525.Az

Yaponiyada ilk reaktiv sərnişin təyyarəsinin növbəti sınağı keçirilib


 

Yaponiyada ilk reaktiv sərnişin təyyarəsinin növbəti sınağı keçirilib<b style="color:red"></b>

Noyabrın 19-da Yaponiyanın “Mitsubishi Aircraft Corporation” şirkətinin mütəxəssisləri regional reaktiv sərnişin MRJ (Mitsubishi Regional Jet) təyyarəsinin növbəti uçuş sınağını keçiriblər.

Sınaq Yaponiyanın Hönşü adasının mərkəzində yerləşən Naqoya aeroportunda baş tutub. İlk dəfə MRJ təyyarəsi noyabrın 11-də havaya qalxmışdı. “Təhlükəsizlik sertifikatı” adlanan sənədin verilməsi üçün pilotlar 2017-ci ilin ortalarınadək beş MRJ təyyarəsində ən azı 2,5 min saat uçuş həyata keçirməlidirlər.

Yaponiyanın “Mitsubishi Heavy Industries” və “Mitsubishi Aircraft Corporation” şirkətlərinin birlikdə istehsal etdiyi MRJ son əlli ildən artıq müddətdə Yaponiyada istehsal olunan ilk sərnişin hava layneridir. Təyyarə geniş ictimaiyyətə ötən ilin oktyabrında təqdim olunub. Laynerin uçuş məsafəsi 1,8 min kilometrdən 3,7 min kilometrədəkdir.

MRJ təyyarələri bir neçə modifikasiyada hazırlanıb. MRJ 70 adlanan ilk variant 70, MRJ 90 adlanan və uzadılmış göyərtəyə malik ikinci variant isə 92 yerlikdir. Şirkətdən bildirdiklərinə görə, gələcəkdə təyyarənin 100 sərnişin tutumlu variantı da hazırlana bilər.

Bu günədək “Mitsubishi Aircraft Corporation” şirkəti müxtəlif modifikasiyalı 407 təyyarənin sifarişini qəbul edib. Sifarişçilərin ilk laynerləri 2017-ci ildə alacağı gözlənilir.

AzərTAc

 





19.11.2015    çap et  çap et