525.Az

Paris terror aktı Rusiya-Qərb ideoloji qarşıdurması müstəvisində


 

Paris terror aktı Rusiya-Qərb ideoloji qarşıdurması müstəvisində<b style="color:red"></b>

Suriya Prezidenti Bəşər Əsəd Parisdəki terror aktından sonra fransız mətbuatına müsahibəsində Rusiya prezidenti V. Putini "xristian sivilizasiyasının yeganə müdafiəçisi" adlandırdı.

Bu ifadə təsadüfi olmamaqla, Fransada və Avropada liberal dəyərlərə qarşı mübarizə aparan Avropa İttifaqı əleyhdarı Mari Le Pen və getdikcə güclənən digər sağçı milliyyətçi müxalifətin dəstəyini qazanmağa hesablanmışdı. Siyasi təhlilçilər Rusiya ilə Qərb arasında son illərdə gərginləşməni əsasən ya soyuq müharibənin paradiqmaları, ya klassik geosiyasi maraq dairələri uğrunda mübarizə, ya da ki, cari hadisələrin xronologiyası prizmasında dəyərləndirirlər. Əslində isə iki tərəf arasında son illərdəki gərginlik iki dövlət, xalq, blok və ya soyuq müharibə illərində olan iki qütb arasında ənənəvi qarşıdurmalardan fərqli olaraq keyfiyyətcə yeni qloballaşmış dövrə xas olan, sərhədləri aşan sosial, iqtisadi, ideoloji və siyasi ziddiyyətlərin təzahürüdür.

Çox çətin vəziyyətdə olan Əsəd də Qərbdə gedən siyasi-ideoloji qarşıdurmanın miqyasını və əhəmiyyətini yaxşı anlayaraq, ölkəsində və müsəlman dünyasında birmənalı anlaşılmayacaq və radikallar tərəfindən onun "kafir” adlandırmasına əlavə əsas verəcək ifadə səsləndirdi.

2015-ci ilin yanvarında Charlie Hebdo terror aktından Fransada, ümumilikdə Qərbdə sağçı və qatı milliyyətçi qüvvələr istifadə etməyə çalışmış və həmin cəmiyyətlərdə müsəlmanlara və digər azlıqlara qarşı dözümsüzlük, diskriminasiya halları genişlənmişdir. Bu özünü aydın şəkildə Charlie Hebdo terror aktından sonra rəy sorğularına görə Fransa milliyyətçilərinin lideri Mari Le Penin prezident seçkilərinin öndə gedən fiquruna çevrilməsində göstərdi [i] . Sözsüz ki, Fransadakı terror bütövlükdə Qərbdə son illərdə mövqeləri getdikcə güclənən sağçı, milliyətçi qüvvələrin daha da güclənməsinə gətirib çıxaracaqdır.

Mari Le Penin Rusiyaya çox isti münasibət bəsləməsi, bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasına çağırması və onun partiyasından olan deputatların Krıma səfərləri barədə mətbuatda çox saylı xəbərlər vardır. Məsələ burasındadır ki, nə qədər qəribə görünsə də, bu isti münasibətin əsas səbəblərindən biri Avropanın müxtəlif ölkələrində və ABŞ-da sağ milliyyətçi siyasi qüvvələrin Rusiya rəhbərliyini "xristian dəyərlərinin" keşikçisi və son bastionu kimi görməsidir.

Qərbdə ideoloji ziddiyyətlərin yeni müstəvisi

Qərbdə iki siyasi-ideoloji qrup - liberal-sol və mühafizəkarlar arasında ziddiyyətlərin tarixi kökləri kapitalizmin inkişafı və burjua inqilabları dövrünə gedib çıxır. Soyuq müharibə illərində kommunizm təhlükəsi bu iki qrupu ziddiyyətləri kənara qoyaraq birləşməyə məcbur etmişdi. 1991-ci ildə SSRİ-nin dağılması və iki blok arasında ideoloji qarşıdurmanın sona çatmasından sonra, Qərbdə onlar arasında ziddiyyətlər yenidən ön plana keçdi.

