Son zamanlar Təhsil Nazirliyi ilə AMEA arasındakı müştərək layihələr aktuallıq qazanıb.
Universitetdən verilən məlumata görə, tələbələrin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihələrin əsas qayələrindəndir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də AMEA ilə əməkdaşlığa başlayıb. Universitetin tələbələri Azərbaycan ədəbiyyatı və Mətnşünaslıq fənnlərini AMEA-nın Füzuli adına Əlyazmalar İnstitunda əyani vəsaitlər vasitəsilə daha dərindən öyrənirlər. Bu günlərdə universitetin professoru Gülşən Əliyeva-Kəngərli tələbələrlə birlikdə Əlyazmalar İnstitutunun ekpozisiya zallarında qədim əlyazma nüsxələri ilə tanış olublar. Mətnşünaslıq fənninin tədrisi çərçivəsində keçirilən bu dərsdə nəfis miniatürlərlə bəzədilən əlyazmalar həm yaranma tarixi həm də işlənmə səviyyəsinə görə tələbələrin diqqətini çəkib.
İnstitutda qorunan qədim əlyazmalarla tələbələri institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov tanış edib. 1982-ci ildən fəaliyyət göstərən Ekspozisiya zalında Nur Əlişah İsfahani, Məhəmməd Füzuli, Seyid Məhəmməd Ürfi Şirazi, Bəvazici, Əhməd Nədim, Saib Təbrizi, Əssar Təbrizi, Nəsrəddin Tusi, Məhsəti Gəncəvi, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov və digər görkəmli elm və mədəniyyət xadimlərinə aid əsərlərin əlyazma nüsxələri nümayiş olunub.
Tələbələr Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanıb, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə tanış olublar. Universitetin rəssamlıq sənəti fakültəsinin tələbələri Əlyazmalar İnstitutunun fondlarında Azərbaycanın zəngin miniatür sənətinə aid kolleksiyalarla tanış olaraq bu elm və sənət məbədindən zəngin təəssüratla
ayrılıblar. Tələbələr fondda qorunan ədəbiyyat nümunələri ilə yanaşı rəssamlıq sənətinə dair nadir əsərlərlə də yaxından tanış olublar.
İnstitutun şöbə müdiri Nigar Babaxanlı Azərbaycan miniatür sənətinin ilk nümunələrinin XIII – XIV əsrlərdə Təbriz və Marağa şəhərlərində yaranmasından, Təbriz miniatür məktəbinin XV əsrdə tam müstəqil bədii məktəb kimi formalaşmasından və (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir göstərdiyini qeyd edərək ekspozisiya haqqında geniş məlumat verib. Tələbələr eyni zamanda XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan dövrün ən görkəmli, xəttat və rəssamları olan Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Mir Zeynalabdin və başqalarının fəaliyyət göstərməsi barədə ərtaflı məlumat alıblar. Əlyazmalar İnstitutunda saxlanan əlyazmalar kitabları içində bədii cəhətdən dəyəri ilə diqqəti cəlb edən bir sıra miniatür rəsmlər rəssam tələbələrin marağına səbəb olub.
İnstitutda keçirilən dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, tələbələrin elmə marağının artırılması və eyni zamanda xalqın milli-mənəviyyat xəzinəsinə daxil olan nəfis miniatürlər və əlyazmalarla tanışlığa səbəb olub.
Vəfa MƏMMƏDLİ
çap et