525.Az

Anna Axmatovanın şeirləri


 

Anna Axmatovanın <b style="color:red">şeirləri</b>

İKİ ŞEİR

1. “İsinib hər iki üzü balışın...”

İsinib hər iki üzü balışın,
Bu da ikinci şam, əriyib sönür.
Qarğa qarıltısı çöldən qarışır,
Otaqda sükuta dolur, gömülür.
Yata bilməmişəm bütün gecəni,
Gec olar yuxuya dalım bu dəmdə...
Necə də bəyazdır ağ pəncərənin
Üstünə zərifcə çəkilən pərdə.
Salam.

2. “Yenə əzəlkidir, baxışın, səsin”

Yenə əzəlkidir, baxışın, səsin,
Yenə əzəlkidir kətan saçların.
Bir il əvvəlkisən, həminsən, həmin.
Keçir gün şüası şüşədən, qalır.
Əhəngli divarda əlvan izləri...
Tər zanbaq qoxusu dolur otağa,
Bir də ki, sadədən sadə sözlərin.

SON GÖRÜŞ NƏĞMƏSİ

Necə də üşütmə tutmuşdu, fəqət,
Çəkib aparırdı ayağım məni,
Özümdə deyildim, çaşqındım əlbət,
Sağ ələ geymişdim sol əlcəyimi.

Çoxaldı gözümdə pilləkən sayı,
Yaxşıca bilsəm də üçcə pillədir.
Qəfil pıçıldadı bir ağcaqayın:
“Payızdır, bir yerdə ölək, taledir.

Aldandım rüzgara, bax, əzib məni,
Ömrüm puça getmiş bu yelbeyinlə”.
Söylədim: “Əzizim, əzizim mənim,
Mən də sənin kimi. Ölləm səninlə”.

Son görüş nəğməsi, bu da ayrılıq.
Gözüm bir qaranlıq evə zillənir.
Yataq otağına laqeyd sarılıq,
Salmışdı şamların titrək dilləri.

“SIXDIM ƏLLƏRİMİ QARA TÜL ALTDA...”

Sıxdım əllərimi qara tül altda...
“Rəngin niyə qaçıb, nə olub sənə?”
- Tünd kədər camını xoş bir saatda,
İçirtdim, içdiyi vurdu beyninə.

Çıxdı, səntirlədi, getdi səmirsiz,
Üzündə-gözündə əzab, həyəcan.
Enib pillələrdən sürahilərsiz,
Yüyürdüm təngnəfəs darvazayacan.
“Dediyim nə varsa, bil, zarafatdı,
Getsən ölərəm mən” - qışqırdım bərkdən.
Qorxunc təbəssümlə bircə söz atdı
Mənə sakit-sakit: “Durma küləkdə”.

“QARSIRDI İŞIĞI, İSTİLƏNİRDİM...”

Qarsırdı işığı, istilənirdim,
Duydum baxışından şüalanıram.
Diksinib fikrimdən tüstülənirdim -
Tək onun vəslində olaram aram.
Əyildi... hə, nəsə indi deyəcək...
Meyittək ağardım, dondu həsrətim.
Ömrümün üstündə məzar daşıtək,
Qoy yatıb uzansın bu məhəbbətim.

Hə, məni sevmirsən? Nolar, baxsana.
Necə də gözəlsən, lənətə gəlmiş.
Tabım yox göylərə qalxım cövlana,
çocuqkən çaldığım qanad əzilmiş.
Gözlərim dumanlı, görmür heç nəyi
Qarışıb hər nə var biri-birinə...
Qırmızı zanbaqdır, yalnızca dəyir,
Gözümə, taxılıb düymə yerinə.

Gəlib yaxınlaşdı nəhayət səssiz,
Sadə ədəb vardı bu əməlində.
Bir az nəvazişlə, bir az həvəssiz
Əyilib önümdə öpdü əlimdən -
Tuşlandı üzümə səmt ikonalar,
Sehirli gözləri müqəddəslərin...

Yuxusuz gecələr, naləli anlar,
Bir də ki, on illik sükut səsləri 
Sığışdı sakitcə bir söz içinə.
Nahaqdan söylədim, bu sözü, heyhat.
Getdin, aralandın, qəlbimə yenə
Doldu o əzəlki boş, aydın həyat.

“ÇOX BAXDIN, ÜZÜLDÜM, BAX ÜZÜLMƏYİM...”

Çox baxdın, üzüldüm, bax üzülməyim,
Mənə öyrədibmiş əzab verməyi.
Fəqət qabırğandan düzəldilməyim,
Qoyarmı heç səni sevmirəm deyim.

Mən sənin şad-xürrəm bacın olmalı,
Belədir vəsiyyət əzəl taledən.
Pozdum vəsiyyəti, sən kam almalı,
Ən şirin, işvəkar, həris köləndən.

Elə ki, ram olub donub qalıram,
Qardan bəyaz sinən üstə leş kimi.
Ağıllı ürəyin necə də bayram,
Eləyir yurdumda şən günəş kimi.

“AYRILA BİLMİRİK, BU BİZLİK DEYİL...”

Ayrıla bilmirik, bu bizlik deyil,
Gəzirik yollarda çiyin-çiyinə.
Artıq toran düşür, günəş əyilir,
Sən öz aləmində, mənsə lal yenə.

Giririk kilsəyə...nigah, xaç suyu,
Rəhmət oxuyurlar bir də ölüyə.
Çıxırıq... qəlbimi cavabsız qoyur,
Bir sual, bizimki alınmır niyə?

Ya da məzarlığa çökmüş qar üstə
Əyləşib dəririk nəfəsimizi.
Əbədi cütlükdə yaşatmaq istər,
Çubuqla cızdığın otaqlar bizi.

Anna AXMATOVA
Tərcümələr Nəriman Qasımoğlunundur

 





09.11.2015    çap et  çap et