525.Az

Qərbin arzuladığı gedişat: Türkiyə-Rusiya qarşıdurması


 

ANKARA İLƏ MOSKVA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFINI QƏRB HƏZM EDƏ BİLMƏDİ

Qərbin arzuladığı gedişat: <b style="color:red">Türkiyə-Rusiya qarşıdurması</b>

"Türkiyə silahlı qüvvələrinin sərəncamında olan "F-16"-nın raket zərbəsi ilə vurduğu rus təyyarəsinə görə yaşanan hərbi-siyasi hərəkətlənmələr sübut edir ki, yalnız bir xalqın faciəsi üzərində qurulan işğal planları onu həyata keçirən dövlətlərin özlərini böyük itkilərdən tam sığortalaya bilməz".

Bu sözləri millət vəkili Zahid Oruc Türkiyə ilə Rusiya arasında yaranan gərginliklə bağlı fikirlərini bildirərkən deyib.

Z.Oruc hesab edir ki, Suriya dövlətinin süquta uğraması onun ərazisində yüz illərlə davam edən məzhəb və tayfa davalarının əsil dünya müharibəsinə çevrilmə potensialını üzə çıxardı: "Rusiyanı qəzəbləndirən son hadisənin səbəblərini hava məkanında və beynəlxalq avianəqliyyat qaydalarında axtarmaq, yaxud Yunanıstan rəsmilərinin tarixi ədavəti məlum şəraitə uyğunlaşdırmaq üçün "türklər il ərzində 2248 dəfə hava sərhədlərimizi pozur" bəyanatı üzərində təhlillər aparmaq sadəlövlük olardı. İndi rus təyyarəsinin Türkmən və Kürd dağları ətəklərindən daha böyük qövs cızıb Türkiyə ərazisinə keçməkdə məqsədinin nə olduğunu təyin etməyə çalışaq.Yəqin, Ukraynada 20 faizlik əraziləri öz təsir altına almış bir ölkənin Qərbin sanksiyalarının altından çıxıb hərbi gücünü belə geniş səviyyədə Türkiyənin arxa bağçasında nümayiş etdirməsi İslam etiketli bir dövlət üçün təhlükə siqnalı sayılıb. Cəmi bir neçə ay öncə bütün Avropanın təkləməyə çalışdığı Moskvanı iqtisadi təcridetmədən çıxaranlardan biri olan AKP lideri gücləndirdiyi tarixi düşməninin yeni siyasi planlarına razı ola bilməzdi".

Z.Oruc deyib ki, çoxları rusların cavab reaksiyasının nədən ibarət olacağını soruşur: "Hər halda iqtisadi əlaqələrin tamamilə kəsilməsi mümkün deyil. 40 milyarda yaxın olan xarici ticarət dövriyyəsi son ultimatumlar və qarşılıqlı ittihamlara maksimum on faizlik azalma ilə reaksiya verəcəkdir. Lakin 5 min metrdən "yıxılmış" rus əskərinin düşdüyü yeri müqəddəs sayan Rusiya Türkiyə əleyhinə olan bütün proseslərə təkan verəcək. Hələ sovet dövründən İrak ərazisindəki PKK yaraqlıları onsuz da 40 ölkənin geniş yardımını alırdı, indi Türkiyənin ərazi bötüvlüyünə qarşı onlar daha da gücləndiriləcək və kürd yaraqlılarının vasitəsilə daxildə terror cəhdindən tutmuş siyasi itaətsizlik aksiyalarına qədər geniş miqyasda təxribatlara gediləcək".

Millət vəkili əlavə edib ki, Ermənistan amilinin gücləndirilməsi,tarixi düşmənçiliklərin yenidən gündəmə qaytarılması, Türkiyəyə verilən qaz kranının ventilinin fırladılması və bununla da onsuz da ağır günlərini yaşayan türk lirəsinə zərbə vurulması, ötən illər ərzində Rusiyada möhkəmlənən türk kampaniyalarına qarşı təzyiqlərin və məlum sovet yağmalanması tədbirlərinin həyata keçirilməsi ehtimal olunan aksiyalar sırasındadır: "Hər halda türklərlə rusların savaşına abidə qoyanların gerçək millət sevgisinə inanmayın".

