525.Az

Azərbaycan geosiyasət və sevda məngənəsində


 

Azərbaycan geosiyasət və sevda məngənəsində<b style="color:red"></b>

Kiçik dövlətlər üçün supergüclərin apardığı geosiyasi savaşda mövqe seçimi həddən artıq çətin vəzifədir.

Ölkənin gələcək taleyi sonu təxmin edilməyən qarşıdurmanın nəticəsindən asılıdır və burada heç də hər zaman siyasi müdriklik qalib gəlmir.

Çünki, savaşın sonu saysız hesabsız amillərdən asılıdır. Yaxın keçmişin savaşlar tarixini analizi sübut edir ki, belə oyunlarda qəti və açıq şəkildə tərəf saxlamaq ölkənin taleyini qumara qoymaq kimi bir şeydir. Əksinə tərəfsiz, balanslı və manevrli siyasət isə daha effektlidir. Türkiyənin İkinci Dünya Müharibəsində tutduğu mövqe buna bariz nümunədir.

Türkiyə hökuməti manevrli və tərəfsiz siyasəti ilə ölkəsini və xalqını böyük fəlakətdən xilas edə bildi və müharibədən ən çox uduşla çıxan Avropa ölkələrindən biri oldu. Son günlərin Rusiya-Türkiyə qarşıdurmasında Azərbaycanın çətin dilemma qarşısında olduğunu söyləyənlər yanılırlar. Ankara siyasilərinin bəyanatlarına rəğmən, hələ Türkiyənin özü bu savaşda öz yerini müəyyən edə bilmədiyi halda Azərbaycanın ortalığa atılması çox böyük siyasi savadsızlıq olardı.

Azərbaycan hökuməti düzgün addım ataraq bu avantüraya getmədi və arxaiq türkçü-millətçi hisslərin təsiri altında Türkiyəyə dəstək çağırışları edənlər anlamalıdır ki, Ulu Tenqrini, Bilgə Xaqanı, Alp Ər Tunqanı, Atillanı sevməklə müasir geosiyasi oyunların heç bir əlaqəsi yoxdur.

Azərbaycan müasir siyasi reallıqları tarixi gerçəklərdən və emosional bağlardan üstün tutmalıdır. Söhbət təkcə Türkiyəyə sevdadan getmir. Elə Rusiyaya sevdada da bir az ehtiyatlı olmaq lazımdır. Bu bizim savaş deyil və kimin kimdən üzr istəməsini Azərbaycan həll etmir. Azərbaycanın əlində imkanı olsaydı, itirilmiş İrəvana, Zəngəzura, Xocalıya və 20 Yanvara görə Rusiyadan üzr tələb edərdi. Odur ki, sevdadan başları dumanlanan “millətçilərlə” “siyasətçilər” bu savaşda hökumətin tutduğu mövqeni dəstəkləsələr daha yaxşı olar.

Dailykarabakh.com

 





27.11.2015    çap et  çap et