Dünən Azərbaycan Dillər Universitetində (ADU) “9 Noyabr Bayraq Günü”nə həsr olunan dəyirmi masa keçirilib.
Universitetdən verilən məlumata görə, dəyirmi masada ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin nümayəndələri və universitetin tələbələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin canlı ifa olunması ilə açıldıqdan sonra müstəqillik uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən prorektor Ələddin Əliyev tədbirin yüksək səviyyədə hazırlandığını söyləyib. O, Dövlət bayrağı haqqında danışarkən bayrağın dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından bəhs edib. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan prorektor tələbələrə sözü gedən atributları daim uca tutmağı tövsiyə edib.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan və bugünkü müasir Azərbaycan Respublikasına miras qalan üçrəngli bayraq barədə ümumi məlumat verib. Onun rəngləri və üzərində əks olunan ay, ulduzun rəmzi mənalarını izah edib. Çətin bir tarixi şəraitdə müstəqillik əldə edən dövlətin bayrağının bu gün dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanmasının qürurverici olduğunu deyən professor M. Teymurlu üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda ucalacağına əminliyini ifadə edib.
Daha sonra ADU tələbələri tərəfindən hazırlanan, o cümlədən, bayrağımızın tarixini ozündə əks etdirən videoçarxlar təqdim olunub, şeir söylənilib. Görüş müzakirələrlə yekunlaşıb.
Vəfa MƏMMƏDLİ
çap et