Dünən Daxili İşlər Nazirliyi, Milli təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçiriblər.
Əməliyyatın məqsədi uzun illərdir Nardaranı yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əminamanlığı və normal həyat ritmini bərpa etməkdir. Qəsəbədə tədbirlərin həyata keçirilməsinə başlanmış, küçə və meydanlar radikal dini simvolikalardan, ekstremist və terrorçuların qurduğu "barrikadalarından" təmizlənir. Əməliyyat zamanı insanları itaətsizliyə və müqavimət göstərməyə çağıran terrorçu və ekstremist dəstənin üzvləri gizlənmiş, hazırda onların müəyyənləşdirilməsi və saxlanması istiqamətində tədbirlər davam etdirilir. Əməliyyat həyata keçirilən zaman ictimai qaydaları pozan, müqavimət və itaətsizlik nümayiş etdirən şəxslər haqqında qanun çərçivəsində tədbirlər görüləcəkdir. Bundan sonrakı dövrdə Nardaranda hakimiyyət orqanlarının funksiyasını mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq, Nardaranda qanunların işləməsi təmin ediləcək, qəsəbədə ümumi həyat ritmi bərpa olunacaqdır.
Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir. Dövlət ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi.
Qeyd etmək laızmdır ki, Azərbaycan dövləti dünyada tolerantlıq məkanı, bütün millətlərə və dinlərə bərabər şəraitin yaradıldığı bir dövlət kimi tanınır. Təsadüfi deyil ki, Azərbaycanın illərin sınağından uğurla çıxmış bu ənənəsi dünyada model kimi qəbul olunur. Amma təəssüf ki, bütün bunlar, üstəgəl ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik, demokratik inkişaf, hüquqi dövlət quruculuğu bəzi həm xarici, həm də daxili qüvvələrin narahatlığına səbəb olub. Həmin qüvvələr din amilindən istifadə edərək qarışıqlıq salmağa, Azərbaycanda hökm sürən sabitliyə, uğurla qurulmuş din-dövlət münasibətlərinə zərbə vurmağa çalışırlar. Əlbəttə, Azərbaycanın xarici düşmənləri həmişə olub və olacaq, amma daxildən bu proseslərə dəstək verənlər daha təhlükəlidirlər. Hər kəsə bəllidir ki, müxalifətin radikal qanadının birləşdiyi "Milli Şura" adlanan qurum istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Nardaranda baş verən məlum hadisələrdən sonra "Milli Şura"nın yenə də eyni yanaşma nümayiş etdirməsi, ekstrimist qruplara haqq qazandırması bu qüvvələrin ancaq öz şəxsi ambisiyalarından, siyasi maraqlarından çıxış etdiklərini bir daha ortaya qoydu.
Nardaranda durum hər kəsə bəllidir. Aydındır ki, Nardaran qəsəbəsi istisna olmaqla Azərbaycanın heç bir inzibati ərazi vahidində mövcud qanunlardan və ictimai həyat normalarından fərqli durum yoxdur. Uzun illərdir bu qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər.
Qəsəbədə icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilir. Xarici dini mərkəzlərdən qidalanan miskin "təlimatçılar" elmi təhsili olmayan və zəif dünyagörüşlü sadə insanlara belə bir ideya aşılamağa çalışırlar ki, xilas onların dini spekulyasiyalarına qatılmaqdadır. Onlar təhsilin, maarifçiliyin, müasirliyin zəif olduğu yerlərdə öz niyyətlərini reallaşdırmağa çalışırlar. Buna görə də təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilir. Nardaranda qızları məktəbə getməyə qoymur, onları erkən yaşlarında ailə qurmağa məcbur edirlər. Buna görə də Nardaranda narkomaniya kimi sosial bəla geniş yayılıb.
Dövlət institutlarının fəaliyyəti əvəzinə qəsəbədə anlaşılmaz "ağsaqqallar şurası hakimiyyəti" yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənir.Qəsəbənin küçələrini Azərbaycan reallığına tamamilə yad olan dini bayraqlar, şüarlar bəzəyir, dini ayinlərin icrası şəriət qaydalarının hökm sürdüyü bəzi Şərq ölkələrinin mənzərəsini xatırladır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında Bakının Nardaran qəsəbəsində dini atributlar hesab olunan və qanunla yayılması, təşviq olunması qadağan edilən bayraqlardan istifadəni, qəsəbənin mərkəzində divarlara yerli-yersiz şüarların yazılmasını yolverilməz adlandırıb. Bunların qanunla yasaqlanan hərəkətlər olduğunu deyib. O bildirib ki, Azərbaycanda bayraq qaldırmağa ehtiyac olan yerdə yalnız dövlət bayrağı qaldırılmalıdır".
