525.Az

Yada düşən "Yada düşdü"...


 

Yada düşən "Yada düşdü"...<b style="color:red"></b>

Dünyada ən ağır aqibət unudulmuşlara, unutdurulanlara aiddir. Dünyanın ən ağır hökmü "Unudun!" hökmüdür.

Xüsusilə, "Ədəbiyyat autodafesi-yalnız tonqalda yandırmaq deyil, həm də unutdurmaqdır" - (Anar).

Dünyanın 7 möcüzəsindən biri olan Artemida məbədini yandırdığına görə Herostrat tarixə qəhrəman kimi düşmək istəyirdi.Ən qatı cinayətkar kimi düşdü.Onun haqqında çıxarılan hökm daha dəhşətli oldu: "Unudulsun! Unudun onu, xatırlamayın, yada salmayın!"

Aşıq Veysəl "Dostlar məni xatırlasın" şeirini nahaq yerə yazmamışdı ki!

Elə Xalq şairi Səməd Vurğun da bu haqda danışırdı və inanırdı ki:

Vurğunu da salar yada,
Düz ilqarlı bizim dağlar!
 

Yadda olmaq, yada düşmək böyük səadətdir. Ramiz Rövşən deyir ki, mən Allahın yadına şeir yazanda düşürəm.

5 ildir ki, nəşr olunan nostalji xarakterli "Yada düşdü" jurnalı da bu  ülvi missiyanı yerinə yetirir! Yada salmaq, yaddan çıxmamaq missiyasını!

Jurnalın təsisçisi, mənim nəzərimdə sanki  Müşfiqin "Yenə o bağ olaydı" şeirində böyük ilhamla təsvir etdiyi Bakı bağlarından çıxıb gəlmiş, gözəl şeirlərin və şeir kitablarının müəllifi Nəzakət xanım Məmmədovanın, jurnalın baş redaktoru, görkəmli yazıçımız Nahid Hacızadənin və redaktor, şair qardaşım Zülfüqar Şahsevəlinin fədakarlıqla nəşr etdikləri bu jurnal artıq özünəməxsus oxucu auditoriyasına malikdir.Jurnal ilk saylardan diqqəti cəlb edən, maraqlı oxunaqlı xatirələr, publisistik məqalələr,  nostalji şeirlər, hekayələr çap etməyə başladı. Uşaqlar, xüsusən, körpə yaşlılar da unudulmadı.Dəyərli qələm dostumuz Salatın Əhmədli bu boşluğu hiss edilməyə qoymadı.

Jurnalın səhifələrində tariximizlə, mənəvi dünyamızla, millətimizin keçmişi, bu günü, sabahıyla bağlı  yazılar da mütəmadi yer alır. Jurnalda mənim də yazılarıma böyük diqqət  və qayğıyla yer ayrılır.

Mən bu jurnalın yolunu  hər dəfə ədəbi-bədii jurnallarımızdan biri kimi gözləyirəm. Və bu jurnal çox sevdiyim və mütaliə etdiyim jurnallardan biridir.

Bir sözlə, hesab edirəm ki, "Yada düşdü" jurnalını çap etmək ideyası çox vaxtında yada düşüb.

5 illik fəaliyyətindən sonra öz "kiçik" yubileyinə hazırlaşan "Yada düşdü" yada düşdü.

Neçə-neçə illər keçəcək.İnanıram ki, bu jurnal öz böyük yubileylərini də keçirəcək. Və "Yada düşdü" həmişə yada düşəcək!

 





01.12.2015    çap et  çap et