525.Az

“İnsanın xoşbəxt, ya bədbəxt olması sonuncu, yaxud birinci yerdə durmasından asılı deyil...”


 

“İnsanın xoşbəxt, ya bədbəxt olması sonuncu, yaxud birinci yerdə durmasından asılı deyil...”<b style="color:red"></b>

Modern.az  saytının müsahibi gənc yazıçı, dramaturq, esseist Pərvindir. Gənc Ədiblər Məktəbinin ilk  məzunlarından olan Pərvin ədəbiyyatda fəallığı, “525-ci qəzet”də apardığı maraqlı layihələri ilə yadda qalıb. Bir çox mükafatlara layiq görülüb.
 
Hazırda Yazıçılar Birliyində idarə heyətinin üzvü, Tərcümə seksiyasının və yeni yaradılmış “Ədəbiyyatın dostları” klubunun rəhbəridir.

Eyni zamanda Pərvin Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının müəllimidir.

Ondan özü haqda, son zamanlarda gördüyü işlər barədə  soruşanda belə cavab verdi.
 

- Bir neçə kitabın müəllifiyəm. “Balerin” kitabım Türkiyədə, “Qar yağacaq” Özbəkistanda çap olunub. Ən son çıxan kitabım isə  “Anar dünyası” adlanır və bu, mənim tənqidçi kimi ilk işimdir. Burada Xalq yazıçısı Anarın nəsri bütöv araşdırılıb. Esseistikasına da qismən müraciət etmişəm. İndi iki kitabımı çapa hazırlayıram. “525-ci qəzet”də “Dahilərin qadınları” adlı layihəm bu yaxınlarda tamamlandı. Bu layihəyə aid olan yazıları “Qadın olmaq” adlanacaq kitab halında çap etdirməyi düşünürəm. Ad şərtidir və kitabın ardı olacaq. Birinci kitabda məşhur əcnəbi xanımlar, onların sevgiləri, tanınmış kişilərin həyatlarında oynadıqları rol, ikincisində Azərbaycan xanımları haqda esselər, üçüncüdə isə Qadınlıq və ümumiyyətlə qadın olmaq   haqqında öz şəxsi mülahizələrim əksini tapacaq.

Bir də yenə “525-ci qəzet”də uzun müddət davam edən “Yüz gözəl sevgi şeiri” adlı esselərim hazırda çapa hazırlanır. Sadəcə bir neçə əlavə esse yazılmalıdır ki, indi onların üzərində işləyirəm. Bu esselər Türkiyədə də çevrilib kitab halında yayımlanacaq. 

Bir müddət nəsr yazmağa fasilə vermişdim. Ona görə son günlərdə məhz  prozaya xüsusi vaxt ayırmaq fikrinə gəlmişəm. Beynimdəki hekayə, povest süjetlərini yazıya almaq düşünürəm. Bir hekayəmi bu günlərdə tamamladım, inşallah “Ulduz”  jurnalında işıq üzü görəcək. 

- Son zamanlar dramaturji fəaliyyətinizdə də aktivlik hiss olunmaqdadır. Bildiyimə görə yaxınlarda yeni bir pyesiniz səhnələşdiriləcək...

- Rejissor, Xalq artisti Ramiz Həsənoğlu YUĞ Teatrında “Sonuncu” adlı  pyesimə quruluş verdi. Tamaşa mədəni və ədəbi cameədə çox böyük maraqla qarşılandı. Ondan əvvəl isə Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün “Dəcəl keçi” və “Qoğalın sərgüzəştləri” pyeslərim tamaşaya qoyulub. Yeni il ərəfəsində isə yenə də uşaqlar üçün “Mauqli” pyesimə quruluş veriləcək. GTT-in Bədii Şurası artıq tamaşanı təsdiqləyib və rejissor Nicat Kazımov məşqlərə başlayıb.

- “Sonuncu” tamaşasına baxanda məndə belə bir sual yarandı: Sonuncu olan hər zaman bədbəxtdir, yoxsa bu sizin yanaşmanızdır?

