525.Az

"Ədəbiyyatın dostları"nın ilk görüşü


 

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ GƏNCLƏRİN İŞTİRAKI İLƏ YENİ YARADICILIQ KLUBU FƏALİYYƏTƏ BAŞLADI

"Ədəbiyyatın dostları"nın ilk görüşü<b style="color:red"></b>

Həftənin şənbə günü, adətən, Azərbaycan Yazıçılar Birliyində tədbirlər keçirilmir.
 

Ötən həftə isə Xalq yazıçısı Anar və Xalq şairi Fikrət Qocanı AYB-nin Natəvan klubunda gördük. Onların həftənin istirahət günü AYB-yə gəlişi "Ədəbiyyatın dostları" klubunun ilk görüşü ilə bağlı idi. Bu görüş Fikrət Qocayla keçirilirdi. Xalq şairinin bu yaxınlarda qeyd olunmuş 80 illik yubileyi klubun diqqətindən yayınmayıb və Fikrət Qocanın yaradıcılığı üzərində əhatəli, dolu, rəngarəng proqram hazırlanıb.

Birliyin katibi Rəşad Məcidin zala kitablarla gəlişi diqqətimi çəkdi. O kitablar tədbir boyu iştirakçılara, klub üzvlərinə paylandı. Məlum oldu ki, həmin kitablar "Seçilmiş əsərlər" seriyasından Fikrət Qocanın son dönəm dərc olunmuş şeirlər toplusunun nüsxələridir. Bu şeirlərdən həvəslə söyləyən gənclər gördük masanın arxasında. Onlar Pedaqoji Universitetin tələbələri idi.

Tədbiri Birliyin katibi Rəşad Məcid açdı və klubun yaradılması, fəaliyyəti haqda məlumat verdi: "Bu gün yeni, xoş bir ideyayla yığışmışıq. Bizi son vaxtlar narahat edən məsələlərdən biri budur ki, kitab oxuyanların sayı azalıb, gənclərin mütaliə vərdişi xüsusilə zəifdir. Bununla bağlı müxtəlif təşkilatlar, özəl və rəsmi qurumlar çalışırlar ki, hər hansı formada kitabın təbliği ilə məşğul olsunlar. Son illərdə Yazıçılar Birliyində də bu istiqamətdə işlər görülür. Yazıçılar Birliyinin İdarə Heyətinin və Gənclər Şurasının üzvü, Tərcümə Seksiyasının rəhbəri, yazıçı, dramaturq, publisist Pərvin xanım bir neçə dəfə burada gənclərin, tələbələrin mütaliə səviyyələrini nümayiş etdirib. "Göz muncuğu" əsərinin müzakirəsi, Milli Kitabxanada keçirilən görüş, ümumiyyətlə, Anarın yaradıcılığı ilə bağlı Pərvinin son vaxtlar reallaşdırdığı ədəbi məşğələlər onun gənclərin mütaliəsinin artmasında son dərəcə maraqlı olduğunu göstərir. Bütün bunlar bizdə belə bir ideya yaratdı ki, yeni bir klub yaradaq. "Ədəbiyyatın dostları" adlı bu klubun yaranmasını və fəaliyyətini AYB-nin rəhbərliyi də dəstəklədi. Hər halda, bu klubun rəsmiləşdirilməsi də əhəmiyyətli olacaq. Rəhbərlik isə Pərvinə həvalə olunur. Bu gün ilk görüşü Xalq şairi Fikrət Qocayla keçiririk. Şairin bu yaxınlarda 80 yaşı tamam oldu. Bu, həm Bakıda, həm də Moskvada geniş şəkildə qeyd edildi. Fikrət Qocanı hamımızın adından bir daha təbrik edirəm".

