525.Az

Tbilisidə "Çağdaş Azərbaycan poeziyası"nın təqdimatı keçirilib


 

Tbilisidə "Çağdaş Azərbaycan poeziyası"nın təqdimatı keçirilib<b style="color:red"></b>

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində müasir Azərbaycan şairlərinin gürcü dilinə tərcümə olunmuş şeirlərindən ibarət "Çağdaş Azərbaycan poeziyası" antologiyasının təqdimatı olub.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Yazıçılar Birliyinin (AYB) Gürcüstan bölməsinin və Azərbaycan-Gürcüstan "Varlıq" Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin yazıçı və şairləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru Leyla Əliyeva Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, hər iki ölkənin şair və yazıçılarının əsərlərinin tərcümə olunaraq yayılmasının mədəni münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

AYB-nin və "Varlıq" Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümbət deyib ki, antologiya gürcü dilinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Türk Dünyası İnfo" İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək" adlı layihə çərçivəsində çapdan çıxıb.

Kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin 100-dən çox əsərindən ibarət nümunələr yer alıb. Bu kitablar gənc nəslin poeziyaya marağının artmasında və yazarlarımızın tanımasında mühüm rol oynayır.

"Türk Dünyası İnfo" İctimai Birliyinin sədri Dəyanət Osmanlı bildirib ki, bu layihənin məqsədi müasir Azərbaycan şairlərinin xaricdə tanıdılması ilə yanaşı, Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına kömək etməkdir. "Çağdaş Azərbaycan poeziyası"nın gürcü dilində antologiya halında çapdan çıxması ilk təşəbbüsdür, ədəbiyyatımızın qonşu və dost ölkə olan Gürcüstanın ictimai, elmi, ədəbi mühitində təbliğinə yönəlib.

Kitab Gürcüstanda kitabxanalara, mədəniyyət mərkəzlərinə və digər müvafiq ictimai qurumlara paylanacaq.

S.ABDULLAYEVA

 





24.11.2015    çap et  çap et