525.Az

Nəsimi Ağayev Aydahonun qubernatoru ilə görüşdü


 

Nəsimi Ağayev Aydahonun qubernatoru ilə görüşdü<b style="color:red"></b>

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Aydaho Ştatının qubernatoru C.L. “Batç” Otterin rəsmi dəvəti ilə 22-24 noyabrda sözügedən ştatda səfərdə olub.

Konsulluqdan 525.az-a verilən məlumata görə, səfər müddətində baş konsul ştat qubernatoru Otter ilə görüş keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. 

Görüş zamanı Azərbaycan ilə Aydaho ştatı arasında müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, təhsil və mədəniyyət üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolu barədə qubernatora məlumat verən baş konsul Aydaho Ştatı ilə Azərbaycanın münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. 

Diplomat, həmçinin, Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Baş konsul son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Öz növbəsində qubernator Otter keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində Aydaho ştatının maraqlı olduğunu bildirib.   

Qeyd edək ki, səfər müddətində baş konsul Aydaho Ştatının digər rəsmiləri, həmçinin, yerli icma nümayəndələri və müxtəlif media təmsilçilərilə görüşlər keçirib.    

Cavid QƏDİR

 





26.11.2015    çap et  çap et