525.Az

Mətbuat Şurasında Fazil Abbasovun 70 illik yubileyi ilə bağlı toplantı


 

Mətbuat Şurasında Fazil Abbasovun 70 illik yubileyi ilə bağlı toplantı<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə veteran jurnalist, tanınmış yazıçı və publisist, filologiya üzrə fəlsəfə doktoru Fazil Abbasovun (Fazil Güney) 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ sədri Əflatun Amaşov tədbiri açaraq yubilyarı peşəkar və prinsipial, jurnalist, əsl dost və vətənpərvər insan kimi xarakterizə edən cəhətlərdən söz açıb. O bildirib ki, F.Abbasov Azərbaycanın ən çətin dövründə örnək səciyyə daşıyan əməli fəaliyyətə malik qələm sahiblərindən olub. "Fazil müəllimin ötən əsrin 90-cı illərində yaratdığı "Assa irada" İnformasiya Agentliyi respublikanın informasiya blokadasının yaradılmasında əhəmiyyətli rol oynadı, Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Bu, son dərəcə mühüm missiya idi. Sonrakı illərdə də Fazil Abbasov jurnalist, eyni zamanda alim kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətlər göstərib", - deyən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu F.Abbasova təqdim edib.

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov bildirib ki, yubilyar jurnalist əməksevərliyi, səmimiyyəti ilə onu tanıyanların qəlbində əbədi yer tapa bilib. F.Abbasov sözün həqiqi mənasında vətənpərvər olub, Vətənə, doğma yurda hədsiz sədaqətini gördüyü işlərə məharətlə daşıyıb.

Xalq Şairi Sabir Rüstəmxanlı çıxışında bildirib ki, F.Güney fəaliyyəti ən yüksək səviyyədə qiymətləndirilməyə layiq ziyalıdır. F.Abbasovun bədii yaradıcılığının xarakterik cəhətlərindən söz açan S. Rüstəmxalı yubilyarın ədəbiyyatımızın təbliği istiqamətində də mühüm işlər gördüyünü diqqətə çatdırıb, "Qara qan" tarixi romanı ilə böyük oxucu məhəbbətini qazandığını vurğulayıb. Şair əsəri ədəbiyyat tariximizdə sanballı yaradıcılıq nümunəsi kimi dəyərləndirib.

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, dinşünas alim Rafiq Əliyev, Türk Xalqları Ümumdünya Assambleyasının rəhbəri Yəhya Əliyev, MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, veteran jurnalist Məzahir Süleymanzadə, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı  və başqaları F.Güneyi yüzlərlə publisistik yazının, felyeton, pamflet və hekayələrin, elmi məqalələrin müəllifi kimi səciyyələndirən çoxsaylı cəhətlərə diqqət çəkib, onun şəxsi keyfiyyətlər baxımından da örnək olduğunu vurğulayıblar.

Sonda çıxış edən yubilyar yaradıcılığına verdikləri yüksək qiymətə görə həmkarlarına və dostlarına təşəkkürünü bildirib.

 





26.11.2015    çap et  çap et