525.Az

“Azərbaycan multikulturalizminə səyahət” - inandırmaq və həyat tərzi ilə əsaslandırmaq - Fotolar


 

Multikulturalizm həyat tərzimizdir

“Azərbaycan multikulturalizminə səyahət” - <b style="color:red">inandırmaq və həyat tərzi ilə əsaslandırmaq - Fotolar</b>

Bəzən həqiqəti və həyat tərzini sadəcə deməklə iş bitmir, qarşındakını səmimiliyinə inandırmaq üçün hərdən bunları əyani nümayiş etdirmək lazım gəlir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranıb fəaliyyət göstərdiyi qısa müddət ərzində həyata keçirdiyi çoxsaylı işlərdən biri də “Azərbaycan multikulturalizminə səyahət” layihəsidir. Bu layihə vasitəsilə beynəlxalq ictimaiyyət bir daha “Azərbaycan multikulturalizmi” fenomeni ilə çoxəsrlik mənəvi dəyərimizlə əyani tanışlıq imkanı qazanır. Bu layihə çərçivəsində ölkəmizdə olan müxtəlif xalqların, müxtəlif dini konfessiyaların nümayəndələri, dini və etnik icmalar bir daha şahidi olurlar ki, multikulturalizm həm Azərbaycan xalqının uzun əsrlərə söykənən həyat tərzidir, həm də dövlət siyasətinin prioritet istiqamətidir.

lll

“Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində bu dəfə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay Məbədinin yəhudi icmasının çoxsaylı nümayəndə heyəti 30 oktyabr-4 noyabr tarixlərində Azərbaycanda səfərdə oldu. Nümayəndə heyəti keçirdiyi çoxsaylı görüşlərdə Azərbaycan multikulturalizminin təntənələrinə, müxtəlif xalqları və dinləri birləşdirmə gücünə bir daha şahid oldu.

Bakıda yerləşən Dağ Yəhudiləri Sinaqoqunda Sinay Məbədinin nümayəndə heyətinin bağışladığı Tövratın təqdimat mərasimi xüsusilə yaddaqalan idi. Adıçəkilən sinaqoq yəqin ki, hələ indiyədək belə coşqulu bir mərasimə ev sahibliyi etməmişdi. İsrailin ilk xalq mahnısı olaraq bilinən “Hava nagila”nın ağır templə başlayıb getdikcə sürətlənən ritmik sədaları altında Tövrat böyük bayram əhval-ruhiyyəsi ilə sinaqoqa gətiriləndə dinindən, milliyyətindən, yaşından, statusundan asılı olmayaraq hamı birgə oxuyurdu. Bu səmimi çal-çağırı, bayram törənini seyr elədikcə düşünürdüm: “Dünyanın əksər ölkələrində hətta eyni dinin məzhəblərinin sözü bir-birinin boğazından keçmədiyi halda, Azərbaycanda tam fərqli iki dinin nümayəndələri bir yerdə İsrail xalq mahnısını oxuyaraq biri digərinin dini kitabının təqdimatını kutlayır. Bu - Azərbaycan multikulturalizminin fərqliliyə sevgi və sayğı ilə ərsəyə gələn daha bir unudulmaz, möhtəşəm tablosu idi. Bakının güclü küləyi isə sinaqoqda şövqlə birgə oxunan “Hava nagila”nın təkcə melodiyasını deyil, sözlərini də çox-çox uzaqlara aparırdı: 

Gəlin şadyanalıq edək,
Gəlin, şənlənək!
Könlümüz açılsın və xoşbəxt olaq!
Gəlin, oxuyaq, qardaşlar!
Gəlin, oxuyaq və xoşbəxt olaq!

Elə bu cür yüksək əhval-ruhiyyə ilə Quba rayonuna, Qırmızı Qəsəbəyə -orada yaşayan həmyerlilərinə-dağ yəhudilərinə baş çəkməyə yollanan nümayəndə heyəti Azərbaycan multikulturalizmi ilə bağlı heyrətinin növbəti mərhələsini yaşadı.

Burada onlar da öz növbəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi yad etdilər, ehtiramlarını abidəsi önünə qoyduqları güllərlə bildirdilər.

Sonra Sinay Məbədinin təmsilçiləri Qırmızı Qəsəbədəki Yəhudi Mədəniyyət Mərkəzinə baş çəkdilər, burada Tövratı öyrənən yəhudi gənclərlə söhbətlər apardılar, onların həyat tərzi ilə maraqlandılar, bundan başqa qəsəbə ərazisindəki iki sinaqoqda oldular. Burada yenə əvvəlki şövq və həvəslə sülh, əmin-amanlıq, qardaşlıq və dostluq naminə dua etdilər. Orada yəhudilərin “Amen” nidasına bir çox xalqların da səsi qoşuldu.

