insanların cəmiyyətdə rolu haqqında fikirlərimizi bölüşdük, hər iki ölkənin yazıçılar ittifaqı və mətbuatı arasında əməkdaşlıq  məsələlərini müzakirə etdik. Söhbətimizdə azərbaycanlı və macar müəlliflərin əsərlərinin tərcüməsi, onların Azərbaycanda və Macarıstanda təbliğatı məsələsi üzərində dayandıq.

Bu əməkdaşlığın ilk konkret təzahürü: həmkarımın yaxın zamanlarda macar oxucularına təqdim olunacaq kitabına qısa ön söz yazıram.

Yazıçı olaraq Anar həm Sovet, həm də Azərbaycan ədəbiyyatının "altmışıncılar" nəslinə aiddir. Mütəxəssislərin təsdiqlədiyi kimi, 1960-cı illərdə - "Xruşşov mülayimləşməsi" dövrünün ədəbiyyat və incəsənət nümayəndələri yaradıcı sərbəstlik əldə etdilər və real həyata, sosializm realizminin tənqidi dərkinə, insanların həqiqi yaşantı və problemlərinə daha çox yaxınlaşdılar. Uydurulmuş qəhrəmanların, konfliktsiz situasiyaların, həyatın "bəzədilməsi"nin və saxta pafosun sonu çatdı. Problemləri olan kiçik adamlar yazıçıların diqqətini daha çox cəlb etməyə başladılar, nəinki yorulmaz əmək qəhrəmanları, prinsipial kommunistlər, yaxud da haqq-ədalət uğrunda savaşanlar. Anar doğma Azərbaycan ədəbiyyatında bu əsas yeniliklərin ilk pionerləri sırasındaydı.

Azərbaycanlı həmkarımın ədəbi təcrübəsi artıq çoxdan yarım əsri keçib. Bütün bu onillər ərzində onun öz vətəndaşlıq və yaradıcı fəaliyyətini qoruyub artırması diqqətəlayiqdir.  Bu uzun onillər ərzində o öz millətinin səsi olaraq qalmağı bacarıb.

Mənbələrdə göstərildiyi kimi, Anar müxtəlif ölkələrdə və müxtəlif dillərdə nəşr olunmuş yüzdən artıq kitabın müəllifidir.

Bu kitabların arasında macar dilinə tərcümələrin olması da diqqətəlayiqdir. Keçən əsrin 80-ci illərində məşhur Azərbaycan yazıçısının Budapeştdə hekayə və povestlərdən ibarət 3 kitabı tərcümə və nəşr edilib.

Anarın yaradıcılığı ilə hətta ötəri tanış olduqda belə müasir dövrün problemlərini əks etdirən xeyli maraqlı əsərlərə rast gəlmək olur. Yazıçı kitablarında ardıcıl şəkildə, həyat mövqeyini müəyyənləşdirərkən çətinliklərlə qarşılaşan müasirinin obrazını açmağa çalışır, ənənəvi düşüncə və mentalitetin insanların həyatına və hərəkətlərinə necə təsir etdiyini göstərir.

Mənə elə gəlir ki, Anarın öz doğma tarixi və mədəniyyətinin təbliğatı istiqamətindəki məqsədyönlü fəaliyyəti tərifəlayiqdir.

Onun çoxsaylı bədii və filoloji əsərləri, görkəmli sələflərinə həsr olunmuş sənədli və bədii filmləri, bir tərəfdən Azərbaycan mədəniyyətinin dərin qatlarını açmağa xidmət edir, digər tərəfdən isə Anar özü daxil olmaqla, istedadlı yazıçı və şairləri təmsil edən  ədəbi nəslin hansı ənənələr əsasında tərbiyə alıb yetişdiyini göstərir.

Ümidvaram ki, məşhur yazıçı Anarın "Seçilmiş əsərlər" toplusundakı hekayələr və povestlər dost Azərbaycan xalqını daha yaxından tanımağa və anlamağa yardımçı olacaq.

Yanoş SENTMARTONİ
Macarıstan Yazıçılar İttifaqının sədri

 





06.11.2015    çap et  çap et