525.Az

"Ədəbiyyatın dostları" klubunun ilk ekskursiyası - Fotoreportaj


 

"Ədəbiyyatın dostları" klubunun ilk ekskursiyası - <b style="color:red">Fotoreportaj</b>

Ötən şənbə - noyabrın 28-i "Ədəbiyyatın dostları" klubu üçün ekskursiya günü kimi yadda qaldı. Bu bir gündə yaddaşımıza, XIX əsrin tablolarından Səməd Vurğunun yazı masasına, qədim kitabələrdən  Hüseyn Cavidin şəxsi əşyalarına qədər uzun bir tarix köçürüldü...            

İçərişəhər metrosunun önündə əməlli-başlı qələbəlikdi. "Ədəbiyyatın dostları"nın rəhbəri, yazıçı və ədəbiyyatşünas Pərvin klub üzvlərinə günlük planımızı açıqlayır: "Əvvəlcə Milli İncəsənət Muzeyində olacağıq. Daha sonra Hüseyn Cavidin Ev Muzeyini ziyarət edirik. Nəhayət, Səməd Vurğunun Ev Muzeyində ekskursiyamız tamamlanır".

Klubun üzvləri az deyil. Hamı bir nəfər kimi Milli İncəsənət Muzeyinə üz tutur. Ancaq bu əlli nəfərlik heyət muzeyə daxil olmaq üçün bir neçə qrupa ayrılmalıdır... Biletlərimizi almışıq və artıq içəridəyik. Bələdçimiz gənc bir xanımdır, biz onun arxasınca pillələri qalxırıq. Milli İncəsənət Muzeyində iki- üç minillik tarixi olan qədim tapıntılardan XIX əsrin Rus-Avropa incəsənətinə qədər geniş bir mədəniyyətin astanasına qədəm qoyuruq. Muzeyin iki korpusu var: qədim və müasir incəsənət. Birinci bölüm tamamilə Azərbaycan mədəniyyətini ehtiva edir. Ancaq müasir incəsənət zallarında həm milli, həm də xarici sənət nümunələri ilə qarşılaşırıq. Bütün bunlar insanda olduqca rəngarəng, dolğun və həyəcanlı təəssüratlar yaradır. Vitrindəki büt-ilahə, qədimi fiqurlar, saxsı qablar, döyüş geyimləri və silahları, mücrülər, qələmdanlar  - bütün bunlar həmin təəssüratın bir parçasıdır. Milli İncəsənət Muzeyində ekskursiyamızda, xüsusilə, xalçaçılıq sənətinin mədəniyyətimizin çox önəmli hissəsi olduğunun fərqinə vardım. Hətta mənə elə gəldi ki, muzeyin əsas enerjisi Qarabağ, Gəncə və Təbriz xalçaçılıq məktəblərinin əsərləri ilə birbaşa bağlıdır. Əlbəttə, bu düşüncə Təbriz xalçası olan və portret xalça adlandırılan "Dörd fəsil" xalçasını gördükdən sonra daha da qətiləşdi. Zallardakı eksponatlar arasında müxtəlif məktəblərə aid xalılar var idi. İlin dörd fəslinin fırçayla çəkilmiş rəsm kimi canlı ifadəsi olan xalça ən yaddaqalanı idi. Fəxralı xalçalarına, Ləmpə xalçasına, Quba xalılarına, XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid şəddələr və canamazlara (xüsusilə, Təbriz məktəbinə aid, XIX əsrdən qalan "yəhərüstü") yaxından baxmaq xalçaçılığın mədəniyyətimizi necə zinətləndirdiyini görmək üçün önəmlidir.

Müasir incəsənət korpusunun Rus-Avropa bölümü isə portretlərin işığında orta əsrlərdən müasir dövrə doyumsuz bir axın idi. Açığı, burada zaman daha tez keçdi, ancaq bu, maraqlı və sehirli bir dünyadan kölgəli və işıqlı portretlərə qədər uzun, fasiləli fotogenik yaddaş deməkdir. Solimena Françeskonun, Rafael Santinin əsərləri Qərbi Avropa zalında xatırladığım ən gözəl mənzərələrdəndir. Burada italyan, holland və digər  rəssamların əsərləri var. Rus incəsənətinə ayrılmış zallarda da nümunələr olduqca çoxdur. Ayvazovskinin, Muraşkonun, Martınovun, Korovinin "Paris axşamı" əsərlərinə baxmaq muzeyə ziyarətimizin bəlkə də ən zövqlü bölümü idi.

İkinci ziyarət məkanımız Hüseyn Cavidin Ev Muzeyi oldu. Bura şairin 1920-37-ci illərdə yaşadığı binadır. "Ədəbiyyatın dostları" Cavid ailəsindən, əlbəttə, xəbərsiz deyil. Muzeydə olduğumuz müddətdə verilən məlumatların bir qismi tanış idi. 2007-ci ildə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş "Cavid ömrü" filminə baxanlarımız üçün bu evin hər elementi bir az da doğma gəldi. Masalar, Cavidin əlyazmaları, fotoşəkillər, ədibin nakam oğlu Ərtoğrul üçün ayrılmış bölmə, rəfdəki lüğətlər... Təəssüf ki, kitablara toxunmaq olmur. Amma o evdə mütaliə edilmiş kitabları varaqlamaq keçdi ürəyimdən. "Cavidin faciəsi" otağında isə şəxsi əşyalara, divar saatına, yazı masasındakı qələm, kağız və şamdanlara, masanın arxasında divardan asılmış hündür "Qara yazı" tablosuna (burada repressiya qurbanlarının rəsmləri çəkilib), yenə vitrinə qoyulmuş, şairin sürgündən ailəsinə yazdığı məktublara (Cavidin latın qrafikası ilə yazdığı sadə, sevimli xəttinə), ölüm şəhadətnaməsi və divardakı rəngsiz fotoşəkillərə baxdıqca təsirlənməmək mümkün deyildi. Otağın ideyası Altay Hacıyevin "Yenə o bağ olaydı" tablosu - Cavid, ailəsi və qələm yoldaşları ilə - tamamlanır.

"Ədəbiyyatın dostları" klubu Səməd Vurğunun da Ev Muzeyini ziyarət etdi. Bu muzey şairin həyat və yaradıcılığına aid önəmli izlər daşıyır. Otaqlardan biri şairin oğullarının - Xalq yazıçısı Yusif Səmədoğlu və Xalq şairi Vaqif Səmədoğlunun birgə xatirə guşəsi kimi tərtib edilib. Səməd Vurğunun otağında şəxsi əşyaları (portsiqarlar, daraq, diş fırçası, hədiyyə olunmuş araxçınlar, külqabı) və şəkilləri  ilə yanaşı, ölümündən sonra çıxarılmış üz təsviri də var. Ovçuluqla bağlı vitrində şairin kürkü, tüfəngi və sazı yerləşdirilib. Yazı masası yanındakı iri rəfin şüşələri arxasında qorunan rusca kitabların əksəriyyəti müəlliflər tərəfindən hədiyyə olunub.

"Ədəbiyyatın dostları"nın ilk ekskursiyası olduqca maraqlı keçdi. Klub rəhbəri Pərvin muzeylərə, incəsənət məkanlarına gənclərin maraq və həvəslərini nəzərə alıb bu kimi mədəni məzmunlu ziyarətlərin, ədəbi məşğələlərin davamlı olacağını söylədi. Klubun növbəti ekskursiyası isə Ədəbiyyat Muzeyinə olacaq.

Müşfiq ŞÜKÜRLÜ

 





01.12.2015    çap et  çap et