525.Az

Şairlər şəhərindən reportaj


 

Şairlər şəhərindən reportaj<b style="color:red"></b>

Bu il noyabrın 20-də Türkiyənin Qəhrəmanmaraş şəhərində ikinci Beynəlxalq “Kitab və mədəniyyət sərgisi”  açıldı.

Azərbaycanın millət vəkili Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  fəxri qonaq kimi Anadolunun ən böyük kitab sərgisinin açılışında iştirak  etdi.

...Yollar bizi Türkiyənin qədim diyarlarından birinə - mədəniyyətin, sənətin, şeirin baş şəhərinə , yaradıcılığı orta əsr türk həyatının güzgüsü sayılan Qaracaoğlanın Vətəninə - Qəhrəmanmaraşa aparır.
Gözümün önündən buludlar,  yaddaşımdan  Qaracaoğlanın misraları  ötüb keçir:

Yeri, yeri, yalan dünya,
Sənə gələn gedər bir gün.
İnsan bir ək in misalı,
Əkin-biçin bitər bir gün.


Qaracaoğlanın doğulduğu torpaq həm də  türk poeziyasına fərdi ruhun şeirini gətirən, XX əsr türk ədəbiyyatının böyük ustadlarından biri Nəcib Fazil Qısakürəyin doğulduğu torpaqdı.  Nəcib Fazil Qısakürək deyirdi ki,

Çox sıxıldınsa həyatdan,
Bir məzarlığa get,
Ölülər yaxşı bilir;
Yaşamaq gözəldi.


Qaracaoğlandan başlanan söz yolu Nəcib Fazildən, Ərdəm Bəyazitdən, Cahid Zərifoğlundan, Nuri Pakdildən, Aşık Mahzuniyədən, Bahəddin Karakoçdan keçərək  söz zəmisinin bərəkətini artırdı,  bu torpaqda nə bitsə də, söz bitmədi. Sözün bitmədiyi yerə, sözün olduğu yerə gedirik...
 
Kitab bayramına gələnləri Maraşın min rəngə çalan  payızı qarşılayır. Qədimliklə  müasirliyin, keçmişlə bu günün, sözlə sənətin birləşdiyi bu şəhər qəhrəman ruhuyla  ruhumuzu oxşayır. Ruhumuzu oxşayan  bu diyarla   tanışlığımız belə başlayır...

Maraşa qısa səyahət

Ağ dəniz bölgəsində yerləşən Qəhrəmanmaraş Türkiyənin 16-cı böyük şəhəridir. 2012-ci ildə “böyük şəhər” statusu qazanan  şəhərin mərkəzində 420 min, Maraşda isə ümumilikdə  750 mindən çox  əhali yaşayır.
1973-cü il,  fevralın 7-də  Türkiyənin Böyük Millət Məclisi azadlıq savaşındakı fədakarlıqlarına  görə bu şəhərə rəsmi olaraq “qəhrəman” adı verib və o zamandan bu şəhər Qəhrəmanmaraş  adlandırılır.

Qəhrəman Maraş eyni zamanda Türkiyənin elektrik ehtiyaclarının yüzdə 14-nü, ölkənin kənd təsərrüfatı ehtiyaclarının böyük bir qismini ödəyir. Zəngin keçmişi olan bu yerlərdə Təkir Vadisi, Döngəl kəndindəki mağaralarda insanların üst paleotik çağlarında yaşadığı aşkarlanıb.

Maraşın özünəməxsus gözəllikləri

Bu yerlər təbii gözəllikləri ilə göz oxşayır.  Bənövşə, sünbül, qərənfil bu torpağın əbədi gözəlliklərindəndir. Maraş təbii bulaqları, meşələri, saf və zəngin bitki örtüyü ilə təkrarsızdı. Yovşan yaylası, Başkonuş yaylası isə Türkiyənin  ən diqqətçəkən nöqtələrindəndir.

Dağlarla əhatə olunmuş bu şəhərin zəngin qəhrəmalıq salnaməsi bu gün də başının üstündə dalğalanmaqdadı. Maraşın  böyük  qəhrəmanlıqlarından biri 1919-cu ilə təsadüf edir. Birinci Dünya Müharibəsinin sonlarında Osmanlı imperatorluğu 30 oktyabr 1918-ci ildə Mudros sazişi imzalayır. Bu müqaviləyə görə  Anadolunun bir çox yerləri kimi Maraş da işğala məruz qalır. Və elə o dönəmlərdə belə bir deyim yaranır:

Maraş bizə məzar olmadan, Düşmana gülzar olmaz.

Maraşlılar bu andla  fransızlarla qeyri-bərabər döyüşə girərək  qalib gəlirlər və o şanlı tarixdən maraşlılara miras qalan tək Maraş qalası olmur, həm də  Abdal Xəlil Ağayla Südçü İmam əfsanəsi olur...
1920-ci ildə yaradılmış Miniatür Qəhrəmanmaraş Qurtuluş muzeyini ziyarət edərkən  bu əfsanələri də dinləyirik.

