525.Az

Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələri nə ola bilər?


 

"HƏR İKİ ÖLKƏ BÖYÜK DÖVLƏTÇİLİK TƏCRÜBƏLƏRİNƏ DAYANARAQ GƏRƏKSİZ QARŞIDURMALARA GETMƏYƏCƏKLƏR"

Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələri nə ola bilər?<b style="color:red"></b>

"Nəticəni proqnozlaşdırmaq nə qədər çətin olsa da, anlaşılan bir məqam var ki, Türkiyə Suriya siyasətində aktiv mövqeyə keçmək üçün Rusiyanın təxribatından faydalanmağa üstünlük verib".
 
Bu sözləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Türkiyə "F-16"-larının Rusiyanın "Su-24" hərbi təyyarəsini vurması ilə bağlı danışarkən deyib. O bildirib ki, türkmən məsələsinə görə, bu iki dövlətin üz-üzə gəlməsi qaçılmaz idi: "Qarşıdurma Suriya sərhədləri içində olsaydı, NATO-nu burada tərəf kimi görmək xeyli çətin olacaqdı. Təyyarə NATO-ya üzv olan dövlətin ərazisini pozduğuna görə, vurulubsa, o zaman 5-ci maddənin tələbləri dərhal yerinə yetirilməli və ümumi olaraq, bu hal NATO hüdudlarına müdaxilə kimi dəyərləndirilməlidir".

Deputat qeyd edib ki, Türkiyə İraqda Tel Aferdən İŞİD tərəfindən sıxışdırılıb çıxarılan türkmənlərə görə qəti addım atmasa da, Suriya türkmənləri üçün ona görə qəti mövqe ortaya qoyur ki, Türkməndağı itirildikdən sonra Rusiya və İran gücləri birbaşa Türkiyə ilə sərhədə nəzarət edə bilirlər: "Artıq Türkiyə Suriyada aktiv aktyor olmaqdan çıxır. Eyni zamanda, gələcəkdə kürdlərin Aralıq dənizinə çıxması üçün əsas əngəl ortadan qaldırılır və burada dənizə açılan Kürd dövlətinin yaranması riski daha da böyüyür".

F.Mustafa qeyd edib ki, son vaxtlar Rusiya ümumiyyətlə Türkiyə ilə məsxərə üslubunda davranırdı və Türkiyənin uzun müddət bu davranışı həzm etməsi mümkün ola bilməzdi: "Fikrimcə, bu riskli addımdan sonra Türkiyə Rusiya təyyarəsinin hava sərhəddini pozması ilə bağlı sübutların geniş təbliğatına başlamalıdır və ən azı NATO-nun, xüsusilə də ABŞ-ın dəstəkverici mövqeyini gücləndirməlidir. Ümid edək ki, faciəli nəticələr olmaz, ancaq bəzən qürurunu qorumaq üçün özündən güclüyə birinci yumruq atmalı olursan".

Partiya sədri Türkiyə ilə Rusiya arasında təyyarə qalmaqalında bir maraqlı faktı xatırladıb: "1983-cü ilin sentyabrın 1-də Cənubi Koreyanın - Korean Air Lines aviaşirkətinin Nyu -York-Ankoric-Seul marşrutu üzrə həyata keçirdiyi Beynəlxalq uçuş zamanı sərnişin avialaynerinin vurulması Beynəlxalq skandala səbəb olub. Seula qədər olan hava yolu Sakit Okeanın neytral zonasından keçməli idi. Təyarə qəfildən məlum olmayan səbəbdən müəyyənləşdirilmiş kursdan sağ tərəfə meyl etməyə başlayır. Müəyyən vaxtdan sonra SSRİ-nin qapalı hava məkanına düşür və Kamçatka, sonra isə Saxalin adaları üzərində uçur. Göyərtəsində 246 sərnişin, 23 ekipaj heyəti olan təyyarəni Sovet qırıcısı SU-15 dərhal vurur. Təyyarədə olan 269 nəfər və o cümlədən, ABŞ nümayəndələr palatasının üzvü, ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini verməyə hazırlaşan Larri MakDonald həlak olur. Yəni, demək istəyirəm ki, özünü keçmiş SSRİ-nin varisi hesab edən Rusiya hava sərhəddini pozan istənilən təyyarəni vurur".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya mediası artıq anti-Türkiyə və anti-türk təbliğatına start verib: Moskva "Türkiyənin Moskvadakı səfirliyi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır" kimi təxribatçı fikirlər yayaraq, sanki rus millətçilərinə ünvan göstərir. Bu fonda, "Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldılması məqsədilə İrəvana təsir edəcək" kimi dezinformasiyaları lap yersiz görünür. Kreml bunu kimin üçün edəcək, Türkiyənin bölgədəki hərbi-siyasi müttəfiqi - Azərbaycan üçün bunu niyə etsin ki?".