- Əgər söhbət məhz qəhrəmanım Əlisöhbət Qələndərlidən gedirsə,   düşünürəm ki, o həqiqətən bədbəxt adam idi. Bir aktyor və insan kimi sənətdə, həyatda özünü tapa bilməyən, uduzmuş birisi idi. Pyesdə baş tutan benefis onun həyatında sanki sonuncu şans olur, bir anlıq belə təsəlli tapsın, sevinmək üçün  səbəb tapsın. Amma sualınızdan çıxış edərək deyim ki, insanın xoşbəxt, ya bədbəxt olması onun sonuncu, yaxud, birinci yerdə durmasından, tutduğu mövqedən asılı deyil. İnsanın xoşbəxtliyi, yaxud bədbəxtliyi onun olduğu yerdə özünü necə hiss eləməsindən asılıdı. Yəni birinci yerdə durub bədbəxt olmaq, yaxud sonuncu olub özünü rahat, xoşbəxt hiss etmək mümkündü.

- Qəhrəmanınız sanki ədəbiyyatda uğursuzluq simvolu sayılan Kəbirlinskinin müasir versiyasıdır. Çağdaş teatra Kəbirlinskinin varisini gətirmək nə dərəcədə zəruri idi?

- YUĞ Teatrında tamaşadan  sonrakı müzakirə zamanı da bu məsələlər danışıldı,  çözüldü. Bu məsələ əlbəttə ki, yenə aktualdı. Yəqin ki,  bu gün də sənət mühitinə daha diqqətlə nəzər salsaq,  teatrlarda bu cür aktyorların varlığını görə bilərik. Hansı ki, teatrın baş rejissoru, direktoru onların özlərini lazımsız hiss etməmələrindən ötəri kiçik, epizodik də olsa rollar verir, beş-üç nəfər yığışıb yubileylərini keçirir və s. Uğursuz sənətkar obrazı sənətin öz yaşı qədər qədimdir. Çexovdan üzübəri bir çox müəlliflər bu mövzuya müraciət ediblər. Anarın “Dantenin yubileyi”ndə Kəbirlinski, Yusif Səmədoğlunun “Bayatı Şiraz” hekayəsində də kontrabas ifaçısı Səbzəli obrazı bu cür adamlara misaldır. Bu mənada bizim məqsədimiz səhnəyə yeni mövzu gətirmək deyildi. Sadəcə bu köhnə  mövzunu öz baxış bucağımızdan təqdim etmək idi...

- Dediniz ki, məqsədimiz yeni mövzu gətirmək deyil. Ümumiyyətlə, ədəbiyyat üçün  yeni sayıla biləcək mövzu var?

- Yeni texnologiyalar özləri ilə yeni mövzular da gətirir. Məsələn, ötən əsrdə telefon avtomatları yarandı və bu bir çox Azərbaycan, rus yazarlarına yeni mövzular verdi. Bu gün də düşünürəm ki, sosial şəbəkələr, inkişaf edən texnologiyalar yazıçılara fərqli mövzular verir. Elə mənim özümün də internet yazışma əsasında qurulan münasibətlər haqda bir pyes yazmaq  fikrim var. İnkişafla bağlı olaraq yeni elementlər gəlir sənətə. Amma mövzu hər zaman köhnədir. Sevgi həmin sevgidir. 1300 yaşı olan “Dədə Qorqud”da sevgi necə idisə indi də o cürdür. Sadəcə bir az fərqli təqdim olunur. Forma dəyişir, yenilənir, mahiyyət həmənkidir, dəyişmir.

- Ağırlıq məfhumunun ədəbiyyatda müxtəlif təsvirləri olub. Gənc bir yazar kimi Anarın əsərlərinə ön söz, Fikrət Qoca, Yusif Səmədoğlu  və başqa  sanballı yazıçı, şairlər haqqında məqalələr, esselər yazan zaman yaşadığınız ağırlığı necə təsvir edərdiniz?