Qızıl cavab

Dediyimiz o dönəmdə Maraşda bir ovuc erməni yaşayırmış və dörd gözlə fransızların gəlişini gözləyirmişlər ki, saxta göz yaşları töküb necə ağır şəraitdə yaşadıqlarını, türklərin əsarəti altında necə əzildiklərini din qardaşlarına bəyan etsinlər. 
 
Fransızların gəlişini xəbər verən teleqramı alan kimi erməni Ağop davulbaşı Abdal Xəlil ağanı yanına çağırtdırır, fransız əsgərlərinin davul-zurna ilə qarşılanacağını deyir və yoxsulluq içində yaşayan Xəlil ağaya bir kisə qızıl uzadır.

Abdal Xəlil ağa diksinir və Ağopa “Bir kisə qızl deyil, davulumun içini qızılla doldursan belə, din qardaşlarımın bağrına çomak vurmaram” - deyərək tarixə qızıl hərflərlə yazılacaq cavab verir.

Südçü İmam Əli

Maraşın tarixində Südçü İmamın öz yeri var.

1919-cu il hadisələrində erməni əsgərləri fransız uniformasını geyinib şəhərə girirlər. Uzunolukdan keçərkən hamamdan çıxıb gedən qadınların qarşısını kəsib  “Bura artıq türklərin deyil, Fransız məhəlləsidir,  çadra ilə gəzmək olmaz, açın üzünüzü deyrlər.  Hamamın yaxınlığındakı Kəl Hacının kafesində olan Çaxmaxçı Səid və Cəfər Kabuloğlu xanımları işğalçıların əlindən almaq istəyərkən  yaralanırlar. Kiçik bir dükanda süd satan və  hadisələri izləyən Südçü İmam tapançasını götürüb özünü hadisə yerinə çatdırır və güllə açılır... Açılan bu ilk güllə  milli mücadilənin mənzərəsinin dəyişməsinə vəsilə olur.

Südçü İmam müharibənin taleyini dəyişir, maraşlılar ölüm-dirim mübarizəsinə girərək fransızların işğalına son qoyurlar. Böyük bir universitetin Südçü İmamın adını daşıması isə maraşlıların Südçü İmama  verdikləri  ən böyük dəyərdi...

“Uğur böcəyi” şənlikləri

Maraş zəngin mədəniyyətə sahib olan bir bölgədi. Tarixi günümüzə daşıyan muzeylər, mükəmməl qalalar,  körpülər, camilərlə yanaşı şəhərin uğur böcəkləri də bu yerin uğurudur. Maraşda hər il “Uğur böcəyi” şənlikləri keçirilir və bu bayram insanlara uğur və nəşə gətirir.
Maraş dondurması

Maraşın mətbəx mədəniyyəti də dillərdə dastandı. Yaylaqlardan gələn təzə səbzə, keçi südündən hazırlanmış  pendir, çiy köftə, paxlava Maraş süfrəsinin bəzəyidir. Bütün bunlarla yanaşı Maraş bütün dünyada  çeşidli “Maraş dondurması” ilə məşhurdu.
Çətirli  kitab sərgisi 

Min illərdi kitab insanları   birləşdirir, min illərdi  kitab insanları qaranlıqdan işığa, aydınlığa çıxarır, min il sonra da belə olacaq - insanlar oxumaqla, daha çox oxumaqla  yaşamaq haqqı qazanacaq. Çünki müqəddəs kitabımız  “Oxu, Allahın adıyla oxu”   - deyə insanlara xitab etdi.

Məni bu səfərə dəvət edən dəyərli millət vəkilimiz Qənirə Paşayeva  “Min kilometrlərlə uzaqda olsa belə, dəvət olunduğum kitab sərgilərinə, kitab təqdimatlarına gedirəm” -  deyir.

Bu da gözlədiyimiz an,  adamlar axın-axın çətir yağışının altından keçib kitab sərgisinə  gəlir, çətirlərdən asılan kitablar kitabın göydən gəldiyinə işarədi və bu simvol sərgiyə xüsusi rəng qatır.

Qəhrəmanmaraşın Böyük şəhər Bələ diyyəsi tərəfindən keçirilən ikinci mədəniyyət və kitab sərgisində  254 nəşriyyat evi, 220 yazar iştirak edir.

Bəy-gəlin paltarında kitab sərgisinə gələn gənclər də  kitab bayramına xüsusi rəng qatır. Ailə qurmağa hazırlaşan gənclər kitab sərgisinə gəlməklə kitaba olan sevgilərini bildirirlər.

