525.Az

Ağstafanın “Sarı gəlin”i


 

Ağstafanın “Sarı gəlin”i<b style="color:red"></b>

Ağstafanın Dağ Kəsəmən kəndindəki “Sarı gəlin” abidəsi digərlərindən fərqlənir. Maraqlı əl işi 30 il bundan əvvəl kökü torpaqda olan tut ağacından hazırlanıb.

Kənd sakini, həvəskar heykəltəraş Vələd Xəlilov AZƏRTAC-a bildirib ki, quru ağacı abidəyə çevirə bilmək üçün 3 ay əmək sərf edib.

Dağ Kəsəmən kəndinin mərkəzindəki bu abidə onu görənlərin marağına səbəb olur. Kənd sakinləri təbiət canlısının ətrafını abadlaşdıraraq müxtəlif tikinti işi aparsalar da, “Sarı gəlin”i diqqətdən kənarda saxlamayıblar. Qeyri-adi abidə Bakı-Qazax avtomagistralının yaxınlığında olduğundan xarici turistlərin də diqqətini çəkir.

Kənd ağsaqqallarının dediklərinə görə, hazırda kökü torpaqda olan ağacın yaşı 50 ildən artıqdır. Abidə isə 33 il əvvəl yonulub. Həmin dövrdə tut ağacı quruyub məhvə doğru gedirmiş. Abidə hazır olduqdan sonra isə ona “Sarı gəlin” adı verilib.

Orta təhsilli, heç bir heykəltəraşdan dərs almayan sənətkarın əl işi həm kənd sakinləri, həm də aidiyyəti qurumlar tərəfindən qorunur. İlk baxışdan ağacdan işləndiyi seçilməyən “Sarı gəlin” Vələd ustanın tarixdə hələ uzun illər qalacaq əsərlərindəndir.

 





23.11.2015    çap et  çap et