525.Az

“Azərsu” beynəlxalq təşkilata üzv oldu


 

“Azərsu” beynəlxalq təşkilata üzv oldu<b style="color:red"></b> 12-14 noyabr tarixlərində Fransanın Marsel şəhərində Dünya Su Şurasının (DSŞ) 7-ci Baş Assambleyası keçirilib. İlk dəfə olaraq “Azərsu” ASC Assambleyada iştirak üçün dəvət alıb və bu məqsədlə nümayəndə heyəti Fransada səfərdə olub.

"Azərsu" ASC-nin mətbuat xidmətindən "525"ə verilən məlumata görə, Baş Assambleyada dünyada su siyasətinin əsas istiqamətləri, mövcud vəziyyət və perspektivlər, növbəti 3 il üzrə fəaliyyət strategiyası, iş planı, maliyyə məsələləri, DSŞ Konstitusiyasına dəyişikliklər barədə müzakirələr aparılıb, Şuranın İdarə Heyətinə seçkilər keçirilib. Qeyd edək ki, DŞŞ-nin ali orqanı hər 3 ildən bir keçirilən Baş Assambleyadır. Assambleyalararası dövrdə Şuraya 35 nəfərdən ibarət İdarə Heyəti rəhbərlik edir.

İdarə Heyətinə seçkilərdə “Azərsu” ASC-nin namizədliyi “Hökumətlər və hökumət orqanları bölməsi” üzrə qeydə alınıb və bu barədə üzv ölkələrin nümayəndə heyətləri ətraflı məlumatlandırılıb. Bu bölmə üzrə keçirilən seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət təşkilatlarının nümayəndələri də iştirak edib. Gizli səsvermə nəticəsində “Azərsu ” ASC-nin sədri Qorxmaz Hüseynov böyük səs çoxluğu ilə DSŞ İdarə Heyətinə üzv seçilib.

Azərbaycanda su təhlükəsizliyi strategiyası əsas götürülərək su sektorunda həyata keçirilən layihələr, su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi proqramlarının hazırlanması, su sektoru üzrə hüquqi bazanın yaradılması, ölkəmizin ətraf mühit üzrə bir sıra beynəlxalq konvensiyalara qoşulması, transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya etməsi mühüm nailiyyətlər kimi qiymətləndirilib və bütün bu amillər İdarə Heyətinə üzvlüyün dəstəklənməsində böyük rol oynayıb.

DSŞ-nin təmsilçiləri, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda son illər su sektorunda həyata keçirilən layihələri yaxından izlədiklərini qeyd edib və bu istiqamətdə görülən işləri yüksək qiymətləndiriblər. Qeyd olunub  ki, “Azərsu” ASC su təchizatı və kanalizasiya sektorunda kifayət qədər uğurlara imza atan bir qurumdur və DSŞ-nin ali qurumunda təmsil olunması görülən işlərin məntiqi nəticəsidir.

DSŞ-na üzvlük və qurumun İdarə Heyətində təmsilçilik qlobal su problemlərinin, strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir. Bu status dünyanın inkişaf etmiş ölkələrinin və qabaqcıl şirkətlərinin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir.

“Azərsu” ASC İdarə Heyətinə üzv olmaqla bir sıra problemlərin həllinin təmin edilməsinə səy göstərəcəkdir. Sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsi, istifadə edilən suyun dərin təmizləmə texnologiyaları ilə yararlı vəziyyətə gətirilməsi və təkrar istifadəsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınması, su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi, atmosfer yağıntılarının toplanaraq daha səmərəli istifadəsinin təmin edilməsi texnologiyalarının işlənməsi, daha mükəmməl sugötürücü qurğuların tətbiqi, suyun keyfiyyət standart və normalarının təkmilləşdirilməsi, “yuxarı axın” ölkələri və “aşağı axın” ölkələrinin qarşılıqlı maraqlarının təmin edilməsi qlobal miqyasda aktual problemlər hesab edilir.

Qeyd edək ki, Dünya Su Şurası qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılıb. Şura su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını  birləşdirən  çoxistiqmətli beynəlxalq platformadır. Dünya Su Şurası su ehtiyatlarının mühafizəsi, ədalətli və inteqrasiyalı  idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, su ilə əlaqədar ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərir.  Mənzil qərargahı Fransanın Marsel şəhərində yerləşən qurumda 51 ölkədən və 24 beynəlxalq təşkilatdan 350  üzv təmsil olunur. 2013-cü ildən Dünya Su Şurasına üzv olan “Azərsu” ilə yanaşı, Meliorasiya və Su Təsərrüfatı ASC, su sektoru ilə əlaqədar bir sıra digər Azərbaycan təşkilatları da Şurada təmsil olunur.

SAMİRƏ
 





26.11.2015    çap et  çap et