525.Az

"Həmin dövlətlər sammitdə eşitdilər ki..."


 

"Həmin dövlətlər sammitdə eşitdilər ki..."<b style="color:red"></b>

"Türkiyənin Antalya şəhərində keçirilən Böyük İyirmiliyin (G20) sammitinə Azərbaycanın dəvət olunması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Sammit dünyanın nüfuzlu və iqtisadi cəhətdən ən yaxşı iqtisadi göstəricilərə malik ölkələrinin hər il bir araya gəldiyi və müzakirələrin aparıldığı bir yerdir".
 

Belə bir açıqlama ilə sammit barədə fikirlərini bölüşən iqtisadçı Nicat Hacızadə çıxış edib. Onun sözlərinə görə, prezident İlham Əliyevin sammitə dəvət olunması təsadüfi deyil: "Ölkəmiz həm Cənubi Qafqazda, həm də regionda, sabitlik və təhlükəsizlik adası imici formalaşdırıb. O cümlədən, dünyada hal-hazırda baş verən iqtisadi enişlər, maliyyə böhranı, enerji məhsullarının risk və psixoloji həddi keçməsinə rəğmən ölkədə həyata keçirilən məntiqə uyğun iqtisadi islahatlar statistik rəqəmlərdə öz əksini tapır. Sammitə qatılan bir sıra dövlətlər Azərbaycanda iqtisadi islahatların mövcud olmadığını, ölkənin qlobal böhrandan ciddi şəkildə zədələndiyini bəyan edirlər. Amma ki, həmin dövlətlər sammitdə Azərbaycan Respublikası Prezidentinin dilindən dinlədilər və eşitdilər ki, ölkəmizdə iqtisadi islahatlar davam etdirilir, əlverişli investisiya mühiti var, işsizliyin aradan qaldırılması ilə yoxsulluq səviyyəsi 5 faiz həddindədir".

N.Hacızadə əlavə edib ki, sammitdə prezidentin investisiya mühitinin əlverişli olmasını vurğulamaqda əsas məqsədi xarici investorların ölkəyə gələcəkləri təqdirdə öz gəlirlərini artıra biləcəyi, alıcılıq qabiliyyətinin yaxşı olacağı idi: "Sevindirici haldır ki, "G20" dərcində  prezident İlham Əliyevin "Ümumi Strategiyanın Formalaşdırılması" başlıqlı məqaləsi də dərc edilib. Qürurverici haldır ki, Azərbaycan prezidentinin məqaləsi dərcinin əsas yazılarından biri kimi buraxılışın ön səhifələrində yerləşdirilib. Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlar ilə yanaşı multikulturalizm kimi digər vacib məsələlər də öz əksini tapıb. Bundan əlavə, Fransada baş verən olaya da münasibət bildirən dövlət başçısı Azərbaycanın bu acıları yaşadığını və ölkədə sabitliyin, təhlükəsizliyin mövcud olduğunu bildirməsi ölkəmizdə sahibkarlığın və turizm mühitinin yaxşı olmasından xəbəbr verir. Ümid edirəm İlham Əliyevin sammitə qatılması Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətlərə müsbət yöndə təsir edəcək".

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Türkiyənin Antalya şəhərində keçirilən "G20" sammiti terrorizmə qarşı mübarizədə vacib qərarlar qəbul etməlidir. Artıq buna məcburdurlar. Onun sözlərinə görə, əgər əvvəllər Avropanın aparıcı dövlətləri və ABŞ terrora hansısa ölkələrin problemi kimi baxırdılarsa, Fransadakı 13 noyabr hadisəsindən sonra bunun ümumbəşəri problem olduğunun artıq fərqinə vardılar: "Terrorizmə qarşı mübarizə bir ölkənin məsələsi deyil. Bu, ümumilikdə bütün dünyanın məsələsidir. Həmçinin terrorizmi doğuran səbəbləri ciddi surətdə araşdırmaq lazımdır. Məsələn, Fransadakı hadisənin səbəbi birbaşa Suriyada gedən müharibədir. Hətta Fransanın özündə belə qeyd edirlər ki, bunun qarşısını almaq çox çətindir. Bu baxımdan terrorizmə qarşı mübarizə ilə bağlı ciddi qərarların qəbul edilməsi gözləniləndir. Bu olmasa terrorizm dalğası daha da güclənməkdə davam edəcək. Vaxtilə Ermənistan Azərbaycana qarşı terror hadisələri törədəndə dünya buna susurdu. Avropa Ermənistanı nə Bakıda partladılan avtobus hadisələrinə, nə də Bakı metrosunda olan partlayışa görə qınamadı. Hətta bu, Avropanın kütləvi informasiya vasitələrində belə özünə yer tutmadı. O baxımdan Avropa artıq bu hadisələrə özünə böyük bir təhdid olan məsələ kimi baxmağa məcburdur".

Politoloq Arzu Nağıyevin sözlərinə görə, Türkiyədəki "G-20" sammiti ərəfəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin Türkiyə geosiyasətində Azərbaycanı Ermənistanla eyni çəkidə göstərməsi qısqanclığın göstəricisidir. Müxtəlif qüvvələr Azərbaycanın sözügedən sammitə müşahidəçi qismində dəvət olunmasına qısqanclıqla yanaşırlar. O hesab edir ki, ümumiyyətlə Türkiyə geosiyasətində Azərbaycanla Ermənistanın bir çəkidə göstərilməsi düzgün deyil: "Unutmaq lazım deyil ki, Türkiyə ilə bizi dil, din, millət bağlılığı ilə yanaşı hərbi, siyasi və iqtisadi cəhətdən strateji tərəfdaşlıq birləşdirir. Ölkələrimiz arasında müxtəlif əlaqələr mövcuddur. Belə olan halda necə ola bilər ki, Ermənistan Azərbaycanla eyni çəkidə göstərilsin? Rəsmi Ankara Ermənistanla sərhədi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinə görə bağlayıb. Ümumiyyətlə, türk, müsəlman dövlətləri olan - Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanında Ermənistanın diplomatik səfirliyi belə yoxdur".

PƏRVANƏ

 





17.11.2015    çap et  çap et