525.Az

Rənglərlə “yazılan” mətnlərin sehri... - Fotoreportaj


 

Rənglərlə “yazılan” mətnlərin sehri... - <b style="color:red">Fotoreportaj</b>

Gərgin iş gününün yorğunluğundan sonra-çiskiniylə sifəti xəfifcə qırmanclayan bir payız axşamında ruhi dinclik tapmaq arzusuyla özümü Müasir İncəsənət Muzeyində gördüm.

Təsadüfi səfər deyildi:

“Azərbaycanın tanınmış rəssamı, Rusiya İmperator Akademiyasının Fəxri Akademiki, təsviri sənət üzrə fəlsəfə elmləri doktoru, Rəssamlıq Akademiyasının dosenti Rəşad Mehdiyevin fərdi sərgisi açılıb”-elanı böyük zövq və mənəvi rahatlıq vəd edirdi. Gəlişimdən bir gün əvvəl, qələbəlik şəraitində təntənəli açılışı baş tutmuş sərgini indi sakit, rahat, məşhur rəssamın şəxsən özü ilə-incə yumoru, maraqlı şərhləri və dəyərli yozumları ilə izləyib dadını çıxarmağın avantajı da üstəlik!

Məşhur dünya brendi “Hennesy”nin 250 illik yubileyi münasibətilə təşkil edilən sərgidə əsasən bu il ərsəyə gəlmiş təxminən 35-dək əl işi -müxtəlif mövzuda rəsmlər, instalyasiyalar nümayiş etdirilir. Rəsmləri seyr edə-edə rəssamla söhbətim zamanı maraqlı və yaddaqalan məqamlardan ən önəmlisi Rəşad Mehdiyevin öz əsərlərini “mətn” adlandırması oldu. Bu, həm də  təsirli idi: doğrusu, ilk dəfə idi bir rəssamın öz əl işini sözə, mətnə bənzətdiyini eşidirdim. Rəssamın bu baxış bucağı məni də bu sərgiyə başqa rakursdan yanaşmağa sövq elədi. Onun məntiqini izləsək, burada hər rəsm, hər instalyasiya bir mətndirsə, deməli, sərgidə olduğumuz müddət ərzində biz bütövlükdə Rəşad Mehdiyevin “rəngli ideyalar kitabını” “vərəqləmək”, “mütaliə etmək” cəhdində bulunmuş olduq.

Yəqin ki, sənəti sevən, anlayan hər kəs yaxşı rəsm, heykəl, roman, film, tamaşa, romans və çoxlu sayda adlarla təqdim edilən bütün incəsənət və ədəbiyyat nümunələrində hər hansı bir mətni oxumağa cəhd edir. 

Az müddətə də olsa, real dünyadan qopub gerçəkçi olduğu qədər də məhdud çevrəyə sığışdırılan, amma hansısa sərhədsiz, irreal başqa bir dünyanın genişliyində “dolaşarkən” gündəlik bomboz həyatın sıxıcı tonlarından sonra parlaq, əsrarəngiz  rənglərin  düşüncələrimi də necə rənglədiyini daxili bir heyrətlə hiss eləyirdim.

Rəşad Mehdiyev özü haqqında həddindən artıq təvazökarlıqla və xəsisliklə danışır. Xarici görkəmi də şüurumuza həkk olunan-saçları uzun, başında əndrəbadi beret, əlində palitra, sifətində laübali ifadə ilə gözlərini harasa uzaq üfüqlərə zilləmiş rəssam stereotipinə uyğun gəlmir.  Qarşımızda əsl istedadlı adamlara xas sadəliklə ilk baxışdan çox adi adam dayanıb. Bu adilik pərdəsi altında rənglərlə süslənmiş mətnləri ərsəyə gətirən parlaq istedad və böyük sənətkarlıq qabiliyyəti ustalıqla gizlədilib. Bütün gizlinlərin açarı isə rəsm-mətnlərdədir...

Sərgidə “rastlaşdığım” iki “Məcnun” fərqli aspektdən təqdim edilib. Rəsmlərdən birində Məcnun hamıya arxa çevirib, yeganə qibləgahı Leylinin məzarına üz qoyub. Üzünün ifadəsini görməsək də aydındır ki, əvvəlcə Leylidən başqa kimsəni görməyən gözləri indi də sadəcə qəbrin ətrafından qalxan və bozluğun fonunda daha da al-əlvan görünən güllərə dikilib. Bu üzçevirmə sanki qaragüruh kütlənin dəyər adlandırdığı dəyərsizliklərə qarşı öz sevgisini dəyər kimi nümayiş etdirən insanın protestidir. İkinci “Məcnun”unun üzübəri olsa da vəziyyəti o birisindən çox da fərqli deyil, o, gözlərini yumub. İçi-dışı -cünunluq səbəbi Leylidən ibarətdi sanki. Maraqlı burasıdır ki, o sərgidə Həvvadan üzübəri çoxlu qadınlar vardı, amma Leyli yox idi... Rəssamın özünün də söhbət zamanı vurğuladığı kimi eşqin vəcd halı ilə orqanizmi psixosomatik dəyişikliklərə uğramış Məcnun üçün dünya Leylidən ibarətdir, Leyli isə yoxdur... Absurddur, deyilmi? Fiziki olaraq Məcnun arıqlıqdan xəfifləyib, əriyib az qala yoxa çıxacaq, yalnız saç topasındakı canlı rənglərdən diri olduğu nəzərə çarpır. Rəsmdə sanki yalnız başı görürük. Bəlkə də bununla nəzərdə tutulur ki, Məcnunun eşqi çoxdan vücud sevgisi olmaqdan çıxıb, eşqi başına vurmayıb, eşq başa qalxıb artıq... Bədənin yaddaşı zəifdir, bəlkə də təmasları, toxunuşları unuda bilər, eşq başa qalxıbsa əgər, ağılla yola getməyə başlayıbsa, bu ağıllı eşqi başdan çıxarmaq çətin olsun gərək...