Bu gün cəmiyyətdə hökm sürən vahid mövqe bundan ibarətdir ki, Nardaranda mövcud durum dəyişdirilməsi üçün hökumət lazım olan bütün sərt tədbirlərə əl atmalıdır. Əks halda bu qəsəbədə yeni radikal meyillər baş qaldıracaq. Nəticədə isə yuxarıda qeyd etdiyimiz kimi bəzi xarici və daxili dairələr bundan öz maraqları üçün istifadə edəcəklər. Necə ki, "Milli Şura" dəfələrlə baş verən istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onlar hər dəfə nümayiş etdirdikləri bu mövqeləri ilə Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazır olduqlarını göstərirlər.
Millət vəkili Musa Quliyev hesab edir ki, "Milli Şura" adlanan qurum istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onun sözlərinə görə, bəzi ağır xəstəliklər olan - QİÇS, vərəm və s. kimi siyasi xəstəlik bu insanların psixologiyasını pozub: "Beləcə insanlar istəyir ki, öz vərəm, QİÇS xəstəliyini başqasına da yoluxdursun. Bu gün "Milli Şura" siyasi cəhətdən vərəmli bir xəstədir. Məhz ona görə də onlar istəyirlər ki, ölkədə pis hadisələr olsun, hətta olmayan hadisələri belə pis hadisə kimi qələmə versinlər və rahat olsunlar. Bu qondarma qurum psixoloji, ideoloji cəhətdən xəstə bir vəziyyətdə olan insanların toplaşdığı bir yerdir. Ona görə də "Milli Şura"nın hər hansı bir bəyanatının, toplantısının, qərarının nə Azərbaycana, ölkə reallığına, nə də Azərbaycan xalqına aidiyyatı yoxdur".
M.Quliyev əlavə edib ki, onların istədikləri odur ki, nə baş verməsindən asılı olmayaraq Azərbaycanda vəziyyət həmişə pis olsun, qarışıqlıq olsun: "Beləcə bu insanlar da bundan bəhrələnsinlər. Bu şəxslər düşmənçilik niyyətlərini açıb ortaya qoyurlarsa, deməli onların söylədikləri erməninin söylədiklərindən, düşündüyündən heç bir fərqi yoxdur. Məhz ona görə də bunların xalq arasında heç bir nüfuzu, hörməti yoxdur. Onlar heç öz aralarında bir-birlərinə hörmət etmirlər. Müəyyən xarici qurumlar (missioner və s.) var ki, erməni siyasətini dolayısı yolla burada həyata keçirmək istəyirlər. Həmin "Milli Şura" onların sifarişi əsasında, onlardan aldığı pullar əsasında bu sözləri, fikiləri söyləyirlər. Təbii ki, bunu da Azərbaycan xalqı yaxşı bilir".
Millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, Azərbaycan dünya birliyində öz yerini tutmaq, vətəndaşlarına stabil, dəyərli və sosial təminatlı bir həyat yaşatmaq üçün maksimum tədbirlər görür. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövlətçiliyi uğurla davam etdirilən bir tarixi layihə kimi dünyada hörmətlə qarşılanır. Dövlətçiliyimizin fəaliyyətində vacib məsələlərdən biri insanların dini inancına hörmətlə yanaşılması, müxtəlif mədəniyyətlərin qovuşmasına dəstək verilməsidir.
YAP rəsmisinin sözlərinə görə, dövlətçiliyin ilkin şərtlərindən biri olan dövlət-din münasibətləri Azərbaycanda uğurla qurulub: "Bu gün din və dövlət daima bir yerdədirlər. Onların hər ikisinin fəaliyyəti ümumilikdə vətəndaşın normal həyatını təmin etmək, stabilliyini qorumaq, insanlarda sabaha inam hissini qoruyub yaratmaqdır. Azərbaycanda ənənəvi din islam olmasına baxmayaraq, digər dinlərin də fəaliyyətinə ölkəmizdə bütün şərait yaradılıb. Azərbaycanda dini tolerantlıq bu gün bütün dünyada bir nümunə kimi göstərilir. Bu həm dövlətin, cəmiyyətin, həm də hər bir vətəndaşın böyük bir uğurudur. Digər dinlərin nümayəndələri sərbəst şəkildə dini ayinlərini həyata keçirə bilirlər, onların dini məbədləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən bütün dini məbədləri dövlət hesabına pulsuz qazla təmin edir. Nəinki Azərbaycanda, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq Gürcüstandakı bütün dini məbədlər də Azərbaycan dövləti hesabına qazla təmin edilib".
