525.Az

Heyvandarlıqda intensiv üsullar tətbiq ediləcək


 

ƏSAS İSTİQAMƏT ÖLKƏ TƏSƏRRÜFATLARINDAKI MAL-QARANIN CİNS TƏRKİBİNİN YAXŞILAŞDIRILMASIDIR

Heyvandarlıqda intensiv üsullar tətbiq ediləcək<b style="color:red"></b>

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlığın müasir qabaqcıl üsullar üzərində qurulması ölkənin ərzaq təhlükəsizliyinin təminatının başlıca şərtlərindəndir.

Respublikamızda heyvandarlıq  sahəsində aparılan tədqiqatların tarixi 85 ili ötüb. Kənd təsərrüfatı elmimizin mərkəzi sayılan Gəncə bölgəsində  1929-cu ildən fəaliyyət göstərən, hazırda Göygöl rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu (AHETİ) bu sahənin intensivləşdirilməsi üçün dünya təcrübəsində rast gəlinən ən səmərəli üsulların ölkəmizdə tətbiqi istiqamətində fəaliyyətini sürətləndirir.

Nazirlər Kabinetinin “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqda” 17 aprel 2015-ci il tarixli 109 saylı Qərarı ilə AHETİ-də də aparılan islahatlar bu tədqiqat müəssisəsinin imkanlarının genişləndirilməsinə xidmət edir. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin burada yerləşən Respublika Süni Mayalama Mərkəzinin yeni binasının inşası ilə yaxın  gələcəkdə onun gücünün qat-qat artırılması da heyvandarlıq sahəsində tədqiqatlar üçün böyük təkan olacaq.

Bu haqda bizimlə mülahizələrini bölüşən AHETİ-nin direktoru, biologiya elmləri doktoru Famil Nəsibov qeyd edib ki, istər iri, istər də xırda buynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması yolu ilə ət, süd və yun istehsalında məhsuldarlığın artırılmasına nail olunması məsələləri  institutun fəaliyyətinin təməl prinsipidir. 

“Bu sahədə damazlıq və seleksiya işlərinin genişləndirilməsi qarşıda duran başlıca vəzifələrimizdəndir. Son dövrlər ölkəmizin təsərrüfatlarına yüksək məhsuldar ətlik, südlük və ətlik-südlük  iribuynuzlu mal-qara cinslərinə aid yüzlərlə baş heyvan gətirilib. Bu heyvanlar ilə yerli, xüsusən davamlı Qonur-Qafqaz cinsli inəklərin mərəzləşdirilməsi-çarpazlaşdırılması və bu yolla yeni keyfiyyətli cunslərin alınmasını nəzərdə tuturuq. Bu, məhsuldar xarici cinslərlə yerli cinslərin ən səmərəli göstəricilərinin birləşdirilməsi anlamına gəlir”- deyə, F. Nəsibov bildirir.

Müsahibimiz heyvanların balavermə qabiliyyətinin artırılması üçün yuxarıda adı çəkilən  Süni Mayalama Mərkəzinin bazasında  ən mütərəqqi üsulların, o cümlədən, Avropada çox geniş yayılan “Embrion köçürmə” üsulunun da tətbiq ediləcəyini söyləyib. Bu intensiv üsulun mahiyyəti odur ki, bir inəyin  bətnində süni mayalama yolu ilə əmələ gəlmiş embrionu təxminən bir həftədən sonra xüsusi alətlərlə ordan çıxararaq digər inəklərə köçürürlər və bu yolla bir “donor” inəkdən başqa inəklərin bətnində ildə 50-60 bala alırlar; eləcə də  bir buğanın toxumları ilə onlarla baş  inəyi mayalayırlar

“Embrionların köçürülməsi üsulu ilə  heyvanların artırılmasında ən yüksək göstərici Hollandiyaya məxsusdur. Bu ölkədə artıq iribuynuzlu mal-qaranın 60-65 faizi məhz bu intensiv üsul ilə bala verir. Beləliklə, ildə həm baş sayı, həm də məhsuldarlıq yüksəlir”-deyə,  həmsöhbətimiz izah edib.

F. Nəsibov onu da vurğulayıb ki, Respublika Süni Mayalama Mərkəzində hazırda artıq 300 min ədədədək mayalayıcı toxum toplanıb və süni mayalamanın miqyası ildən-ilə genişlənir:

“Respublikanın təsərrüfatlarında bir il ərzində orta hesabla 100 min baş inəyə süni mayalama  tətbiq edilir. Bu yüksək göstərici onu deməyə əsas verir ki, embrion köçürmə üsulunu da geniş yaymaq lazımdır”.

Həmsöhbətimiz İnstitutun perspektiv tədqiqatlarının daha bir istiqaməti kimi xırda buynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məsələsinə də toxunaraq,  Rusiyada  geniş yayılan və bir doğuşda 3-4 bala verən xüsusi cins qoyunların bura gətirilərək, yerli cinslərlə mərəzləşdirilməsi və bu yolla çox bala verən yerli cinslərin əldə edilməsinin nəzərdə tutulduğunu da bildirib.

“Məsələn, çox bala verən tanınmış “Romanovsk” cinsli qoyunları Rusiyadan gətirmək və burda yerli  “Bozaq” cinsli qoyun ilə birləşdirməklə yeni cins  almağı düşünürük. Araşdırmalar göstərir ki, bu yolla alınan qoyunlar bir doğuşda 2-3 bala verə bilər”- deyə, müsahib bildirib.

F. Nəsibov onu da əlavə edib ki, İnstitutda  heyvandarlığın atçılıq və dəvəçilik sahələrində də tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Zakir Muradov
Gəncə-Göygöl

 





14.11.2015    çap et  çap et