525.Az

Əsli və Kərəmin qəbirləri tapılıb?


 

BU HAQDA 1973-CÜ İLDƏN BƏRİ MƏTBUATDA HEÇ BİR MƏLUMAT GETMƏYİB

Əsli və Kərəmin qəbirləri tapılıb?<b style="color:red"></b>

Nakam məhəbbətin tərənnümü olan "Əsli və Kərəm" dastanı bir xaçpərəst qızının eşqilə od tutub yanan Gəncə xanzadəsinin əhvalatı haqdadır.
 
Ən qədim dövrdə Gəncənin ilk hökmranı olmuş Ziyad xanın sevimli oğlu Kərəm və məkrli Qara Keşişin füsünkar qızı Əsli bir-birlərini saf məhəbbətlə sevir və bu yolda hər çətinliyə dözürlər. Lakin Qara Keşişin bəd cadugərlik əməlləri nəticəsində qovuşa bilməyən sevgililər od tutub yanırlar.

Dastan qəhrəmanlarının qəbirlərinin Gəncənin qədimdə yerləşdiyi ərazilərdə olması haqda el dilində gəzən söhbətlərin sorağı bizi Göygöl rayonunun 25 il bundan əvvələdək elə "Qara keşiş yurdu" adlandırılan  Kərəmli kəndinə gətirib-çıxardı. Elə ilk rastımıza çıxan sakinlə söhbətdən bəlli oldu ki, indi bir qədər unudulsa da Əsli və Kərəmin məzarları məhz bu kəndin yuxarı hissəsində, ecazkar Güləzar bulağına aparan yolun üstündəki qədim qəbristanlığın qalıqları arasındadır.

Yerli sakinlərin bələdçiliyi ilə uzun daşlı yolları keçdikdən sonra qəbirlər olan təpəyə yetişirik. Təpədə üstü sonradan xristian mədəniyyətinə sirayət etmiş qədim simvol və naxışlarla işlənmiş iki başdaşı və onların yaxınlığında iri qaya daşı diqqəti elə uzaqdanca cəlb edir. Yaxınlaşıb baxırıq. Bələdçilərimiz deyirlər ki, bu başdaşlarından ölçücə böyük olanı Əsliyə , nisbətən kiçiyi isə Kərəmə məxsusdur. Üçüncüsü isə  onların faciəsinə bais olan qara keşişin qəbri üstündəki öz günahları böyüklüyündə ağır daşdır. Deyirlər, bunun altından ara-sıra qaratikan kolları çıxır və qol budaq ataraq, sevgililərin axirətdə də qovuşmasına mane olmağa çalışır.

Qəbirlərdən əlavə burada xalq dilində Əsli-Kərəm əhvalatına uyğunlaşdırılmış başqa nişanələr də var. Elə "Əsli-Kərəm təpəsi" adlandırılan yüksəklikdəki tənha və qoca dağdağan ağacı da onlardandır. 

"Biz uşaq vaxtı buralara, yaxınlıqdakı Güləzar bulağına valideynlərimizlə gəzməyə gələrdik. Böyüklərimiz həmən bu təpədəki dağdağanın başına çıxmağa icazə vermirdilər ki, bu, Əsli ilə Kərəmin görüş yeri olub, günahdır" -deyə, yerli sakin Süleyman Muradov bildirir.

Onu da vurğulayaq ki, Gəncəbasardakı Əsli-Kərəm qəbirləri mövzusunda mətbuatda 42 il bundan əvvəl yazı yazanlar və televiziya verilişi hazırlayanlar olub.

"1973-cü ildə Azərbaycan Televiziyasının əməkdaşları, o cümlədən mənim yaxın rəfiqəm, mərhum Lətifə Tağıyeva Gəncəyə gəlmişdilər, buraların görməli yerlərindən veriliş hazırlayırdılar. Mən də onları Güləzar bulağına apardım, həmçinin onlara burda olan köhnə məzarlıq qalıqları arasındakı Əsli-Kərəmin qəbirlərini də göstərdim. Çəkilş qrupu qəbirləri lentə aldı və mənim bu haqda yazdıqlarım əsasında teleoçerk hazırlandı" - deyə, yazıçı-publisist Nüşabə Məmmədova yada salır.

Müsahibimiz qəbirlərin üstündəki, indi yalnız  xaç kimi qəbul edilən işarələrə də toxunaraq onların tarixçəsinin  xristianlıqdan çox qədim olduğunu da bir daha xatırladır:

"İndi "xaç" kimi qəul olunan bu cür simvollara dünyanın bir çox yerlərində xristianlıqdan xeyli əvvəllərə aid olunan artefaktlarda nə qədər istəsəniz, rast gəlmək mümkündür və bu haqda elmi ədəbiyyatda yetərincə məlumat var. Bu baxımdan, Gəncəbasardakı məşhur romantik və faciəvi sevgi əfsanəsinin qəhrəmanlarının adı ilə bağlı olan bu məkanın şübhəsiz, geniş araşdırılmaya ehtiyacı var". 

Əlbəttə, dastanlar xalq yaradıcılığının məhsulu olmaqla, olmuş hadisələri tam əks etdirməyə bilər. Amma xalq yaddaşında həmişə həqiqət zərrələri olur. Həmçinin bu Əsli- Kərəm qəbirlərinin görməli yerlərimiz sırasına daxil edilməsi də pis olmazdı.  

Zakir Muradov
Göygöl-Gəncə

 





02.12.2015    çap et  çap et