E.Şahinoğlu qeyd edib ki, Moskva Türkiyəyə qarşı bu gün başlatdığı qara təbliğatda erməni ekspertlərdən istifadə edir: "Ümumiyyətlə, ermənilər Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən əllərinin ovuclarını silirlər. Rusiyalı ekspertlər də onlara qoşularaq 500 illik Rusiya-Türkiyə müharibələrini xatırlatmağa başlayıblar. "PKK-ya raketlər verək ki, Türkiyə təyyarələrini vursunlar" kimi fikirlər belə səsləndirirlər. Bircə bu suala cavab verə bilmirlər: Rusiya-Türkiyə iqtisadi və enerji əlaqələrinin dondurulmasından hansı dövlət daha çox ziyan çəkəcək? Türkiyə qazı başqa dövlətlərdən də ala bilər, nüvə elektrik mərkəzini Yaponiya ilə birgə inşa edə bilər. Bəs Rusiya Türkiyə bazarını itirsə qazını hara satacaq, turistləri ucuz Antalya əvəzinə hara gedəcəklər, infrastrukturu və xidmət səviyyəsi yerlərdə sürünən Krıma?".

Politoloqun sözlərinə görə, Putin onları arxadan vurduqları üçün cavab verəcəklərini, Ərdoğan isə sərhədlərini pozanları vuracaqlarını deyir: "Bu liderlərdən hər hansı biri "səhv etdik" deyə bilməz. Çünki  bu cəmiyyətləri qarşısında zəifliyin əlaməti olar. Ancaq hər ikisi onu da anlayır ki, bu hadisədən çıxış edərək münasibətləri gərginləşdirmək, iqtisadi və ticarət əlaqələrinə son qoymaq da olmaz. Hər ikisinin bu əlaqələrə ehtiyacı var. Ona görə də, bir neçə gündən sonra hər iki prezident daha soyuqqanlı addımlara üstünlük vermək məcburiyyətində qalacaq. Doğrudur, indi Rusiyada isti başlar "PKK-ya silah verək", "Türkiyəni içəridən dağıdaq" və sairə kimi başdanxarab təkliflər verirlər. Putin bu yolu seçsə nəticələri heç bir dövlət, o cümlədən, Rusiyanın özü üçün də yaxşı olmayacaq. Məncə, birinci növbədə sağ qalan pilotlardan birini Rusiyaya təhvil vermək lazım gələcək. İkinci addım kimi Türkiyə ilə Rusiya son hadisəni araşdırmaq məqsədilə ortaq komissiya quracaqlar. Bu komissiyanın təsis olunmasının özü gərginliyi azaldacaq amilə çevrilə bilər. Ancaq bu hadisədən sonra Moskva onu da anlamalıdır ki, Türkiyə sərhədini pozmaq və türkmənlərə hava zərbəsi endirmək olmaz".

