525.Az

Beynəlxalq Tolerantlıq Gününün qeyd olunması - mənəvi haqqımızın ifadəsi - Fotolar


 

Multikulturalizm həyat tərzimizdir

Beynəlxalq Tolerantlıq Gününün qeyd olunması - mənəvi haqqımızın ifadəsi<b style="color:red"> - Fotolar</b>

Bugünlərdə Bakıda keçirilən daha bir möhtəşəm tədbir Azərbaycanın xalq və dövlət kimi unikal tolerantlıq və multikulturalizm modeli olduğunu bir daha isbatladı.

Noyabrın 16-da “Kempinski” otelində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş bayram tədbiri təşkil edib.

lll 

Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixi rəsmi olaraq 20 il əvvələ təsadüf edir. 1995-ci il noyabrın 16-da  UNESCO-nun 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı”ilə bağlı sənəd qəbul edib. Bu sənəddə müxtəlif mədəniyyət və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü qeyd olunur, eləcə də “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır” -fikri vurğulanır.

Çağdaş dünyada beynəlxalq hüququn əsasını hüquq bərabərliyinin pozulmaması prinsipi təşkil etdiyinə baxmayaraq, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr, milli, sosial və digər mənşəli əlamətlərə dair diskriminasiya demək olar ki, dünyanın əksər ölkələrində mövcuddur. Tam inamla demək olar ki, Azərbaycan bu baxımdan istisna ölkələrdəndir. Sivilizasiyaların qovuşma nöqtəsində yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irslə yanaşı çoxəsrlik tolerantlıq ənənələrinə malik olmasını beynəlxalq aləm etiraf və qəbul edir. Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğulayıb ki, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib: “ Azərbaycanda bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olan multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir”.

Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyev ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, eləcə də  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin yaradılması ilə bağlı imzaladığı fərmanlar hökumətin bu istiqamətdə apardığı məqsədyönlü və ardıcıl işin nümunəsi kimi diqqəti cəlb edir.

Bu fikirləri müxtəlif dinlərin, fərqli millətlərin nümayəndələrinin bir araya toplandığı Beynəlxalq Tolerantlıq Günündə BBMM-in icraçı direktoru, professor Azad Məmmədov bir daha dilə gətirib.

lll 

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxışında Beynəlxalq Tolerantlıq Gününü bəşəriyyəti birləşdirən tarixi gün kimi xarakterizə edib: “Bu gün dilindən, dinindən asılı olmayaraq hamının ruhən, mənən birləşdiyi, ölkələri bir-birindən ayıran sərhədlərin yox olduğu günlərdəndir. Bu gün həm də bəşəriyyətin sevgi günüdür də desək, səhv etmərik”.

K. Abdullayev bildirib ki, Azərbaycan dövləti təkcə müxtəlif dinlərə ibadət edən, müxtəlif mədəniyyətlərin daşıyıcısı olan, müxtəlif dillərdə danışan insanların - vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı deyil, eyni zamanda bu insanların ulu babalarının qurub-yaratdıqları abidələri, bu günə qədər yaşatmış olduqları mədəniyyəti, dili qorumaqdadır:  “Ölkəmizdə dövlət hesabına məscidlər, imamzadələr, müqəddəs ziyarətgahlar, eyni zamanda katolik və pravoslav kilsələri, sinaqoqlar təmir və bərpa edilir, insanların istifadəsinə verilir. Son illərdə Prezident İlham Əliyevin apardığı bu humanist siyasətlə ölkəmiz ötən on il ərzində dinlərarası, millətlərarası münasibətlərdə artıq dünya üçün bir örnək olmaqdadır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Beynəlxalq Tolerantlıq Günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərini “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib. Bu, ölkə Prezidentinin həm Beynəlxalq Tolerantlıq Gününə bir hədiyyəsidir, həm də həmin din xadimlərinin fəaliyyətinə, zəhmətinə verilən yüksək qiymətdir”.

