525.Az

Əjdər Olla Neftçalada görüş keçirildi - Fotoreportaj


 

Əjdər Olla Neftçalada görüş keçirildi - <b style="color:red">Fotoreportaj</b>

Noyabrın 14-də Neftçala rayonunda Heydər Əliyev Mərkəzində şair, yazıçı, publisist, dramaturq Əjdər Olla rayon sakinlərinin görüşü olub.
 
Görüşdən əvvəl Bakıdan gələn qonaqlar və rayon ictimaiyyəti Heydər Əliyevin xatirəsini yad edib, heykəlinin önünə gül dəstələri qoyublar. 

Görüşü Neftçala rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sayilova açaraq Əjdər Olu və Bakıdan gələn qələm dostlarını salamlayıb, Azərbaycanda ədəbiyyata, sənətə göstərilən qayğıdan söhbət açıb: "Azərbaycanın hər yerində olduğu kimi Neftçalada da ədəbiyyat adamları ilə görüşlər ənənə halını alıb. Azərbaycanın bir çox tanınmış şair və yazıçıları  - Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm vaxtilə Neftçalada, ədəbiyyatşünas İmamverdi Əbilovun evində olublar, rayon sakinləri ilə görüşüblər, tədbirlərdə iştirak ediblər. Bu ənənə bu gün də davam edir. Tanınmış şair, nasir və dramaturq Əjdər Olla keçirilən bugünkü görüş də o ənənənin davamıdır. İnanıram ki, bu görüş maraqlı keçəcək və yaddaqalan olacaq".

G. Sayilova tədbiri aparmaq üçün sözü Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə verib. Rəşad Məcid Neftçala sakinlərini salamlayaraq regionlarda bu cür ədəbiyyat görüşlərinin keçirilməsini xoş bir hadisə hesab etdiyini diqqətə çatdırıb: "Azərbaycanın müxtəlif rayonlarında ədəbiyyatla bağlı bir çox tədbirlər həyata keçirilir, biz orada iştirak edirik. Bu, ədəbiyyat adamlarının rayonlarda tanıdılması və ədəbiyyatımızın təbliği baxımından mühüm rol oynayır".

Rəşad Məcid son illərdə ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamlarını xatırladıb, ədəbiyyatımızın təbliği istiqamətində görülən işlərdən danışıb. Əjdər Olun çoxşaxəli yaradıcılığından bəhs edən Rəşad Məcid maraqlı, rəngarəng bir görüşün olacağına inandığını deyib.

Əjdər Ol görüşün təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib və Neftçala ilə daim əlaqə saxladığını qeyd edib. Əjdər Ol rayonda  yaşayan görkəmli ədəbiyyatşünas İmamverdi Əbilovun ədəbiyyat sahəsindəki xidmətlərindən, söz adamlarının dostluğundan söz açıb. Əjdər Ol öz yaradıcılığından danışaraq  şeirlərini oxuyub.

Tanınmış xanəndə Feyruz Səxavətin, tarzən Əliağa Sədiyev və kamançaçı Xəyyam Məmmədovun ifaları, qiraət ustası Ağalar Bayramovun hərarətli təqdimatında Əjdər Olun şeirləri tədbir  iştirakçılarına xoş ovqat bəxş edib.

Bakıdan gələn qonaqlardan-tanınmış tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İlham Abbasov Əjdər Olun yaradıcılığının məziyyətlərindən danışıb, nəsri, poeziyası və portret oçerkləri barədə söz açıb, vaxtilə Neftçalaya gəlişi ilə bağlı xatirələrini bölüşüb. 

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən "20 Yanvar" Cəmiyyətinin sədri Fərman Hüseynov Əjdər Olun yaradıcılığı haqqında fikirlərini dilə gətirib, şeirlərini oxuyub.

Rayon "Təhsil" Muzeyinin müdiri, Əməkdar müəllim Tədbir Mahmudov çıxışında Əjdər Olla görüşün əhəmiyyətini vurğulayıb, şairin yaradıcılığı ilə bağlı fikirlərini deyib.

Sonda çıxış edən Əjdər Ol maraqlı tədbirə görə rayon rəhbərliyinə və sakinlərə, həmçinin görüşün təşkilində əməyi olan Ələkbər müəllimə, jurnalist Əlövsət Əliyevə təşəkkür edib.

Görüşün sonunda tədbir iştirakçıları Əjdər Olun ssenarisi əsasında ekranlaşdırılmış "Usta Yusifin kamançası" qısametrajlı filminə tamaşa ediblər.

Görüşdən sonra Bakıdan gələn qonaqlar, Əjdər Ol, Rəşad Məcid , Ağalar Bayramov və İlham Abbasov rayonda yaşayan qocaman ədəbiyyatşünas İmamverdi Əbilova baş çəkib, onun kitabxanasıyla tanış olub, ədəbiyyat barədə söhbətlər aparıb, ev sahibinin zəngin xatirələrini dinləyiblər. Daha sonra qonaqlar rayonda yaradılmış "Təhsil" Muzeyini ziyarət ediblər.

S.ABDULLAYEVA

 





17.11.2015    çap et  çap et