Beləliklə, kommunizmin qlobal siyasi-ideoloji güc kimi aradan qalxmasından sonra liberal qüvvələr istər öz ölkələrində, istərsə də dünya miqyasında mövqelərini gücləndirmək üçün mübarizəni genişləndirdilər. Bu ilk növbədə həmin ölkələrin daxilində mühafizəkar dairələrin sıxışdırılmasında, dinin və kilsənin sistemli şəkildə nüfuzdan salınmasında, eləcə də xarici siyasətdə digər ölkələrə qarşı münasibətdə bir çox hallarda həmin ölkələrin yerli ictimai-iqtisadi inkişaf səviyyələrini nəzərə almadan maksimalist liberal tələblərin qoyulmasında özünü büruzə verdi.

Xarici siyasətdə həmin qüvvələr digər dövlətlərə qarşı nəinki özlərinin liberal tələblərini artırdılar, həm də bu ideyaların daşıyıcıları olan qüvvələr digər ölkələri demokratiyaya gətirmək və ya məcbur etmək məqsədilə xarici müdaxilələrə belə əl atdılar. Məsələn, ABŞ-da iki siyasi qrupun – liberal intervensionistlərin və neokonların ideyaları bu əsasda qurulub. Onlar tərəfindən hətta ABŞ (liberal imperializm) və digər Qərb ölkələrinin dünyada demokratik ideyaları və insan hüquqlarını "qorumaq öhdəliyi” kimi prinsip ortaya atıldı. Təbii ki, digər xalqların yerli tarixi, ictimai iqtisadi inkişaf səviyyələrini nəzərə almadan bır sıra ölkələrə zorla demokratiya gətirmək cəhdləri yeni münaqişələr və terrorizm ocaqlarının meydana çıxması ilə nəticələnməli idi.

Xarici siyasətdə liberal idealistlər belə hesab edirlər ki, dünyada sülhün bərqərar olması yalnız dünyanın bütün dövlətləri və xalqları tərəfindən liberal ideyaların qəbul edilməsindən sonra mümkündür. Belə ki, demokratik sülh nəzəriyyəsinə görə, liberal dövlətlər bir-biri ilə müharibə etmir və bir-birilərinə qarşı gizli fəaliyyət göstərmirlər. SSRİ-nin dağılmasından sonra isə Fukuyama və digər liberal müəlliflər dünyada liberal demokratiyanın qalib gələcəyini və bəşəriyyətin post-ideoloji dövrə qədəm qoyacağını proqnozlaşdırırdılar.

Ötən müddət ərzində həmin dairələrin demokratiya sahəsində tələbləri və atdıqları addımların miqyası və çərçivəsi daim genişlənmişdir. Əgər əvvəllər həmin dairələrin liberal azadlıqlar istiqamətində tələbləri azad seçkilər, demokratiya və insan hüquqları sahəsi ilə məhdudlaşırdısa, bura sonradan gender bərabərliyi məsələsinin daha fundamental tələb kimi qoyulması əlavə edildi. Daha sonra liberal dairələr öz fəaliyyətlərində etnik və digər azlıqların hüquqlarının qorunması məsələsini irəli sürdülər.

Ən maraqlı məqamlardan biri odur ki, liberal qüvvələr və bu düşüncəli insanlar Qərbdə bütün akademik sahələri, universitetləri, beyin mərkəzlərini, sosial elmlər sahəsini,  ən nüfuzlu mətbuat orqanlarını və kino sənayesini [ii] nəzarətə keçirməklə [iii] qlobal miqyasda bütün müzakirələrə yön verməyə nail oldular [iv] . Bəziləri hətta bu vəziyyətə "liberal ideyaların diktaturası” tərifi verirlər. Çox maraqlı məqam odur ki, bir zamanlar "azadlıq” sözündən əsasını götürmüş qrupun özü fərqli, bir qədər mühafizəkar düşüncəli insanlara qarşı çox dözümsüz yanaşmağa başladı. Hazırda Qərbdə heç kimə sirr deyil ki, bir qədər mühafizəkar düşüncəli insanın sosial elmlər sahəsində hər hansı bir uğura nail olması, nüfuzlu universitetlərdə çalışması həddindən artıq çətin məsələdir. Belə bir vəziyyətin yaranmasını elə Qərbin özündə keçirilən çoxsaylı tədqiqatlar, sorğular [v] və açıq müzakirələr [vi] sübut edir.

