525.Az

Goranboyda sahibkarlara güzəştli kreditlər verilib


 

Goranboyda sahibkarlara güzəştli kreditlər verilib<b style="color:red"></b>

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair özünün növbəti işgüzar forumunu Goranboy rayonunun Goran qəsəbəsində  keçirib.

Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Goranboyda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların müvəkkil kredit təşkilatları ilə işgüzar təmaslarının yaradılması ilə  onların investisiya layihələrinin  maliyyələşdirilməsi təmin edilib.

70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Goranboy rayonunun iqtisadi potensialının daha dolğun reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri və dəmir qapı istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib; kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev indiyədək Goranboy rayonunda fəaliyyət göstərən 812 sahibkara 10,1 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5690 investisiya layihəsinin maliyyələşdirilməsinə 210,8 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

O da vurğulanıb ki, güzəştli kreditlərin qaytarılması məsələsi daim diqqətdə saxlanılır və sahibkarların ödənişlər üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün  kreditlər ayrılması zamanı sahibkarların real potensialları nəzərə alınır.

Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 57 sahibkara 663 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, əkinçilik, üzümçülük, eləcə də tikinti materialları istehsalı kimi sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına bu zonada 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Zakir Muradov
GORANBOY

 





21.11.2015    çap et  çap et