A.Mirzəzadə bildirib ki, bu gün Azərbaycanda dini ayinlərin yerinə yetirilməsi üçün şərait vardır: "Həmin dini ayinlər dövlət başçısı tərəfindən təbrik edilir. Həmin ayinlərdə dövlət başçısı, dövlət rəsmiləri iştirak edirlər. Bu gün ölkəmizdə sərbəst şəkildə dini təhsil almaq mümkündür. Beləcə ölkəmizdə din müstəvisində qarşıdurma halları yoxdur və bundan sonrada olmayacaq. Çünki Azərbaycan vətəndaşının düşüncə səviyyəsi, daxili mədəniyyəti bunu etməyə heç bir zaman şərait yaratmır. Həmçinin ölkəmiz dinin və mədəniyyətlərin qovuşduğu bir məkan kimi onların dərinləşməsinə, inkişaf etməsinə də dövlət tərəfindən maksimum şərait yaradılır. Bununla bağlı həm xaricdəki İslam-din mərkəzləri, İslam-mədəniyyət mərkəzləri, eyni zamanda digər dinlərlə bağlı olan mərkəzlər də ölkəmizdəki praktikanı yüksək qiymətləndirir. Hesab edirəm ki, bugünkü dövlətçiliyimizin uğur qazanmasında bir çox faktorlar kimi, o cümlədən insanların dini inanclarına hörmətlə yanaşılması və dinin fəaliyyətinə dövlət tərəfindən dəstək verilməsində böyük rolu var".
Mətbuat Şurasının üzvü Azər Həsrət isə düşünür ki, "Milli Şura" Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdır. Onun sözlərinə görə, Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən "Milli Şura" bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə edib və yararlanmağa çalışıb: "Təəssüf ki, "Milli Şura"nın Nardaran hadisələri ilə bağlı açıqlaması iki başlı idi. Hətta bu açıqlamalar Nardaranda Azərbaycan polisinə silah tuşlamış adamlara haqq qazandıracaq kimi görünürdü. Yəni orada konkret mövqe ortaya qoyulmaqdansa, Azərbaycan polisinin davranışlarını, əməliyyatını dəstəkləməkdənsə "Milli Şura" konkret olaraq Nardarandakı pozucu, bölücü terrora köklənmiş adamların mövqeyini dəstəkləyən bəyanat vermişdi. Əlbəttə ki, Azərbaycan dövləti, dövlətçiliyi tarixində belə əməllər yolverilməzdir və bağışlanmazdır".
A.Həsrət əlavə edib ki, Azərbaycanda siyasi müxalifətçilik heç kimə qadağa deyil: "Hər kəs istədiyi şəkildə müxalifətçilik edə bilər. Amma ortada dövlətin, millətin mənafeyi məsələsi varsa, əlbəttə ki, burada artıq müxalifətçilikdən söhbət gedə bilməz. O baxımdan çox təəssüflə qeyd etmək istəyirəm ki, "Milli Şura" Nardaran hadisələrində bir daha özünün mahiyyətini ortaya qoymuş oldu. Yəni onlar bir daha göstərdilər ki, nə olur-olsun, kim olur-olsun bu yalnız Azərbaycana, dövlətə qarşı yönəlsin. Əlbəttə ki, belə bir siyasi qüvvənin Azərbaycana, ölkə xalqına fayda verə biləcəyini ağlımızın ucundan da keçirmirik".
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Nardaran əhalisini cinayətkar, xaricdən idarə olunan, dini bayraq götürərək onun arxasında gizlənən qüvvələrin əlindən xilas etmək lazımdır.
F.Mustafa hesab edir ki, onlar bütövlükdə Nardaran əhalisini girova çeviriblər: "Nardaranda başqa ölkənin bayraqları, şəkilləri yerləşdirilib və ruhanilərin təbliğatı aparılır. Bəs bu yola əl atanlar İranda bunları edə bilərlər? Əlbəttə ki, yox. Hesab edirəm ki, bu məsələlərdə dövlət bir qədər qəti davranmalıdır. Hakimiyyət Konstitusiya ilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Bunu başqa cür həyata keçirmək mümkün deyil. Ona görə də hər hansı itki olmadan bütün bu ekstremist ünsürlərin aşkar olunub qanun qarşısında cavab verməsini təmin etmək lazımdır. Düşünürəm ki, əsas olan budur".
PƏRVANƏ
çap et