525.Az

Radikal-ekstremist qüvvələrə qarşı sərt tədbirlər görülməlidir


 

"AZƏRBAYCANDA RADİKAL-EKSTREMİZMƏ QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ İLƏ BAĞLI QANUNA DƏYİŞİKLİKLƏR EDİLMƏLİDİR"

Radikal-ekstremist qüvvələrə qarşı sərt tədbirlər görülməlidir<b style="color:red"></b>

"Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdiyi əməliyyat son dərəcə peşakərlıqla hazırlanıb. Bu gündən sonra da radikal-ekstremist qüvvələrə qarşı sərt tədbirlər görülməlidir. Qanun keşikçilərinə silah qaldıran şəxslər ən ağır cəzaya məhkum edilməlidir".

Bu sözləri Konstitusiya Araşdırmalar Fondunun sədri, politoloq Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, uzun müddətdir ki, bu qruplaşmanın təşkilatçıları Azərbaycanda dünyəvi dövlət quruluşuna zidd olan fəaliyyət həyata keçirməyə çalışıblar. Onlar bu məqsədlərinə çatmaq üçün hətta zoraki üsullardan istifadə ediblər".

Nardaran hadisələrindən danışan Fond sədri dövlətin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb, xüsusi əməliyyat zamanı iki polis əməkdaşının şəhid olduğunu xatırladıb: "Radikal-ekstremist qruplaşmanın üzvlərini zərərsizləşdirən zaman şəhid olan hüquq mühafizə orqanlarının əməkdaşları dövlətin, xalqın təhlükəsizliyi uğrunda mübarizə aparıblar. Heç bir halda dövlətin konstitusion quruluşunu zor gücü ilə dəyişdirmək cəhdləri qəbul oluna bilməz. Bu istiqamətdə fəaliyyət göstərən qruplaşmaların qarşısı mütləq alınmalıdır".

Ölkənin hər bir bölgəsinin camaatı kimi, nardaranlıların da inanclı insanlar olduğunu deyən politoloq qeyd edib ki, xaricdən idarə olunan bu cür radikal-ekstremist qruplaşmaların onların İslam dininə olan inanclarından sui-istifadə etmələrinə imkan vermək olmaz. Kənd ağsaqqalları bir araya gələrək bu cür hərəkətlərin yolverilməz olduğunu bildiriblər. Bununla onlar radikal qüvvələr ilə eyni fikirləri bölüşmədiklərini göstəriblər".

Ə.Nuriyev bildirib ki, hər bir Azərbaycan vətəndaşı dövlətin qanunlarına riayət etməyə borcludur: "Əgər kimsə dövlətin qanunlarını yerinə yetirməkdən boyun qaçırırsa, qanun qarşısında cavab verməlidir".

Fond sədri hesab edir ki, Azərbaycanda radikal-ekstremizmə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qanuna dəyişikliklər edilməlidir: "Dövlətə qarşı silah qaldıran şəxslər ən ağır şəkildə cəzalanmalıdır. Azərbaycan xalqı son günlər dövlətin hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyatları dəstəkləyir, birmənalı olaraq hər kəsin qanuna riayət etməli olduğu fikrindədir".

Ə.Nuriyev Taleh Bağırzadə və onun ətrafının fəaliyyətinin dövlətə, cəmiyyətə qarşı təhdid olduğunu vurğulayıb: "Radikal-ekstremist qüvvələrə heç bir halda güzəşt etmək olmaz. Əgər kimsə baqa ölkənin maraqlarını yerinə yetirmək istəyirsə, o şəxslərin bu ölkədə yeri yoxdur".

Politoloq qeyd edib ki, Azərbaycanda hər kəsin dini etiqad azadlığı var: "Əhalinin mütləq əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkədə hər kəs mənsub olduğu dinin ayinlərini icra etmək, dini mərasimlərdə iştirak etmək imkanına sahibdir. Azərbaycanda heç kəsin dini baxışlarına müdaxilə olunmur".

Ölkədə tolerant mühitin formalaşdırıldığını qeyd edən Ə.Nuriyev dövlətin İslamı dəyərlərə xüsusi diqqət nümayiş etdirdiyini, yeni məscidlərin inşa, köhnələrinin bərpa edildiyini diqqətə çatdırıb: "Sovet dövründə Azərbaycanda bir neçə məscid vardısa, hazırda məscidlərin sayı iki mindən çoxdur. Bundan əlavə, digər dinlərin nümayəndləri üçün ölkədə sinaqoq, kilsələr mövcuddur. Hər kəs öz fikrini, dini inancını sərbəst şəkildə ifadə və icra etmə azadlığını sahibdir. Qanun çərçivəsindən kənara çıxan şəxslər isə törətdikləri pozuntulara görə cavab verəcəklər. Ümumilikdə isə, Azərbaycanda dini etiqad azadlığının həyata keçirilməsi ilə bağlı hər cür şərait yaradılıb, heç bir problem yoxdur".

Ceyhun ABASOV

 





02.12.2015    çap et  çap et