525.Az

"Adı üstündə olan reket "jurnalistlər"ə fikir vermirik"


 

"Adı üstündə olan reket "jurnalistlər"ə fikir vermirik"<b style="color:red"></b>

"Hər kəs bizə adı üstündə olan reket "jurnalistlər"ə fikir verməməyi məsləhət görür. İnsanlar başa düşür ki, yazılanların hamısı ağ yalandır və bu kampaniyanı aparanların əsas məqsədi isə özlərinin əhəmiyyətsiz personalarına diqqəti cəlb etmək, çirkli niyyətlərinin və qanunsuz tələblərinin həyata keçirilməsinə nail olmaqdan ibarətdir".

Bunu mətbuata açıqlamasında Pezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov dilə gətirib.

"Kimsə zərrə qədər də olsun dediklərimə şübhə edirsə, mən çəkinmədən bildirirəm ki, istənilən şəxsin və jurnalistin iştirakı ilə istənilən məsələnin araşdırılmasına və Şuranın fəaliyyətinin təftiş olunmasına şərait yaratmağa hazıram" - deyən F.Qurbanovun sözlərinə görə, ancaq məsələ burasındadır ki, bu adamlar eyni yalanı və böhtanı dəfələrlə təkrarlamaqdan yorulmurlar və bununla da özlərini daha gülünc və eybəcər vəziyyətə salırlar: "Yeri gəlmişkən bu yazıların eyni stildə yazılmasını, eyni qələmdən çıxmasını və hətta kim tərəfindən təşkil olunmasını da demək olar ki, bilirik. Lakin bu kimi reketlər (şübhə etmirəm ki, özləri də oxuyur) bilməlidirlər ki, onların qanunsuz istəklərinin həyata keçməsinə heç vaxt yol verilməyib və bundan sonra da yol verilməyəcək.

Yalnız Şuranın sədrinin hədəf seçilməsinə gəlincə isə, bax, bu çox maraqlı sualdı. Niyə məhz Azay Quliyev hədəf seçilir? Axı, Şuranın maliyyələşdirdiyi layihələrin icrasına nəzarəti və maliyyə üzərində sərəncamı Katiblik həyata keçirdir. Məntiqlə kimsə nəyisə tənqid etmək istəsə ilk növbədə bu işə bilavasitə məsul olan Şuranın Katibliyini və onun rəhbəri kimi məni tənqid etməlidir. Və yaxud Şura adından qərarlar onun yuxarıda adlarını sadaladığım 11 üzvü tərəfindən səs çoxluğu ilə qəbul edilir. Azay Quliyevin də digərləri kimi yalnız bir səsi var və sədr olaraq hər hansı bir həlledici səs hüququna malik deyil. Bu baxımdan da gərək Şuranın bütün üzvləri də ən azından müəyyən ölçüdə bu qarayaxma kampaniyasının necə deyərlər "qurbanı" olsunlar. Amma gördüyünüz kimi yalnız Azay Quliyevə bu cür əsassız hücumlar təşkil edilir".

O, deyib ki,  A.Quliyevin belə bir şər və böhtan kampaniyasına məruz qalmasının əsas səbəbləri sırasına reket "jurnalistləri"nin nəsə qopartmaq istəyi ilə yanaşı onun geniş ictimai siyasi fəaliyyətini, Milli Məclisin deputatı kimi gördüyü müsbət işləri, ATƏT PA-da yüksək vəzifə tutmasını və ən vacibi isə xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət etməsini də əlavə etmək lazımdır: "Görünür, həm daxildə, həm də xaricdə Azay Quliyevin rəhbərliyi ilə Şuranın dövlətçiliyimizin güclənməsi və milli maraqlarımızın qorunması istiqamətində həyata keçirdiyi işlər kimlərisə ciddi şəkildə narahat edir və onlar da öz "ağılları" ilə şantaj və böhtandan istifadə etməklə nəyəsə nail olmağa ümid edirlər. Son zamanlar 5-ci kalonun dağıdıcı fəaliyyətinin zərərsizləşdirilməsini də diqqətdən qaçırmamalıyıq. Ancaq yenə də deyirəm ki, biz belə qarayaxmalara və sifarişli yazılara fikir vermirik. Qoy onlar özlərini nahaq yerə yormasınlar, onsuz da belə çirkin üsulla nə Şuranın, nə də Azay Quliyevin ictimai nüfuzuna xələl gətirmək mümkün deyil. Əsas məsələ odur ki, xalqımız və dövlətimiz kimin kim olduğunu çox gözəl bilir və bizə də lazım olan elə budur".

K.HƏMZƏOĞLU

 





24.11.2015    çap et  çap et