Ən sonda isə liberal-sol qüvvələr Qərb cəmiyyətlərində kilsənin və dinin mənəvi dəyərlər və tələb sistemlərinin "buxovlarından” fərdin tam azad edilməsini qarşılarına məqsəd qoydular. Ötən 20 il ərzində Qərbdə kilsənin nüfuzdan salınması üçün kilsə xadimlərinin pedofiliya, korrupsiya və digər cinayətlərini ictimailəşdirməklə yanaşı, KİV-də xristian müqəddəslərini və doqmalarını tənqid, bəzən təhqir və gülüş obyektinə çevirdilər. İnanclı insanların hisslərinin təhqir edilməsini nəzərə almadan, söz və ifadə azadlığı bəhanəsi ilə qatı liberal və sol dairələrin İslam dininin müqəddəslərinə bənzər hücumları isə radikal qrupların Charlie Hebdo kimi terror aktlarına gətirib çıxardı.

Qeyd etməliyik ki, İslam dinindən fərqli olaraq, xristian dininə qarşı Qərbdə liberal dairələrin təzyiqləri həmin dairələrin arzu etdiyi nəticələri vermişdir. Artıq Qərb cəmiyyətlərində dinin və kilsənin mövqelərini itirməsi nəticəsində fərdlərin materialist və rasional varlığa çevrilməsi,  bəzilərinə görə isə Qərb insanının "mənəvi böhran” yaşaması akademik fəlsəfi mübahisələrin mövzusudur. Qeyd edilən mənəvi böhranın əsas əlamətdar təzahürlərindən biri yüzlərlə boş qalan kilsə binalarının satışa çıxarılması, həmin binalarda gecə klublarının, əyləncə mərkəzlərinin, mağazaların açılması və onlardan digər məqsədlərlə istifadə edilməsidir [vii] . İnanclı xristianları daha çox qıcıqlandıracaq məqamlardan biri Avropada boş qalan bəzi kilsələrin məscidlərə çevrilməsi faktlarıdır [viii] .

Qərbdə son illərdə mühafizəkar və liberal-sol qüvvələr arasında ziddiyyətləri daha da kəskinləşdirən məqamlardan biri də yeni Roma papasının sosial məsələlərdə sol mövqedən çıxış etməsi [ix] , cinsi azlıqların hüquqları məsələsinə daha yumşaq mövqe nümayiş etdirməsi, Fələstinlilərin hüquqlarını müdafiə edən hərəkətlər və çıxışlar etməsi, eləcə də dinlər arası dialoqun tərəfdarı olmasıdır. Yeni papanın bu cür mövqeyi katolik kilsəsi daxilində də ziddiyyətlərin dərinləşməsinə gətirib çıxarmışdır.

Rusiya yeni ideoloji ziddiyyətlərin tərəfi kimi

Son illərdə Rusiya özünün xarici siyasətində Qərbdə dərinləşən bu ziddiyyətlərdən öz məqsədləri üçün istifadə edir. Belə ki, Rusiya rəhbərliyi özünü Qərbdə və xristian dünyasında mühafizəkar dəyərlərin və "xristian dünyasının keşikçisi” kimi təqdim edərək, həmin ölkələrdə sağ, milliyyətçi və xristian fundamentalist dairələrin dəstəyini qazanmağa çalışır [x] .