Söz Pərvinə verildi və o, klubun məqsədindən, tələbələrin, gənclərin ədəbiyyata marağından danışdı: "Bu gün səhər Rəşad Məcidlə Anar haqqında söhbətimizi xatırladım. Anar 2011-ci ildə "Türk dünyasında İlin ədəbiyyat Adamı" ödülünü alanda Türkiyənin "Qardaş qələmlər" dərgisi "525-ci qəzet"dən Anar haqqında bir müsahibə istəmişdi. Mən də bu müsahibəni Gənclər üzrə katib Rəşad Məciddən götürmüşdüm. Həmin vaxt Rəşad Məcid bir fikir səsləndirdi ki, Anar gənclərlə bağlı istənilən ideyaya, təşəbbüsə həmişə müsbət reaksiya verir, köməyini, qayğısını əsirgəmir. O zamanlar mən o qədər də bu mühitin içərisində deyildim. Ancaq bu il yay aylarında burada Anarla söhbətlərimizdən, "Göz muncuğu" kitabının təqdimatından sonra yazıçımız Pedaqoji Universitetin tələbələrinin səviyyəsinin, mütaliəsinin şahidi oldu. Mən təklif etdim ki, belə bir klub yarada bilərik. Anar müəllim bu klubun, dərnəyin yaradılmasına müsbət reaksiya verdi. Milli Kitabxanadakı tədbirdən sonra bu haqda fikirlərimiz dəqiqləşdi. Nəhayət, bu gün "Ədəbiyyatın dostları" klubunun ilk görüşünü keçiririk... Bu il Xalq şairi Fikrət Qocanın Filarmoniyada 80 illik yubileyi keçiriləndə AYB bizim Filologiya fakültəsinə dəvətnamələr göndərmişdi. Mənim tələbələrim də tədbirdə iştirak etmişdilər. Onların şairin yaradıcılığına xüsusi maraq göstərdiyini müşahidə etdim. Bununla yanaşı Fikrət Qoca Moskvadakı yubiley tədbirindən yeni qayıdıb. Düşündüm ki, bütün bunlar bir yerə toplanmağımıza bir səbəb olar, həmçinin gənclər şairin yaradıcılığı, poeziyası ilə bağlı fikirlərini bölüşərlər. Bunun üçün  ilk görüşümüzü Fikrət Qocayla keçirmək bir klub olaraq hamımız üçün sevindiricidir... Bizim məqsədimiz, niyyətimiz görüşəcəyimiz şairi, yazıçını dərindən oxuyub, öyrənib qarşımıza çıxan suallarla o müəllifin görüşünə gəlməkdir. Məqsədimiz heç də biliyimizi nümayiş etdirmək deyil. Əksinə, o yazarlardan daha nələrsə öyrənməkdir. Bu mənada Fikrət Qoca bir çox cəhətləri ilə biz gənclərə örnək ola biləcək sənətkardır".

Bununla da meydan gənclərə verildi. Onlar şairin poeziyasına, belə demək mümkündürsə, yeni işıq tutdular. Misralardan hazırlanmış suallar, bəlkə də, şair üçün bir poetik nostalji oldu. Bu sualların, demək olar, sayı-hesabı yox idi. Bəllidir ki, qocaman şairlərin, yazıçıların qarşısında ədəbi mülahizələr, yetkin, əsaslı fikirlər söyləmək müəyyən qədər çətindir, hətta daha ciddi ədəbi müstəvidə bir qədər məsuliyyət tələb edir. Bu baxımdan klubun bir ədəbi mühit yaratma cəhdi, məncə, uğurludur. Çünki görüş boyu sağlam mütaliənin şahidi olduq. Bu, dəvət olunmuş şairin yaradıcılığına rəğbət və sayğının ifadəsidir. Həmçinin, klub üzvləri ilə şairin ünsiyyəti müxtəlif keçidlər, mərhələlər şəklində qurulmuşdu və bu şairin poeziyasının təqdimatı təəssüratı kimi yadda qaldı. Mən müasir və azad düşüncəli gənclərin tərəfdarıyam. Növbəti görüşlərdə bu dinamik ədəbi tablonun yeni kreativ təxəyyüllərlə rənglənəcəyini, bu ədəbi axının davamlı olacağını düşünürəm. Görüşdə xüsusi bir detal mənə olduqca maraqlı göründü. Gənclər şairin şeirlərindən müəyyən parçalar söyləyir və misranın ardını şairin tamamlamasını, əgər xatırlamırsa, elə buradaca misranın ardını qoşmasını tələb edirlər. Misal üçün, tələbələrdən biri bu misranı söyləyir: Ayağımın altında kölgənin göz yaşları... 80 yaşlı qocaman şair axtarışdadır, ancaq xatırlaya bilmir və bədahətən yeni, canlı bir misra dilə gəlir: ... Qəlbimin fəryadında göylərin yağışları. Sonra isə orijinalda necədir, ona nəzər yetiririk:

Ayağımın altında kölgənin göz yaşları,
Boynunda-boğazında fələyin qiymətli daşları.

Görüşün sonlarında Anar gənclərin mütaliəsi ilə bağlı öz müşahidəsini paylaşdı, "Ədəbiyyatın dostları" klubunun bu qızğın ədəbi cəhdlərini yazıçı-oxucu panoramında şərh elədi: "Bu ünsiyyət çox böyük əhəmiyyətə malikdir. Ona görə ki, biz bəzən qürrələnib deyə bilərik ki, mən özüm üçün yazıram, həvəsim, ehtiyacım var və sairə. Oxuyan olsun, olmasın, fərqi yoxdur. Ancaq bu düz deyil. Biz, hər halda, yazanda düşünürük ki, ən azı anlayan bir oxucumuz olsun. Ancaq bir yox, çox olanda, əlbəttə, daha məmnun qalırıq. Mən bu gün çox sevinirəm ki, siz gənclər Fikrətin yaradıcılığını belə sevərək, düşünərək, təhlil edərək öyrənmisiniz. Əlbəttə, heç kesə sirr deyil ki, bu, Pərvinin xidmətidir".

Sonda isə Xalq şairi Fikrət Qoca tədbir təşkilatçılarına və "Ədəbiyyatın dostları" klubuna minnətdarlığını bildirdi.

Müşfiq ŞÜKÜRLÜ

 





11.11.2015    çap et  çap et