- Özünüz də qələm adamısız, bilirsiniz ki, yazı insanın içində gedən təbii bir prosesdən yaranır. Bir mövzu barəsində düşünəndə artıq içdə hansısa fikirlər yaranır, tumurcuqlanır, sözə, cümləyə çevrilir.Yol getdiyində, tamam fərqli işlərlə məşğul olduğunda belə mövzu səni düşündürür, narahat edir. Yəni deməyim budur ki, bəlkə bu yazılar da təbii olaraq, əsərlər haqda fikirlərimi ifadə etmək istəyimdən yarandığı üçün o qədər də böyük yük hiss etməmişəm. Çox böyük məsuliyyət hissi olub sadəcə. Anar müəllimin “Göz muncuğu” əsərini ilk oxuyanlardan idim. Oxuyandan sonra əsər, ordakı ideya, mövzu özümdən asılı olmadan düşündürürdü məni. Artıq heç fərqində olmadan təhlillər gedirdi beynimdə. Bu fikirlərimin bəzilərini Anar müəllimə dedim və yazı yazacağımı söylədim. Bir daha vurğulayıram ki, “Göz muncuğu”na yazılacaq ön sözün  böyük bir məsuliyyət olduğunu dərk edirdim. Anar müəllimin başqa kitablarına da ön söz yazmışam. Amma “Göz muncuğu” haqda yazmaq daha  məsuliyyətli idi, çünki bunu yazıçının  yaxın ətrafından, bir neçə adamdan savayı kimsə oxumamışdı. Oxucuya “Azərbaycan” dərgisində ilk dəfə təqdim ediləcəkdi. Və ilk yozumun səhv olması oxucunu çaşdıra bilərdi. Amma digər tərəfdən də, əgər müəllif özü ön sözü, yozumumu bəyənməsəydi sadəcə məqalə kimi  qalacaqdı və bəlkə kitabın çapından sonra mətbuatda işıq üzü görəcəkdi. Amma nə yaxşı ki, Anar müəllim yazını bəyəndi və kitab mənim ön sözümlə çap olundu. Bu bir tənqidçi kimi mənim üçün çox önəmli, əlamətdar məqamdı.

- Əsər haqda qısaca nə deyə bilərsiz? Oxucuların reaksiyası gözlənilən idimi?

- Əlbəttə, “Göz muncuğu” əsəri son illərdə kitaba, mütaliəyə münasibət haqda fikilərin tam da doğru olmadığını göstərən bir əsər oldu. Yaxşı əsər həm sadə oxucu tərəfindən, həm də tənqidçilər tərəfindən maraqla qarşılanır, diqqətsiz qalmır. Həm Yazıçılar Birliyində, həm kitabevim.az mağazasında, həm də Milli Kitabxanada keçirilən təqdimatlara yüzlərlə oxucu qatılmışdı və onların da böyük əksəriyyəti  əsərlə tanış olub gəlmişdilər yazıçının görüşünə. Gənclər əsər haqda suallar verir, fikirlərini bildirirdilər. Həmçinin roman haqda onlarla müxtəlif müəlliflərin təhlil yazıları çıxdı, bir neçə sayt, dərgi əsərin müzakirəsini keçirdi. Yəni bütün bunlar bir daha göstərdi ki, yaxşı əsər kölgədə qalmır.

- Kəmiyyət vahidləri var -ölçü vahidi, çəki vahidi və s. Siz “Nüfuz vahidi” deyilən anlayışı qəbul edirsiniz? 

- Ola bilər, əlbəttə...

- Bəs sizcə, Yazıçılar Birliyinin nüfuz vahidi hansı səviyyədədir? Siz onu necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, mədəni qurumların insanlara, cəmiyyətə təsirindən danışanda bunun son illərdə nisbətən azaldığını görə bilərik. Bu da həyatın dinamikliyi ilə, cəmiyyətin, bəzi yazılmamış qanunların dəyişilməsi ilə bağlıdı. Bütün dünyada bu proses gedir. Məsələn, bölgələrə gedəndə orada insanların ədəbiyyata daha saf, kirlənməmiş münasibətini görürük. Bunun da əsas səbəbi internetin, sosial şəbəkələrin, texnikanın bölgələri hələ tam zəbt etməməsidir. Bu gün paytaxtda, meqapolisdə insanların internetə, sosial şəbəkələrə, daha yüngül, daha rahat ünsiyyət, informasiya vasitələrinə aludə olduğu bir dövrdə mədəni qurumların, lap elə Yazıçılar Birliyinin mühitə nə şəkildəsə  təsir edə bilməsi,  nüfuzunu qoruyub saxlaya bilməsi özü böyük işdir.