Bunun üçün Rusiya özünün xarici siyasət ritorikasında cinsi azlıqlar məsələsini ümumi Qərb dəyərləri ilə eyniləşdirərək və ənənəvi ailə dəyərlərini qabardaraq Qərb və digər ölkələrdəki mühafizəkar dairələrin (xüsusilə xristian fundamentalistlərin) rəğbətini qazanmağa cəhd edir. 2012-ci ildə kilsədə inanclı insanların hisslərini təhqir edən və böyük əks-səda doğurmuş aksiya keçirən Pussy Riot qrupu üzvlərinin 2 illik həbsə məhkum edilməsi Rusiyanın həmin dairələrin rəğbətini qazanmasına səbəb oldu.

Soyuq müharibənin başa çatmasından sonrakı ilk illərdə Rusiyada Qərb meylli ilk hökumət liberal islahatlar həyata keçirməyə cəhd etdi. Lakin həmin illərin ağır iqtisadi problemləri, qeyri-stabil siyasi vəziyyəti, hökumətin uğursuz islahatları, eləcə də bu inteqrasiyanın əleyhdarlarının ciddi müqaviməti tez bir zamanda Rusiya ictimaiyyətini Qərbə inteqrasiyanın perspektivsizliyinə inandırdı. Qərbə inteqrasiyanın əleyhdarları həm də hesab edirdilər ki, bu, Rusiyanın həmin məkanda assimilyasiyasına, özlərinin tarixi identikliyi və unikallıqlarının itirilməsinə səbəb olacaqdır. Növbəti iki on ildə Rusiya ictimai fikrində ölkənin gələcək inkişaf perspektivləri sahəsində geniş fəlsəfi-konseptual müzakirələr aparıldı. Keçmiş Rusiya prezidenti B. Yeltsin bu müzakirələri koordinasiya etmək üçün hətta ölkənin qabaqcıl filosofları, sosioloqları və ictimai xadimlərindən ibarət bir qrup belə yaratdı. Məqsəd Rusiyanın yerli tarixi unikal inkişafını nəzərə almaqla, bu ölkəyə aid nəzəri-ideoloji konsepsiya və inkişafın "Rusiya modelini” ortaya qoymaq idi. Həm də bu nəzəri-ideoloji konsepsiya və model Qərbin liberal ideologiyasına alternativ olmaqla ölkənin qlobal geosiyasi maraqlarına xidmət etməli idi.

Bu axtarışların nəticəsi Rusiya siyasi elitasını liberal ideologiyaya alternativ mühafizəkar dəyərlərə gətirib çıxardı və son illərdə bu, istər Qərb ölkələrində, istərsə də müsəlman ölkələrdə mühafizəkar dairələrlə münasibətlərin qurulmasında mühüm vasitəyə çevrildi. Başqa sözlə, Rusiya hazırda özünü Qərbdə "qlobal konservatizmin” əsas dayağı kimi təqdim edir.

SSRİ-nin dağılmasından sonra Rus Pravoslav Kilsəsi xarici və daxili siyasətdə mühafizəkarlığın əsas elementi və vasitəsi kimi mühüm rol oynamağa başladı [xi] . Vladislav İnozemtsevə görə, Rus kilsəsi patriarxının bu gün Qərbə göndərdiyi əsas mesajlardan biri odur ki, Rusiya xristian dəyərlərinə əsaslanmış cəmiyyət olaraq qalmaqdadır, halbuki Avropa bu dəyərlərdən üz döndərmiş və XVIII əsrdə dünyəvi ideyaların təzyiqi ilə "Xristian sivilizasiyası” "Avropa sivilizasiyası” anlayışı ilə əvəz edilmişdir [xii] . Kilsə Rusiyanın ateist keçmişi ilə hazırkı mühafizəkarlığın ideoloji olaraq barışmasında və qovuşmasında da mühüm rol oynayaraq [xiii] , bu ölkədə müxtəlif ilk baxışda bir-birinə zidd konsepsiyaların simbiozundan ibarət ideoloji cərəyanlar üçün meydan açmışdır. Bunlardan biri son zamanlar kütləvi tədbirləri və nümayişləri ilə diqqəti cəlb etmiş özlərini pravoslav-faşistlər adlandıranlardır.