Kitab sərgisinin açılışında Azərbaycanı  türk dünyasında və eləcə də  dünyada layiqincə təmsil edən  millət vəkili Qənirə Paşayeva çıxış edərək  Azərbaycan-Türkiyə əlaqələri bardə danışdı. O çıxışında
“Türkiyənin gücü gücümüz, sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın da gücü sizin gücünüz,sevinci sevinciniz, kədəri kədərinizdir. Gənc nəsillərin bu ruhda yetişməsi üçün daha da çox çalışmalıyıq. Azərbaycan və Türkiyə dövləti olmayan, ağır vəziyyətdə, zülm altında yaşayan bir çok türk toplumlarının ümidi, pənahıdır. Dövlətlərimizə, birliyimizə  daha çox sahib çıxmalı və qorumalıyıq. Hər gün gərginləşən bölgədə insanlarımızın üzülməməsi, haqqımız olan haqqı əldə edə bilmək üçün birlik və güclü olmalıyıq” - deyərək   kitab sərgisinin  ən yaddaqalan iştirakçısına çevrildi.

Sərginin açılışında Qəhrəman Maraş Böyük şəhər Bələdiyyə Başkanı Fatih Mehmet Erkoç, Ağ partiya İstanbul Millət vəkili Ekrem Erdem, Ağ partiya Qəhrəmanmaraş millət vəkili Veysi Kaynak, yazarlar Əbdurrəhman Dilipak,  Ahmet Taşgetiren çıxış etdilər.

Açılışından sonra kitabların imza mərasimi keçirildi.  Qənirə Paşayeva  Türkiyədə çap olunan  İmdat Afşarla həmmüəllifi olduğu  Azərbaycan yazıçılarının “Qarabağ hekayələri” antologiyasını və “Allah sevən qəlblərdədi” kitablarını oxuculara təqdim etdi. İmza mərasimində yüzlərlə maraşlı  Qənirə Paşayevayla şəkil çəkdirdi.

Qəhrəmanmaraşa səfəri zamanı millət vəkili Qənirə Paşayeva Qəhrəmanmarş valisi Mustafa Halan Guvençeri, Qəhrəmanmaraş Böyük şəhər Bələdiyə Başkanı Farih Mehmet Erkoçu, Qəhrəmanşəhər Südçü İmam Universitetinin rektoru professor  Durmuş Devecini ziyarət etdi.

Haşiyə: Bu yerdə mütləq deməliyəm ki, Qəhrəmanmaraş Böyük şəhər Bələdiyyəsi “Azərbaycan bulvarı”nda yerləşir. Bu, Qəhrəmanmaraşın Azərbaycana olan böyük sevgisinin nəticəsidir. Hər gün yüzlərlə qəhrəmanmarşlı “Azərbaycan bulvarı”ndan keçir, hər gün yüzlərlə insanın ürəyindən Azərbaycan keçir.  

Qənirə Paşayeva səfəri zamanı Türkiyənin Şanlıurfa şəhərini də ziyarət edərək bölgə valisi İzettin Küçük və Şanlıurfa Böyükşəhər Bələdiyyə Başqanı Nihat Ciftci ilə də görüşdü. Millət vəkilinin Şanlıurfada “Qarabağ parkı”nın salınması  təklifini bələdiyyə başqanı dəstəklədi. 

Millət vəkili Qənirə Paşayeva səfəri zamanı  “Yeddi qitə beynəlxalq tələbə dərnəyi”ndə Qəhrəmanmaraş Sütlü İmam Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirdi. Xatırladaq ki,  Sütçü İmam Universitetində 33000 tələbə təhsil alır,  onlardan  89 nəfəri azərbaycanlıdır. Gənclərimizin təhsili ilə maraqlanan millət vəkili tələbələrlə geniş söhbət edərək  onların problemləri ilə  maraqlandı.    

Talha Bora Öge gecəsi

Qəhrəmanmaraş yaddaşımızda həm də yazar,  “Eşq hər zaman yarım qalır”, “Siyah”, “Allah eşqinə dua et” kitablarının müəllifi,  Türkiyənin ən tanınmış radio aparıcılarından biri  Talha Bora Öge-Gölkənin şəhidlərə həsr etdiyi  gecəsiylə yadda qaldı. Tarixi köklərimiz, milli dəyərlərimiz üzərində qurulan proqram və Talha Boranın natiqlik bacarığı gecə boyu zalı dəfələrlə titrətdi. 

Gecə həm də millət vəkili Qənirə Paşayevanın möhtəşəm çıxışıyla  yadda qaldı. Qənirə xanımın çıxışından təsirlənən Talha Bora “Ya, biz də özümüzü natiqmi sayırıq” - deyərək heyrətini gizlətmədi. Hər iki yazar kitablarını bir-birlərinə  hədiyyə etdilər.

Son qeydlər: Maraşda tez-tez eşitdiyim biz sözü xatırlayıram: “Maraşlılar ya kimisə sevir, ya sevmir”. Mənə elə gəldi ki, maraşlılar Azərbaycan heyətini sevdi və həm də çox sevdi. Biz qəhrəmanmaraşlıları sevdiyimiz kimi. Şairlər şəhərini kim sevməz ki...

Bakı-Qəhrəmanmaraş-Bakı

 





28.11.2015    çap et  çap et