Mədəni qurumlar, yaradıcı təşkilatlar bütöv bir cəmiyyəti yetişdirə bilməz. Mən özüm Gənc Ədiblər Məktəbinin ilk buraxılışının məzunu olmuşam. Əgər Gənc Ədiblər Məktəbindən bu gün 5-10 gənc yazar ədəbi mühitdə qalıbsa bu artıq AYB-in uğurudur. Siz Gənc Ədiblər Məktəbi 2-in  üzvü oldunuz. Bu yaxınlarda 50 nəfərə diplom verildi. Əgər onlardan beşi bu yolu davam etdirəcəksə, intellektual Azərbaycan gəncliyini öz simasında inkişaf etdirəcəksə bu da Yazıçılar Birliyinin uğuru olacaq. Nəinki Yazıçılar Birliyi ümumilikdə heç bir yaradıcı təşkilat birdən-birə milyonlarla insanı yetişdirə bilməz və bu cür yanaşma səhvdir.

- Ötən gün dünyasını dəyişən xalq şairlərindən birinin televiziya müsahibəsinə qulaq asarkən  bir sözünü eşitdim: deyirdi ki, cəmiyyətdə olan naqisliklərin, mənəvi pozuntuların əsas günahkarlarından biri də bizik. Bu yanaşma ilə razısız?

- Ümumiyyətlə, cəmiyyətdə nəyinsə düzəlməsini yalnız bir tərəfin boynuna atmaq doğru deyil. Mən bir adam tanıyırdım, onun kitabxanada oxumadığı kitab qalmamışdı. Amma sonradan onun elə bir naqis hərəkətini gördüm ki... Deməli tərbiyə təkcə mütaliə ilə, ədəbiyyatla bağlı deyil və təcrübə göstərir  ki, mütaliəli tərbiyəsizlərin sayı az deyil. Psixoloqlar, mütəxəssislər cinayətkarların psixikasını araşdıranda qənaətə gəlirlər ki, törətdiyi əməl onun uşaqlıq travması ilə bağlıdır və o travma hər zaman şüuraltı olaraq onu izləyir. Yəni burada ailənin, mühitin, cəmiyyətin, taleyin, hətta sağlamlığın da rolu var. Sənət, kitab, ədəbiyyat yalnız bir tərəfidir tərbiyənin. 

- Dünyada böyük əsərlər çox yazılıb. Amma inanmıram ki, onların hər hansı biri hansısa cəmiyyəti düzəltmək gücündə olsun...

- Əlbəttə! Bu yaxınlarda “Ədəbiyyatın dostları” klubu Xalq şairi Fikrət Qoca ilə  görüş keçirdi. Gənclərdən biri sual verdi ki, şeir, poeziya dünyanı düzəldə bilərmi? Fikrət müəllim də yerində və çox maraqlı cavab verdi ki, düzəltmək olsaydı elə Füzuli düzəldərdi də. Amma görün Füzulinin öz  dövründə də, ondan sonrakı illərdə də nə qədər faciələr, qanlı müharibələr olub. Cəmiyyətlərdə hər zaman belə ziddiyyətlər olub. Bir tərəfdən sənətkarı yaradan millət, o biri tərəfdən diktatoru yaradıb.

- Bugünkü ədəbi gənclikdə ən çox narazı qaldığınız cəhətlər hansılardı?

- Müasir gənclikdən heç də tam narazı deyiləm. Yəni tamam ümidsiz deyiləm bu məsələlərdə. Bu gün dərs dediyim auditoriyada heç olmasa əlli faizi sistemli mütaliə edən gənc kimi, intellektual oxucu kimi yetişdirə bilirəmsə bunun özü stimul verir mənə. Əminəm ki,  bütöv tarixə nəzər salsaq, təhlillər aparsaq, görərik ki,  ədəbi gəncliklə yaşlı nəsil sənətkarlarının bu qədər qaynayıb-qarışdığı  heç vaxt indiki kimi olmayıb. Yəni gənclərə bu qədər sərbəstlik, meydan, inkişaf üçün şərait verilir bu gün. Təbii ki, özümü ədəbi gənclikdən ayırmıram. Mən də onlardan biriyəm. Amma həm də universitetdə də dərs dediyim üçün bir müşahidəmi, gördüyüm qüsuru deyə bilərəm. Bəzi gənclərdə məsələlərdə səthi yanaşma var. Bir yazarın adını, bir-iki hekayəsini biləndən sonra artıq özlərini onun bilicisi kimi göstərməyə çalışırlar. Bir məsələni tam mənimsəməmiş, onun içinə nüfuz etməmiş  qərar çıxarırlar. Tələskənlik də hiss olunur, az iş görüb böyük nəticələr əldə etmək istəyirlər. Mən elə öz tələbələrimdə də görürəm bunu və hər zaman deyirəm ki, sadəcə olaraq öz işinizlə məşğul olun, qalan məsələlər, uğur, şöhrət, karyera zamanla yoluna düşəcək.