Ötən müddət ərzində Rusiyanı "qlobal mühafizəkarlığın mərkəzi” kimi təqdim edən konseptual ideyaları formalaşdıracaq və bu ideyaların beynəlxalq internasionalının əsasını qoyacaq tədbirlərin keçirilməsi də diqqətə alınmalıdır. Bu cür tədbirlərdən biri 2015-ci il martın 22-də Sankt-Peterburqda Avropanın sağ qüvvələrinin və rus milliyyətçilərinin keçirdiyi Rusiya Mühafizəkarlar Forumudur [xiv] . Tədbirdə iştirak edən İtaliyanın "Yeni güc” partiyasının lideri Roberto Foryeyə görə, o, romalı kimi "Rusiyanın üçüncü Roma olmasına və bu ölkənin tarixdə xristianlığın yenidən dirçəldilməsi missiyasının olduğuna” əmindir. Forumda həmçinin rus dilinə tərcümə edilmiş və irqi ayrı-seçkiliyi müdafiə edən "Ağ identiklik: XXI əsrdə irqi özünüdərk” [xv] əsərinin müəllifi Cared Teylor da iştirak edirdi (Jared Taylor). Finlandiyalı tarixçi və naşir, "Avro-Rus” hərəkatından olan İohan Bekmana görə Qərb Rusiya ilə ona görə mübarizə aparır ki, bu ölkə ənənəvi dəyərləri müdafiə edir. Tədbirin Rusiyalı iştirakçıları isə bildirdilər ki, Rusiya Avropa ölkəsidir və Avropa öz suverenliyini bərpa etdikdən sonra bu ailəyə geri dönəcəkdir.

Azərbaycan yeni beynəlxalq ideoloji ziddiyyətlərdə

Beləliklə, yuxarıda göstərilən siyasi və ideoloji ziddiyyətlər dünyada sosial, iqtisadi, siyasi və ideoloji proseslərin keyfiyyətcə yeni, təhlükəli, həm də proqnozlaşdırılması çox çətin olan mərhələyə qədəm qoymasının göstəricisidir. Başqa sözlə, bu keyfiyyət dəyişikliyini qloballaşma dövrünün əvvəlcədən proqnozlaşdırılmayan nəticələrindən biri kimi dəyərləndirmək olar. Proseslərin istənilən formada inkişaf etməsi Azərbaycan kimi gənc, kiçik, müxtəlif maraqların kəsişdiyi coğrafiyada yerləşən dövlətlər üçün yeni təhlükələr və çağırışlar ortaya qoyur. Yuxarıda göstərilən ziddiyyətlərin konkret olaraq ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə gəldikdə isə, bir sıra narahatedici məqamlar ortaya çıxır.

Məsələ burasındadır ki, ermənilər Qərbin tarixən ən mühüm intellektual mərkəzlərində mövqe tutaraq özlərinin milli və "soyqırımı” məsələlərini dünyanın qeyri-rəsmi liberal-sol internasionalının gündəliyinə salmağa, akademik və intellektual çevrələrin hakim doqmalarına daxil etməyə nail olublar. Məhz bu məqam erməni təcavüzü ilə bağlı ölkəmizə qarşı Qərbin ədalətsiz mövqeyinin əsasında duran ən mühüm səbəblərdən biridir. Yuxarıda qeyd edilən qarşıdurmanın ikinci tərəfi – Qərbin sağ və milliyyətçi qruplarının xristian həmrəyliyindən çıxış edərək ermənilərə hansı münasibət bəsləməsini anlamaq elə də çətin deyil.

Beləliklə, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyət olaraq yuxarıda qeyd etdiyimiz və digər sahələrdə cərəyan edən prosesləri düzgün və konseptual təhlil etmək, qiymətləndirmək və risklərə əvvəlcədən hazır olmaqdır.

Newtimes.az
Fuad Çıraqov,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi

 





02.12.2015    çap et  çap et