Sonra Dövlət müşaviri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə, Bakı və Xəzəryanı bölgələrin yepiskopu Aleksandr Ataya,  Azərbaycandakı katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Feketeyə,  Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayevə, Bakı Avropa Yəhudiləri dini icmasının rəhbəri Gennadi Zelmanoviçə və Alban-udi xristian icmasının sədri Robert Mobiliyə “Prezidentin Fəxri Diplomu”nu təqdim edib.

lll 

Şeyxülislam Allahşükür Paşazadə çıxışında vurğulayıb ki, müstəqil Azərbaycanda tolerantlıq və multikulturalizm təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyasının əsasını təşkil edir: “ Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar”.

Adıçəkilən digər mükafatçılar da ölkəmizdəki mövcud multikultural dəyərlərdən, tolerantlıq ənənələrindən  bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun əsaslarını yaradıb. Məscid, kilsə və sinaqoqların dövlət tərəfindən bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə qarşılıqlı anlaşma hökm sürür.

Bayram tədbirinin “Dini mövzuda musiqi” adlı bədii hissəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Ulu öndər Heydər Əliyevə həsr etdiyi elegiyanın nümayişi ilə start verilib.

Mərasimdə Katolik Yeparxiyasının kvartetinin təqdimatında Sezar Frankın “Panus Angelicus”u, Müqəddəs Mironosits Kafedral Kilsəsinin qadınlar xorunun ifasında  Pavel Çesnokovun “Xvalite Qospoda s Nebes”i, Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin təqdimatında Frans Şubertin “Ave Mariya”sı, Fərhad Bədəlbəylinin “Pərvərdigara”sı səslənib.

lll 

Deyilənlərə, yazılanlara və görünənlərə sözardı: Dövlət müşaviri Kamal Abdullayev çıxışında tolerantlıq ənənəsini daha çox sevgi, şəfqət, mərhəmət və insani birliyin nişanəsi kimi dəyərləndirdi. Həqiqətən də tolerantlıq din, dil, etnik və müxtəlif yanaşmalardan fərqli olanlara sadəcə dözmək, tablamaq anlayışı ilə yekunlaşsaydı, bu məfhumun mənəvi dəyəri azalmış olardı. Bu da danılmaz həqiqətdir ki, bu gün özünü demokratiyanın keşikçisi, insan haqlarının təminatçısı hesab edən əksər sivil ölkələrdə tolerantlıq bəzən sadəcə hüquqi anlam kəsb edir. Azərbaycan multikulturalizmi və tolerantlığının spesifikası isə onunla şərtlənir ki, adıçəkilən bu anlayışlar xalqımızın yaşamına, dövlətimizin tarixinə kənardangəlmə, qondarma bir prosedur deyil, sadəcə hüquqi bazası olmaqla qalmayıb minilliklərə söykənən dərin mənəvi əsaslar üzərində bərqərar olan milli xəzinəmiz, fərqliliyə, müxtəlifliyə sevgimiz , şəfqətimizdir və bununla yanaşı həm də dövlət siyasətinin prioritet istiqamətidir. “Kempinski” oteldə keçirilən tədbirdə mərasimə dəvət olunan müsəlman, xristian, yəhudi, alban-udi və digər fərqli  icmaların  “Xvalite Qospoda s Nebes”, “Panus Angelicus”, “Ave Mariya” dini-ilahi melodiyalarının sədaları altında sevgiyə, mərhəmətə, qarşılıqlı anlaşmaya, dostluğa, qardaşlığa, humanizmə kökləndiyi o məqamlarda inanmaq olardı ki, oradakı qonaqların böyük əksəriyyətinin düşüncəsində yekdil fikir qərarlaşıb: Azərbaycan Beynəlxalq Tolerantlıq Gününü qeyd etməyə həqiqətən daha çox mənəvi haqqı çatan ölkələrdən biridir və bəlkə də birincisidir...

Sevinc MÜRVƏTQIZI

 





21.11.2015    çap et  çap et