- Amma o şöhrət, uğur da bəzən mane olur yaradıcı prosesə. Sanki arxayınlaşır gənclər, çalışmaq istəmirlər. Sizə mükafatlar, tanınmağınız mane olmur ki?

- Qətiyyən! Kompyuter arxasında oturub yazanda heç bir uğur, mükafat yadımda olmur. Bir də yorulmaq, təslim olmaq xasiyyətimə ziddir.

-  Elə öz simanızda gənc yazıçının mütaliə qrafikini necə cızardınız?

- Kitab oxumadığım gün yoxdur.  Zövq üçün oxuduğum kitablar var. Məsələn, gecə yatmazdan qabaq, yaxud işdən sonra istirahət edərkən həmin kitabları oxuyuram, sadə bir oxucu kimi. Bir də var, işimin tərkib hissəsi olduğu üçün oxuduğum kitablar. Onların mütaliəsinə artıq işim kimi baxıram. Məsələn, bu yay Çexovun demək olar ki, bütün yaradıcılığını - pyeslərini, hekayələrini yenidən, ardıcıl, sistemli, təhlillər apararaq oxudum. Bu işdir mənim üçün. Dərslərimlə əlaqədar mütaliə etdiyim kitablar da öz yerində. Yəni, seminarım  Əbdürəhim bəy Haqverdiyev haqda olacaqsa onun əsərlərini yenidən oxuyuram, təəssüratlarımı təzələyirəm. Bir də var yeni çıxan, dəbə düşən kitablar. Bunları da zəif ya güclü olmasına, zövqümə uyğun gəlib-gəlməməsinə baxmayaraq tələbələrimə görə oxuyuram. Çünki sual verirlər, belə əsərlər haqda fikrimi soruşurlar, ona görə mütləq tanış oluram bunlarla. Hemenqueydə sevdiyim bir fikir var, təxminən belədir ki, idmançı necə məşq edib fiziki formasını saxlayırsa, yazıçı da ürəyini “məşq etdirib” formada saxlamalıdı özünü. Yazıçının məşqi də həm oxumaqdı, həm də  müşahidədi.  

-Yeni sürətli oxu mexanizmləri var ki, bu üsulla kitabları daha tez oxumaq mümkündür. Hətta bəzi kurslarda bir saata bir kitab oxunmasını da qarşıya məqsəd qoyurlar. Bir yazıçı kimi bunu qəbul edirsiz?

- Xeyr!  Bunu qəbul etmirəm. Mən də o üsullar haqqında eşitmişəm. Diaqanal, şaquli, səhifəni tam görmə və.s. kimi metodları var. Amma əsərə peşəkar yanaşanlar üçün bu keçərli deyil. Məsələn, mən Yusif Səmədoğlunun “Qətl günü” romanını ard-arda iki dəfə oxudum. Bir dəfə ümumi şəkildə, ikinci dəfə isə cümlə-cümlə, sözbəsöz oxudum. Ədəbiyyat adamının əsərə münasibəti tamam başqa olmalıdır. Elə adamlar var ki, onlar kəmiyyəti qarşılarına məqsəd qoyublar. Məsələn, deyirlər ki, bu yay ərzində bu qədər kitabı oxuyub bitirəcəyəm və sürətli oxu metodlarından da sırf bu məqsədlə istifadə edirlər. Olsun! Amma tənqidçi, ədəbiyyatşünas  əsəri səhifə-səhifə yox, cümlə-cümlə, bəzən də söz-söz oxumalıdı.

- Rəhbəri olduğunuz  “Ədəbiyyatın dostları” klubunun yaranmasından danışardınız...