Mərkəz sədri yada salıb ki, Birinci Dünya Müharibəsinin başlamasına serb millətçisi Qavrila Prinsipin tapançadan açdığı atəş nəticəsində Avstriya-Macarıstan taxtının vəliəhdi Frans Ferdinand qətlə yetirilməsi səbəb olub. O xatırladıb ki, bundan sonra Rusiya Serbiyaya, Almaniya Avstriyaya dəstək verib, bloklar formalaşıb və müharibənin başlanma səbəbi arxa plana keçib. Əvəzində on milyonlarla insan qətlə yetirilib, dövlətlər viran qalıb, inqilablar baş verib. İndi də Rusiya hakimiyyəti Əsədə görə illərdir strateji tərəfdaş adlandırdığı Türkiyəyə meydan oxuyur, sərhədini pozur, qardaş dövlət də "tərəfdaşının" təyyarəsini vurur. Bu ya qığılcıma səbəb olacaq, ya da soyuq başların səyi nəticəsində gərginliyin azalmasına şərait yaradacaq".

Politoloq qeyd edib ki, Roma papası "Üçüncü Dünya Müharibəsi başlayıb" deyərkən çox da yanılmayıb: "Qətl var, ayrıca bir ölkədə müharibə gedir, fərqli maraqları əks etdirən bloklar var, bircə bloklararası müharibə yoxdur ki, buna da Rusiyanın hərbi təyyarələrinin hara gəldi uçması və kimi gəldi bombalaması rəvac verə bilər".

Millət vəkili Sahib Alıyev isə hesab edir ki, hər bir ölkənin onun hava sərhəddini pozan hərbi təyyarəni vurmaq haqqı var: "Türkiyə dəfələrlə xəbərdarlıqdan sonra belə bir addım atıb. Rusiya təyyarəsinin vurulmasını cavabsız qoymayacağını deyir. Lakin hər iki dövlətin soyuqqanlı davranmalarını şərtləndirən xeyli faktorlar var".

Deputat deyib ki, Türkiyə Yaxın Şərqdəki proseslərdə oyunçu yox, oyuna cəlbedilmiş ölkədir: "Rəsmi Ankara bu cəlb edilmənin ona hansı dvidentləri gətirdiyinin üzərində bir daha oturub düşünməlidir. Bəli, Bayırbucaq türkmənləri qorunmalıdır, ona söz yox. Ancaq türkmənlərin qorunmasının tək yolu Əsədin devrilməsidirmi? Əsədin getməsini istəyən digər qüvvələr türkmənlərin qorunması məsələsində nə dərəcədə Türkiyəni dəstəkləyirlər?".

S.Alıyev əlavə edib ki, nədənsə Krımda elektrik enerjisinin kəsilməsi ilə rus təyyarəsinin vurulması eyni günlərdə baş verib: "Krımın zülmətə qərq olmasının səbəbkarları kimi tatarlar göstərilirlər. Doğrudanmı krım tatarları yüksək gərginlikli elektrik xəttini sıradan çıxarmaqla yanaşı, onun təmir edilməsinin qarşısını alacaq, kimsəni olay yerinə yaxın buraxmayacaq qədər güclüdürlər və bunu təkbaşına edirlər? Fikrimcə, Qərblə Rusiya arasında gedən indiki geosiyasi çəkişmədə bəlli güclər yeni bir türk-rus cəbhəsi açmaq niyyəti güdürlər. Regionun iki böyük dövlətinin qarşı-qarşıya gəlməsi nə onların özlərinə, nə bütünlükdə regiona yaxşı heç nə vəd etmir. Hiss olunur ki, hər iki ölkədə bunun fərqində olanlar az deyil. İndi ümid onadır ki, həm Rusiya, həm də Türkiyə böyük dövlətçilik təcrübələrinə dayanaraq gərəksiz qarşıdurmalara getməyəcəklər".

Azərbaycanın qardaş Türkiyə ilə Rusiyanın dost və tərəfdaş olmasından yana olduğunu deyən deputat hesab edir ki, bu, düşmənçilik ermənilər və bəzi xarici qüvvələrə lazımdır".

Ceyhun ABASOV

 





26.11.2015    çap et  çap et