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, məlum təyyarə hadisəsindən sonra Rusiyada Türkiyəyə və türklərə qarşı başlanmış total hücumu, təbliğat kampaniyasını və sanksiya qərarlarını narahatlıqla seyr etməkdəyik: "Rusların olayı bu qədər böyütməsini və Türkiyə ilə son 10 ildə əldə edilən yüksək iqtisadi və siyasi dividentlərin üstündən xətt çəkməyə hazır olmasını başa düşmək çətindir. Hesab edirəm ki, Rusiyanın belə reaksiyası baş vermiş insidentə adekvat deyil. Tarixdə bu cür hadisələr az olmur və belə hallarda tərəflərin daha soyuqqanlı olması və müdrik davranması gərəkir. Ümid edək ki, Rusiya ilə Türkiyə arasında yaranmış gərgin vəziyyət hər iki ölkənin liderlərinin müdrikliyi və praqmatikliyi hesabına tezliklə aradan qalxacaq. Bunu ilk növbədə Rusiya və Türkiyənin ortaq maraqları tələb edir. Vəziyyətin nəzarətdən çıxması isə heç kimə fayda gətirməyəcək".

A.Quliyev qeyd edib ki, mövcud qarşıdurma Azərbaycana da sərf etmir: "Təsadüfi deyil ki, rəsmi səviyyədə vasitəçi və barışçı missiyamızı tərəflərə təklif etmişik.

Düşünürəm ki, bütün riskləri nəzərə alaraq, Putinlə Ərdoğan şəxsi hisslərini və emosiyalarını unudaraq problemin həlli üçün müvafiq addımlar atmalıdırlar".

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov isə bildirib ki, Türkiyə-Rusiya münasibətlərindəki yaxınlaşmanın kimlərinsə xoşuna gəlmədiyi çoxdan bəlli idi: "Bu münasibətlər son illərdə özünün elə bir inkişaf mərhələsinə qədəm qoydu ki, bu artıq Qərbi qıcıqlandırmaya bilməzdi. Türkiyə NATO ölkəsi olsa da, onun Rusiya ilə münasibətləri heç bir halda müttəfiqlərinin maraqlarına cavab vermirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə ay öncə Moskvada verdiyi bəyanatları yada salaq. Hələ o zaman gün kimi aydın idi ki, Rusiya ilə münasibətlərin hərtərfli inkişafında maraqlı olan Türkiyənin bu davranışlarını Qərb ölkələri həzm edə bilməyəcək və əlaqələrin tamamilə qırılmasına səy göstərəcəklər. Hər halda müəyyən mənada paradoksal vəziyyət yaranmışdı. Qərb bütün mümkün vasitələrdən istifadə edərək Rusiyanı tamamilə çökdürməyə meyilləndiyi halda NATO ölkələrindən biri - Türkiyə Moskvaya qarşı sanksiyalara qoşulmur və iki ölkə arasında ticari əlaqələrin səviyyəsini ən yüksək həddə çatdırmağa çalışırdı. Deməli, tam bir əminliklə deyə bilərik ki, bu gün baş verənlər Qərbin arzuladığı gedişatdır".

