525.Az

Yunus Oğuzun "Şah arvadı və cadugər"i Daşkənddə təqdim olunub


 

Yunus Oğuzun "Şah arvadı və cadugər"i Daşkənddə təqdim olunub<b style="color:red"></b>

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Əlişir Nəvai adına Milli Kitabxanada yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə özbək dilində çapdan çıxan "Şah arvadı və cadugər" romanının təqdimatı keçirilib.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Əsəri Azərbaycan dilindən özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar tərcümə edib.

Əvvəlcə foyedə yazıçının əsərlərindən ibarət sərgiyə baxış olub.  İştirakçılara təqdimatı keçirilən kitab və yazıçının digər əsərləri hədiyyə olunub, Y.Oğuzun yaradıcılığına dair sənədli film nümayiş etdirilib.

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin dosenti Gülbahar Aşurova Y.Oğuzun həyat və yaradıcılığı haqqında məlumat verib. O deyib ki, bu əsər müəllifin "Əmir Teymur" romanından sonra Daşkənddə özbək dilində çap olunan ikinci kitabıdır. Dünyanın 33 ölkəsində yazıçının 43 kitabı çap olunub.

AMM-nin direktoru Samir Abbasov bildirib ki, artıq Özbəkistanda Yunus Oğuzun oxucuları formalaşır və onlar müəllifin yeni kitablarını axtarırlar: "Müəllifin əsərləri artıq Qazaxıstanda və Qırğızıstanda da çap edilib. Yunus Oğuz "Atilla" pyesi, "Nadir şah", "Təhmasib şah", "Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları ilə tanınır".

Usman Kuçkar əsərin tərcüməsi üzərindəki işindən danışıb, Yunus Oğuzla yaradıcı əməkdaşlığın davam edəcəyini bildirib. O, həmçinin Azərbaycan ilə Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən, ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü səviyyəsindən söhbət açıb.

Özbəkistanın Xalq şairi Camal Kamal, alim-tərcüməçi Babaxan Şərif, jurnalist Rüstəm Cabbarov, filologiya elmləri namizədləri İslam Yakubov və Zuxriddin İsomiddinov, şair-tərcüməçi Mirpolad Mirzə və başqaları Yunus Oğuzu təkcə Azərbaycanın deyil, türk dünyasının tanınmış yazıçısı, sanballı tarixi romanlar müəllifi kimi xarakterizə ediblər.

Tədbirdə Y.Oğuz əsər üzərindəki işindən danışıb, romanın nəşrinə görə minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

 





18.11.2015    çap et  çap et