- “Ədəbiyyatın dostları” klubunun yaranması mənim müəllimlik fəaliyyətimlə bağlı oldu. Uzun müddətdir ki, Pedaqoji Universitetdə çalışıram. Gənclərin mütaliəyə olan marağını artırmaq, onları ədəbi proseslə daha yaxından tanış etmək üçün müəyyən işlər görürdüm. Dərslərimdə tələbələrimə bədii əsərlər oxudurdum, müzakirələr keçirirdik, polemikalar yaranırdı. Həm Azərbaycan, həm də dünya ədəbiyyatı nümunələrini oxuyurdular. Daha sonralar onları AYB-də keçirilən tədbirlərə, Gənc Tamaşaçılar Teatrının tamaşalarına cəlb edirdim. Ötən il Gənc Tamaşaçılar Teatrında “Bir gecənin nağılı”, “Misyo Jordan və Dərviş Məstəli şah” və digər tamaşalara baxıb, müzakirələr etmişdik. Yəni yaxın günlərdə yaranmış “Ədəbiyyatın dostları” klubunun ilk işləri ötən illərdən başlayıb. Amma sentyabr ayında Anar müəllimə bu işlərlə bağlı məlumat verəndə, gələcək planlarımızdan danışanda çox müsbət reaksiya verdi. AYB rəhbərliyinin, katibliyin dəstəyi və qərarı ilə bu klub yarandı və sağ olsunlar ki, etimad göstərib məni rəhbər təyin etdilər.  

- AYB-də buna bənzər “Gənc Ədiblər Məktəbi” də fəaliyyət göstərirdi. 

- Gənc Ədiblər Məktəbinə əsasən bədii yaradıcılıqla məşğul olan gənclər qatılırdılar. Bizim kluba qoşulmaq üçün isə yazmaq, bəddi yaradıcılıq vacib şərt deyil. Əsas şərt  mütaliəyə, ədəbiyyata, sənətə marağın olmasıdır. “Ədəbiyyatın dostları” yaranandan sonra Anarla, Fikrət Qocayla üzvlərimizin görüşü təşkil olundu. Noyabrın 20-də şair Fikrət Sadıqla da 85 illik yubileyi münasibətiylə görüşümüz oldu.

- Ümumiyyətlə müraciət edən, qatılan gənclərin səviyyəsindən razısınızmı?

- Razıyam. Özləri ilə söhbətlərimdə deyirəm ki, daha yaxşı çıxışlar, daha dərin mülahizələriniz ola bilər. Bəzilərinə dərs demişəm. Yeni üzvlər də qatılmaqdadı. Tədbirlərimizdə iştirak edən böyüklərimiz - şairlər, yazıçılar bu gənclərin mütaliəsindən, səviyyəsindən razılıq edirlər. Tədbirlərin təşkilatçısı kimi klub üzvləri qarşısında qoyduğum əsas şərt görüşdüyümüz yazıçını, şairi ətraflı oxuyub, öyrənib onun haqqında məlumatlı olmaqdı. Həmçinin tamaşaya gediriksə, əsər haqda, dramaturq, rejissor haqda öncədən minimum bilgilərə malik olmalıdırlar.

- “Ədəbiyyatın dostları”nın yaxın günlərə aid planlarını deyərdiniz...

- Yazıçıların ev muzeylərinə, Ədəbiyyat və İncəsənət muzeylərinə, teatr tamaşalarına getməyi planlaşdırırıq. Artıq Gənc Tamaşaçılar Teatrı ilə də razılığa gəlmişik. Orada bəzi tamaşaları izləyəndən sonra aktyorlarla, dramaturqla bərabər müzakirələr edəcəyik. Yaxın günlərdə Səməd Vurğunun ev muzeyində görüşümüz olacaq. Gəncləri şairin ailə üzvləri, tənqidçiləriylə görüşdürmək istəyirik.

- Pərvin xanım, maraqlı müsahibəyə görə təşəkkürümü bildirirəm. Sizə və “Ədəbiyyatın dostları” klubuna uğur arzu edirəm.

- Mən də sizə və Modern.az saytına minnətdarlığımı bildirirəm. “Ədəbiyyatın dostları” klubuna üzv olmaq istəyənlər bizimlə facebook səhifəmiz vasitəsiylə əlaqə saxlaya bilərlər.

Elmin NURİ
Modern.az

 





21.11.2015    çap et  çap et