Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dünən Dünya Bankının Azərbaycan üzrə ofisinin rəhbəri Larisa Leşşenko və Dünya Bankının Sosial İnkişaf üzrə mütəxəssisi Michelle Rebosionu qəbul edib.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb, Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırıb.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdıran Ə.Həsənov bildirib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir. Ə. Həsənov həyata keçiriləcək layihələrin icrasını surətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini vurğulayıb.
Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım Michelle Rebosio Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Azərbaycanın bütün sahələrdə gündən-günə inkişaf etdiyindən məmnunluğunu bildirən Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu deyib, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib, bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib.
çap et