Sərgilənən əsərlər arasında qadınların hərtərəfli təsviri üstünlük təşkil edir. Rəssam zarafatyana  bu tendensiyanı özünün əks cinsdən olması ilə əlaqələndirir. Amma rəsmlərdə maraqlı bir nüans gözümdən qaçmadı: Rəşad Mehdiyevin çəkdiyi qadınlar sanki bütünlüklə qadın deyillər, çəkdiyi kişilər də həmçinin. Qeyri-müəyyən cins kimi nəzərə çarpan, fizioloji baxımdan nə tamamilə qadına, nə də tamamilə kişiyə bənzəməyən insanların təsvir olunması mənə rəssamın cins diskriminasiyası aparmadan, qadın-kişi ayırımı eləmədən vahid bir tamı-İnsanı təqdim etmək istəyinin təzahürü kimi göründü.

“Xalçanın uçuşu” rəsminin yaratdığı təəssüratdan yaddaşım heç ayrılmaq istəmir. Rənglərin parlaqlığı, təbiiliyi göz oxşayır, xalçanın naxışları, ilmələri bircə -bircə göz yaddaşına həkk olur, bu da öz yerində. Ancaq məni burada maraqlandıran əsas məqam -uçan qadının, daha doğrusu uçmaq istəyən qadının çəkilməz əzablarının, dözülməz iztirablarının heyrətamiz dərəcədə dəqiq və gözəl ifadəsidir. Azadlıq istəyi üzündə ifadə olunan qadının bu mimikalarına verdiyim məna bəlkə bir qədər femininruhluluqdan qaynaqlana bilər, amma həqiqət bu ki, tabloda uçmaq istəyən qadına saçlarından yapışan kişilər, yaxud da onların kölgəsi hər vəchlə mane olur. Bunu mənə həmin qadının saçlarının ucundan asılan kişi fiqurcuqları “pıçıldadı...” Qadının damarları gərilmiş boynu, açıla qalan ağzından çıxıb yuvarlaq bir enerjiyə dönən ahı, əzabı adamı yenə və yenə tabloya qayıtmağa sövq edir...

Rəşad Mehdiyevin “qadınları” siluet və fizioqnomik baxımdan bir-birinə bənzəyir, amma onların yaşantıları və bu yaşantıların tam fərqli ifadəsi var. Qadınlar zahirən bir-birinə bənzəyə bilərlər, ancaq xaraktercə tamam fərqlidirlər. Biri mal-dövlət hərisidir, qulağından az qala bir neçə kiloluq sırğa asılıb, heç özü də fərqində deyil ki, bu maddi ehtirası ilə kənardan necə də eybəcər görünür. Bu qadınların sırasında üzü günəşlə işıqlanan da var, baxımsızlıqdan kobudlaşıb kişiyə bənzəyən də, milli arxalıqda keçmişi xatırladan da, üzünü gizlədib şəxsiyyəti ikiləşən də, əlindəki əzəli “günah alması” ilə maraqlı bir duruşla yerəmi, göyəmi yönəldiyi bilinməyən də, içindəki qarışıq duyğuların ritmi ilə rəqs eləyən də...

Rəşad Mehdiyevin “ insanlarının” əlləri, barmaqları danışır. Daxili təbəddülatların, yaşantıların ifadəsi əllərin, barmaqların hərəkətlərində, hətta dırnaqların uzunluğunda maraqlı bir şəkildə “dil açır”. İnstalyasiyalarda da “hakimiyyət” əllərdə, hökm barmaqlardadır.

Sərgidə behiştdən qovulandan üzübəri zamanın “bağışladığı” suçlarla günah alması getdikcə böyüyüb belini əyən, amma buna baxmayaraq nəfsinə uyub itirdiyi cənnətinə uçmağa çalışan Adəmlə də rastlaşdım.

Sərgidə olduğumu zaman ərzində çalarını seçdiyim və seçə bilmədiyim neçə-neçə uyumlu rəngin qarışımından, həm də riyazi dəqiqliklə işlənmiş ölçü və proporsiyaların vəhdətindən yaradılan “Dörd fəsil”də də yaşamağa macal tapdım. Əsrarəngiz rənglərin müşayiəti ilə mövsümdən mövsümə keçid etdikcə bu qəribə zaman və məkan anlayışının adamın əhval-ruhiyyəsini burdan ora, ordan bura qovmasından yaranan silkələnmədən ruhi müvazinəti itirmə hissi yaranır, rəsmlərdəki rənglərin arasında daha çox nəzərə- çarpan isti, enerjili, günəş sarısının “içilməsindən” mənəvi sərxoşluq yaşanır. Yəqin əsl sənətin meyarı da budur: bayırda hansı fəslin, hansı havanın olması əhəmiyyətli deyil, önəmli olan “oxunan” mətnin hansı səviyyədə “hava”landırmasıdır, iç dünyasında dəyişdirdiyi fəsildir...

...Gecə düşmüşdü, payız yağışı, küləyi, soyuğu ilə “cəzalandırmağa” israrlıydı deyəsən...Havanın fərqinə varmırdım, içimdə fəsillərin, duyğuların, rənglərin, mətnlərin qovuşmasından yaranan xüsusi bir mövsümün sehrinin diqtəsi ilə sövq-təbii hiss eləyirdim ki, həyat təkcə soyuq payızdan ibarət deyil...

 





09.11.2015    çap et  çap et