525.Az

Milli Elmlər Akademiyası Rəyasət Heyətinin geniş iclası olub


 

Milli Elmlər Akademiyası Rəyasət Heyətinin geniş iclası olub<b style="color:red"></b>

Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin geniş iclası keçirilib.

İclasın əvvəlində AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Akademik A.Əlizadə AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərdən söz açıb. Akademik vurğulayıb ki, dövlətimizin başçısı nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan edib, alimlər qarşısında həyata keçirilməsi zəruri olan yeni mühüm vəzifələr müəyyənləşdirib.

Akademik A.Əlizadə Azərbaycan elminin və alimlərimizin əməyinin daim dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyi münasibətilə akademiya əməkdaşlarının orden, medal və fəxri adlarla təltif edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb. Dövlətimizin başçısının digər sərəncamlarına əsasən, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə səkkiz nəfər Prezidentin fərdi təqaüdünə, yeddi nəfər isə Prezidentin fəxri diplomuna layiq görülüb.

Ali dövlət mükafatlarının sahiblərinə təqdim olunduğu iclasda Prezident İlham Əliyevin yubiley tədbirində irəli sürdüyü elmi prioritetlərin icrasını təmin etmək məqsədilə qərar qəbul edilib.

Sonra akademik Ramiz Məmmədovun "Ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks araşdırılması", siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayevin "Qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması və sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması", akademik Dilqəm Tağıyevin "Kimya Sənaye Parkının yaradılması prosesində Azərbaycan alimlərinin yaxından iştirakının təmin edilməsi" və akademik Qərib Məmmədovun "Ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi", akademik Tofiq Hacıyevin "Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi" və digər mövzularda məruzələr dinlənilib.

İclasda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və tariximizin saxtalaşdırılmasının qarşısının alınması istiqamətində tarix elmi sahəsində uğurla həyata keçirilən araşdırmaların davam etdirilməsi, akademik İsa Həbibbəyli dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə müstəqillik dövrü Azərbaycan tarixinin yazılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Müşfiq ŞÜKÜRLÜ

 





19.11.2015    çap et  çap et