525.Az

Folklor İnstitutu ilə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu


 

Folklor İnstitutu ilə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumu<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində "Kitabi-Dədə Qorqud" eposunun alman dilinə tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Əvvəlcə Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu ilə Elmi-Metodiki Mərkəz arasında qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirdə mərkəzin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Asif Usubəliyev bildirib ki, bu epos folklorumuzun, tariximizin keşiyində dayanan mənəvi varlığımızdan xəbər verən ana kitabımızdır:

"Bu tarixi əsər təkcə bədii təfəkkürümüzün möhtəşəm abidəsi deyil, həmçinin Azərbaycan türklərinin mifik, tarixi, coğrafi, etnoqrafik, ictimai görüşlərinin qaynağıdır, ana dilimizin ən ulu kitabı, xalqımızın mədəniyyət abidəsidi".

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov "Kitabi-Dədə Qorqud" eposunun mədəniyyətimizin, folklorumuzun inkişafına verdiyi töhfələrdən söhbət açıb. Bu möhtəşəm əsərin daha çox təbliğ olunması və gələcək nəsillərə tanıdılmasının vacibliyini bildirib.

Dəyirmi masada alimlərin "Kitabi-Dədə Qorqud" və İslam", "Kitabi-Dədə Qorqud"un musiqi dünyası", "Kitabi-Dədə Qorqud" - ana kitabımız", "Kitabi-Dədə Qorqud" dastanında mənəvi dəyərlər", "Kitabi-Dədə Qorqud"un tədqiqi tarixindən" və digər mövzularda məruzələri dinlənilib.

S.ABDULLAYEVA

 





03.12.2015    çap et  çap et