525.Az

Rəşad Məcid: “Peşman deyiləm”


 

“Bundan şou düzəltdilər, məni antitürkçü çıxardılar...”

Rəşad Məcid: “Peşman deyiləm”<b style="color:red"></b>

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin Türkiyənin Rusiya hərbi təyyarəsini vurması ilə bağlı “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidir! Yanlış olub, deməlidir” fikri ətrafında qalmaqal mediada uzun müddət müzakirə olundu.

Telejurnalist Sevil Nuriyeva ilə millət vəkili Aqil Abbas və Rəşad Məcid arasında gedən söz davasına politoloq Zərdüşt Əlizadə də qoşuldu.Tərəflər arasındakı fikir ayrılığı zaman-zaman təhqir həddini də keçdi.

R.Məcid “Yeni Müsavat”a müsahibəsində bu qalmaqalın yaranması və onun ətrafında gedən proseslərlə bağlı danışdı. Müsahibimiz öncə məlum fikirlərini necə və hansı zərurətdən yaydığını açıqladı.

- Mən səhər-səhər oyananda öz fikirlərimi sosial şəbəkədəki statusumda əks etdirdim. Həmin axşam Rusiya və Türkiyə televiziyalarına baxdım, prosesləri izlədim. Səhər oyananda bunu yazmışam. Orda da Azərbaycan dilində bildirmişəm ki, Türkiyə Rusiyadan üzrxahlıq etməlidir, “yanlış olub” deməlidir. Ola bilsin ki, “yanlış olub”u “keçmiş olsun” kimi deyə bilərdim.

Amma fikirlərimi orda aydın şəkildə demişəm ki, Rusiya-Türkiyə əməkdaşlığının bizim bölgənin problemlərinin həllində rol oynayacağını düşünürdüm. Yaxınlaşma gedirdi və son bir neçə ildə belə yaxınlaşma olmamışdı. İndi də o fikirdəyəm. Mənim proseslərə soyuqqanlı baxışımdan yaranan qənaətdir. Düzdür, bir günün, üç günün qənaəti deyil. İllərin qənaətidir ki, bizim Qarabağ probleminin həlli məhz Rusiya, Türkiyənin razılaşmasından, əməkdaşlığından, müttəfiqliyindən keçir.

Bu hisslərimi də o şəkildə bildirmişəm. Hansısa saytlar o yazını götürdülər, üzrxahlığı üzr istəmək kimi təqdim etdilər, bundan şou düzəltdilər, məni antitürkçü çıxardılar. Bu, onların öz işidir, öz vicdanlarının səsidir. Mən çoxdandır qaragüruhun hücumuna öyrəşmişəm, bir neçə dəfə belə hallar olduğu üçün ona soyuqqanlı yanaşıram. Bir adam öz düşündüyünün, fikirlərinin həqiqət olduğunu bilib, ona inanırsa, hər hansı qaragüruh hücumu onu narahat etmir. Məni burda narahat edən ağıllı saydığım, siyasəti bilən, bölgədə sakitliyi, stabilliyi arzulayan adamların da qaragüruhun hücumundan qorxaraq səslərini çıxarmamaları idi. Buna təəssüfləndim ki, niyə normal, soyuq düşüncəli adamlar bu proseslərin Azərbaycana da, Türkiyəyə də, Rusiyaya da ziyan verəcəyini görmürlər. Bu mənada bəzi adamların münasibətindən təsirləndim.

- Sizi dəstəkləyənlər çox oldu?

- Bəli. Hətta belə oldu ki, təklikdə “Rəşad müəllim, siz düz deyirsiz, sizin kimi düşünürük” dedikləri halda, bu fikirlərini ictimaiyyətə açıqlamaqdan çəkindilər. Mənim indi 20-25 yaşım yoxdur ki, ümumi kütlənin dediyini deyim. Mənim nə fikrim varsa, onu deyirəm. Özümü haqlı sayıramsa, yüz dənə keçmiş irançılar, eynullafətullayevlər, zərdüşt əlizadələr hədyan yağdırsalar da, mən öz fikrimdən dönən deyiləm. Əslinə qalanda, artıq Azərbaycanda hamı bir-birini tanıyır. Kimin nəyə görə sevindiyini də aydın bilir. Əgər bir ilin irançısı bu hadisəyə sevinirsə, deməli, o, Türkiyə-Rusiya münasibətinin pisləşməsini arzulayır. Və yaxud min ilin rusiyapərəsti Eynulla Fətullayev bu hadisəyə sevinirsə və birdən-birə pantürkistə çevrilirsə, bunun da arxasında çirkin hadisələr dayanır. Ona görə də mən bu hadisələrlə bağlı bu ovqatdayam.