F.Yusifovun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında yaranmış gərginlikdən danışarkən, şübhəsiz ki, biz birinci növbədə Azərbaycanın düşdüyü vəziyyətə diqqət yetirməliyik: "Olduqca mürəkkəb bir situasiya yaranıb və bu dönəmdə biz yalnız diplomatik dilin ümumi ifadə formalarına üstünlük verməliyik. Bəli, Türkiyə bizim qardaşımızdır, ikinci vətənimizdir. Bu ölkədən başqa arxalana biləcəyimiz ikinci bir ünvan yoxdur. Lakin hazırkı situasiya bizdən tələb edir ki, bilavasitə dövlət maraqlarımızdan çıxış edək, emosional reaksiya və məsuliyyətsiz çağırışlardan mümkün qədər uzaq dayanaq. Başqa sözlə, biz hazırkı situasiyada bir qədər gözləmə mövqeyi tutmalı və hadisələrin inkişaf istiqamətini təqib etməyə üstünlük verməliyik. Hər halda, qardaş ölkə bizim hansı problemlərlə əhatələndiyimizi hamıdan yaxşı bilir və o da istəməz ki, böyük dövlətlərin oyunundan Azərbaycan zərər çəksin, Qarabağ boyda problemi olduğu halda geopolitik müstəvidə düşdüyü vəziyyətdən dolayı aqressiv əhvala köklənmiş qonşusu ilə konflikdə girsin. Rusiya əli bizə çatacaq qədər çox yaxındadır və ABŞ başda olmaqla Qərb ölkələrini özü ilə hesablaşmağa məcbur edən güclü bir dövlətdir".

Ekspert diqqətə çatdırıb ki, Ukrayna ilə münaqişəyə görə Qərbin tətbiq etdiyi sanksiyalar, neftin qiymətindəki kəskin ucuzlaşma Rusiyanı bir addım da olsa, öz iddialarından geri çəkə bilməyib: "Sözsüz, ölkənin iqtisadi problemləri var və əvvəlki səviyyədə gəlir əldə edə bilməməsi səbəbindən sosial-iqtisadi sferada sıxıntılar yaşayır. Lakin gəlin unutmayaq ki, az qala bütün dünyaca məşhur iqtisadçılar, siyasi analitiklər Rusiyaya qarşı tətbiq olunan sanksiyaların, bütün Avropa ölkələrinin öz qapılarını Moskvanın üzünə bağlamsı və xüsusən neftin dünya bazarındakı qiymətinin kəskin şəkildə aşağı salınması faktının bu ölkəni cəmi bir neçə aya çökdürəcəyini proqnozlaşdırırdılar. Rusiyanın mövqeyində hansısa yumşalma hiss edirsinizmi? Kimdənsə qorxduğunu deməyə əsas verən balaca bir nümunə göstərmək olarmı? Xeyr, bu qədər ağır basqıların qarşısında Rusiya yenə də istənilən ölkəyə təhlükə yaradacaq qədər güclüdür. Odur ki, yaranmış vəziyyətə bütün reallıqları dəyərləndirərək qiymət vermək çox vacibdir. Hər kəs anlamalıdır ki, bu gün Rusiyada vətəndaşlığından asılı olmayaraq bir neçə miliyon azərbaycanlı yaşayır. Biz emosiyalara qapanıb onların taleyini təhlükəyə ata bilmərik. İstərdik ki, bu gün emosiyaya qapanıb məsələyə pafosla, boş hay-küylə, qışqırıqla reaksiya verənlər dərindən düşünməyə cəhd etsinlər. Bizim hamımız Türkiyəni sevirik və bunun xüsusi sübutuna ehtiyac yoxur. Amma reallıqları nəzərə almaya bilmərik. Hamı bir həqiqəti dərk etməlidir ki, Türkiyə-Rusiya münasibətlərinin pozulması Azərbaycanın maraqlarına heç bir halda cavab vermir. Bu iki ölkə arasında əlaqələrin daha da genişlənməsi bizə bir çox dividentlər gətirə bilərdi və biz artıq özümüzü buna hazırlamışdıq.

Hazırda isə Türkiyə ilə Rusiya arasına münasibətlərin pozulmasına görə ermənilər bayram edir".

Ceyhun ABASOV

 





02.12.2015    çap et  çap et