525.Az

Mədəniyyət və ədəbiyyat sahələri arasında əməkdaşlığa yeni təkan


 

Mədəniyyət və ədəbiyyat sahələri arasında əməkdaşlığa yeni təkan<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Mərkəzi arasında Əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimində AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanda humanitar siyasət sahəsində aparılan məqsədyönlü işlərdən ətraflı danışaraq ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi mədəniyyət və ədəbiyyat sahələrinə də xüsusi diqqət yetirildiyini vurğulayıb.

Ədəbiyyat İnstitutunun apardığı elmi araşdırmaların inkişaf istiqamətlərindən bəhs edən akademik İsa Həbibbəyli ədəbi sferada bir çox sahələrlə yanaşı, multikulturalizm istiqamətində də uğurlu elmi tədqiqatların aparılmasının vacibliyinə diqqət yetirib.

Elmi-tədqiqat müəssisəsinin rəhbəri göstərilən istiqamətlərdə Mədəniyyətşünaslıq Mərkəzi ilə də əməkdaşlıq əlaqələrinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Akademik İsa Həbibbəyli birgə əməkdaşlıq çərçivəsində müəyyən kitab və jurnalların, elmi məqalələrin nəşr edilməsinin, birgə elmi-kütləvi tədbirlərin keçirilməsinin vacibliyini bildirirək Mərkəzlə yaranacaq əlaqələrə dəyər verib və prioritet elmi və mədəni sahələr üzrə İnstitutla Mərkəzin birgə fəaliyyət göstərməsini əhəmiyyətli hesab edib.

Mədəniyyət Mərkəzinin rəhbəri Asif Usubəliyev də elmi əlaqələrin əhəmiyyətindən danışaraq dəyərli nəticələr əldə olunacağına inamını ifadə edib.

Sonda Nizami adına Ədəniyyat İnstitutu ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Mərkəzi arasında Əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və Asif Usubəliyev imzalayıblar.

 





21.11.2015    çap et  çap et