- Yanılmıramsa, bu açıqlamadan sonra sizə hücum edənləri “üzr istəmək” və “üzrxahlıq” ifadələri arasındakı fərqi bilməməkdə ittiham etdiz. Hərçənd ki, bunu söz oyunu adlandıranlar da oldu. Bütün hallarda siz Türkiyəni bu məsələdə haqsız hesab etmişdiz...

- Azərbaycanda Azərbaycan dilini gözəl bilən Ramiz Rövşən və Türkiyədəki professor, alim dostum İrfan Çiftçi ilə bu məsələləri müzakirə etdik. Onlardan da soruşdum ki, “üzrxahlıq” və “üzr istəmək” sözləri arasında fərq varmı? Dedilər ki, bəli, fərq var. İndi Ərdoğanın “biz təəssüf edirik ki, bu hadisə baş verib” açıqlaması da həmin mən dediyim üzrxahlıq idi. Sadəcə, bir az gec oldu. Hadisə baş verəndən sonra demək olardı ki, indi oldu, təyyarə sərhədimizi keçmişdi deyə baş verdi... Amma biz istəmirik ki, münasibətlər gərginləşsin. Mən bunu arzulayırdım.  Amma bu açıqlama bir az gec oldu. Ona görə də münasibətlər belə gərginləşdi.

- Sizin fikrinizə qarşı çıxanlardan birinin - Fazil Mustafanın arqumenti isə belədir ki, “Rusiya Türkiyənin sərhədində müharibəyə başlayıb və əslində aylardır Türkiyəyə gövdə göstərir. Enində-sonunda bu qarşıdurma hansısa sərt dalana dirənəcəkdi...”  Bu məntiqə nə deyəcəksiz?

- Türkiyə şüurlu şəkildə bu yolu - Rusiya ilə konfrantasiya yolunu  seçmişdisə, Rusiyanın mövqeyinin əleyhinədirsə, Rusiya Krıma qoşunu saldığı kimi, Türkiyə də qoşunu türkmənlər yaşayan əraziyə salsın və Rusiya ilə müharibə etsin. Əlbəttə ki, hamımız bu halda Türkiyənin tərəfində olub, onu dəstəkləyəcəyik.

- Bu polemika çərçivəsində sizi “Rusiyanın adamı” da adlandırdılar, kürd kimi təqdim edənlər də oldu. Sevil Nuriyeva isə sizə münasibətdə maksimum sərt ifadələr sərf etdi. Bu qədər ajiotaj doğuracağını bilsəydiz, bu açıqlamanı verərdizmi?

- Peşman deyiləm. İndi də o fikirdəyəm ki, o fikirləri barışıq yaratmaq üçün söyləmişəm. Sevil Nuriyevanın aşırı millətçiliyi, isterik səviyyədə münasibətinə görə mən bir az gülümsədim. Çünki hesab edirəm ki, Sevil məni neçə illərdir tanıyır. Bu cür münasibət Rusiyadakı indiki isterik ovqatın təzahürü idi. Mən Sevilə proseslərə sakit baxmağı arzulayıram. Hesab edirəm ki, onun psixikasında problemlər yaranıb. Qalan ittihamlara gəlincə, məni rusiyapərəst, kürd adlandıranlara da gülümsəmə ilə cavab verirəm. Çünki mən bütün varlığımla, qanımla özümü türk hesab edirəm, həmişə Türkiyənin yanındayam, Türkiyəni sevirəm, dəfələrlə Türkiyə ilə bağlı yazılar yazmışam. Türkiyə uğrunda mübarizəyə də hər zaman hazıram. Hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin qorunmasında da Türkiyənin böyük rolu var. Məhz Türkiyəni sevdiyimə görə bu fikirləri söyləmişəm.

 





01.12.2015    çap et  çap et