Qubada birgə nahar zamanı İsrail xalq mahnılarına oynayan azərbaycanlıların, xalq rəqslərimizi ifa etməyə çalışan yəhudilərin birgə şənlənməsi də Azərbaycan multikulturalizminin həqiqətə əsaslanan natürmortu idi. Bir-birinə qoşulub Azərbaycan və İsrail mahnılarının, eləcə də başqa xalqların rəqslərinin sədaları altında yallı gedən, ürəkdən deyib-gülüb əylənən, bir-birinə qaynayıb qarışaraq kimin hansı millətdən, hansı dindən olmasının heç bir önəminin qalmadığı o dəqiqələrdə maraqlı bir el ibarəsi yadıma düşdü: Ara qarışıb məzhəb itib. Əlbəttə, bu məsəl sözün yaxşı mənasında bu mənzərəyə uyğun idi. Burada ara qarışmamışdı, amma dostluq, qardaşlıq və sevgi atmosferinin hakim olduğu bu şənlik zamanı din, məzhəb fərqi tamamilə aradan qalxmışdı. Burada xalqların və dinlərin sərhədləri şəffaflaşmışdı, heç kimə fərq qoyulmurdu. Burda yalnız insan və insanca münasibət vardı. Azərbaycan multikulturalizminin mahiyyəti də budur: hansı dinə, hansı xalqa mənsub olmasından asılı olmayaraq həmişə mərkəzə İnsanı qoymaq!

Səfər müddətində Azərbaycan multikulturalizminin mahiyyətinə varmaq, müxtəlif aspektlərini anlamaq üçün qonaqlara hər cür şərait yaradıldı. Sinay Məbədinin nümayəndə heyəti dillərə əzbər Azərbaycan qonaqpərvərliyini Bakıda da, Qubada da gördü. Dini tolerantlığımıza bir daha tanıq oldu: Sinaqoqlarla yanaşı,Təzə Pir Məscidində, Qafqaz Müsəlmanları İdarəsində şəxsən Şeyxülislam Allahşükür Paşazadənin qonağı oldular. Qonaqlar siyasi tolerantlıq ənənələri barəsində Xarici İşlər Nazirliyində müzakirələr keçirdilər.

Multikultural dəyərlərimizlə əyani tanışlıqlardan sonra həyat tərzimizi ifadə edən bu həqiqətin həm də sözlə ən təsirli və ən yaxşı nümunəsini isə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik, yazıçı Kamal Abdullayev dilə gətirdi. “Azərbaycan multikulturalizminə xoş gəldiniz” nidası ilə qonaqlara ehtiramını ifadə edən Dövlət müşavirinin şəxsən şahidi olduğu hekayət qonaqların sürəkli alqışları ilə birgə yenidən neçə-neçə insanın yaddaşında yer aldı: “ Yeni təyin olunanda işimlə əlaqədar bölgələrdə- məscidlərdə, kilsələrdə, sinaqoqlarda oldum. Demək olar ki, bütün dini icmaların rəhbər nümayəndələri ilə görüşdüm. Sinaqoqların birində bir ravvinlə rastlaşdım. Onun mənə danışdığı çox maraqlı əhvalatı üç hissəyə bölüb sizə deyəcəyəm. Birinci hissə bundan ibarətdir: Normal həyatı, ailəsi olan bir ravvin Avropada sinaqoqların birində çalışırmış. Bir gün rəhbərlik ona xəbər verir ki, vəzifəsini Azərbaycandakı sinaqoqda davam etdirməlidir. Bu təxminən 7-8 il əvvəl baş verib. Ravvin dəhşətə gəlir və göz yaşları içərisində rəhbərliyə xahiş edərək müsəlman ölkəsi olan Azərbaycanda qətiyyən çalışmaq istəmir. Rəhbərlik onun göz yaşlarına baxmır, etirazını qəbul etmir və o, məcburən Azərbaycana göndərilir. Bununla mənim hekayətimin birinci hissəsi bitir. İkinci hissədə nə baş verdiyini danışmayacağam, siz onu təsəvvür edəcəksiniz. Üçüncü hissə bir cümlədən ibarətdir: həmin ravvin hazırda Azərbaycan vətəndaşı olmaq üçün Azərbaycan hökumətinə ərizə ilə müraciət edib”.

lll

Deyilənlərə, görünənlərə və yazılanlara sözardı: Akademik Kamal Abdullayevin təbirincə desək, qonaqların “Azərbaycan mulikulturalizminə səyahət”lərinin xoş təəssüratını ABŞ-da hələ uzun müddət “yəhudi xalqına xas ləyaqətlə” xatırlayıb təbliğ edəcəklərinə və okeanın bu tayında qazandıqları dostlarını unutmayacaqlarına inanırıq.

Sevinc MÜRVƏTQIZI

 





07.11.2015    çap et  çap et