525.Az

"Nardaranda keçirilmiş əməliyyat müsbət qiymətləndiriləcək aksiyadır"


 

"Nardaranda keçirilmiş əməliyyat müsbət qiymətləndiriləcək aksiyadır" <b style="color:red"></b>

Məlum olduğu kimi dekabrın 1-də Daxili İşlər Nazirliyi , Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyata başlayıb.

Əməliyyatın məqsədi uzun illərdir Nardaranı yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı, normal həyat ritmini bərpa etməkdir. Azərbaycan vahid dövlətdir və onun qanunları hamı üçün, bütün bölgələr, rayon, kənd və qəsəbələri üçün eynidir. Nardaranda isə dövlətin qanunlarının deyil, qəsəbədə bir qrupun  yaratdığı "qaydalar"ın tətbiq edilməsi, dövlət qurumlarının ordakı fəaliyyətinə imkan verməmələri və digər radikal addımlar uzun müddət davam edə bilməzdi. Bu qəsəbədə vəziyyət artıq təhlükəli səviyyəyə çatmışdı. Eyni zamanda pis vərdişlər, narkomaniya, soyğunçuluq, kənardan gələn insanlara qarşı tətbiq edilən qadağalar, zorakılıq baş alıb gedirdi. Dövlətin müdaxiləsi zəruri idi. Azərbaycan dövləti də qanun çərçivəsində zəruri addımlar atmağa başladı. Dekabrın 1-dən həyata keçirilən əməliyyatlardan bu yana artıq qəsəbədə normal həyatı bərpa etmək mümkün olub. Küçə və meydanlar radikal dini simvollardan, ekstremist və terrorçuların qurduğu "barrikadalardan" təmizlənir. Qəsəbənin giriş-çıxış yollarına və mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.Ticarət və iaşə obyektlərinin fəaliyyətində heç bir problem yoxdur.

Bir sözlə, Nardaranda qanunların təmin edilməsi, qəsəbədə ümumi həyat ritminin bərpa olunması üçün tədbirlər davam etdirilir. Başqa cür ola da bilməz. Azərbaycan konstitusion quruluşuna görə sivil, dünyəvi dövlətdir və teokratik dövlətə xas olan simvolikalar, şüarlar yolverilməzdir.  Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətini ortaya qoyub. Dövlət ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi. Nəticə isə budur ki, Nardaranda ötən həftə radikal dini ekstremistlərə, terror qrupuna qarşı keçirilmiş əməliyyatdan sonra kənddə yaranmış dramatik durum artıq aradan qalxmaqdadır. Keçirilmiş əməliyyatın nəticəsinə uyğun olaraq, dünən axşamdan etibarən Nardaranda müsbətə doğru ciddi dəyişikliklər qeydə alınıb. Dövlətin tədbirləri Taleh Bağırovun təxribatçılıq cəhdlərinə haqq qazandıran "Milli Şura"nın da "ümidlərini" puça çıxardı.

Nardaranda baş tutmuş məlum əməliyyatın nəticələrini  şərh edən Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, dövlətin Nardaranda həyata keçirdiyi tədbirləri hər kəs dəstəkləyir. Bu, insanlarımızın çoxdan gözlədiyi tədbirlərdir. Onun sözlərinə görə, Nardaranda baş qaldıran məlum hadisə həm də bəzi nüansları üzə çıxardı: "Artıq bəlli oldu ki, Taleh  Bağırov "Milli Şura"nın tərkibində yer alıb. Bu fakt həm də onu təsdiq edir ki, "Milli Şura" siyasi radikalizmlə, dini radikalizmin qovuşduğu qurumdur".

Millət vəkili deyib ki, əlbəttə, bütün bu hadisələr anti-Azərbaycan qüvvələri tərəfindən xaricdə hazırlanaraq reallaşdırılıb: "Dəfələrlə söyləmişəm və bu gün də öz fikrimdə qalıram ki, anti-Azərbaycan qüvvələrinin içərisində anti-milli qüvvələr yer alır. Beləliklə də ölkəmizə qarşı bir anti-Azərbaycan koalisiyası mövcuddur ki, bunun vasitəsilə öz maraqlarını təmin etməyə çalışırlar". O əlavə edib ki, ölkə prezidentinin apardığı qətiyyətli siyasəti həzm edə bilməyən ayrı-ayrı mərkəzlərdəki qüvvələr dövlət maraqlarımıza zərbə vurmağa çalışırlar.

F.Ağamalı eyni zamanda bildirib ki, bunların içində dini radikalizmə, siyasi radikalizmə xidmət edən insanlar, qeyri-hökümət təşkilatlarının nümayəndələri var: "Mənzərə tam açıq şəkildə ortadadır. "Milli Şura" kimi qurumlar, Əli Kərimli, Taleh  Bağırov kimi adamlar yalnız öz maraqlarından çıxış edərək dövlətçiliyə, dövlətə qarşı çıxaraq bu anti-milli koalisiyanın apardığı siyasətin bir parçasına çevriliblər. Ona görə də hesab edirəm ki, hüquq mühafizə orqanları araşdırmalarını davam etdirməli, aidiyyatı qurumlar bu cür qurumların və insanların fəaliyyətinə hüquqi qiymət verməli, orada yer alan insanlar anti-milli qüvvələr olaraq ifşa edilməlidir. Başlanmış olan Nardaran hadisələri ilə əlaqədar proses sonuna qədər getməli, bütün dini ektremistlər cəzalandırılmalıdır".

Politoloq Qabil Hüseynli isə dövlətin apardığı əməliyyatı bir neçə aspektdən müsbət dəyərləndirib: "Nardaranda keçirilmiş əməliyyat  nəticəsində uzun müddət ərzində ilk dəfə dövlət bu kənd üzərində tam nəzarətini bərpa etmiş oldu. Bildiyiniz kimi, əməliyyatın ən əsas nəticəsi Nardaranda yuva salmış dini-siyasi təmayüllü ekstremistlərin təmizlənməsi oldu və bundan sonra onların həmin kənddə yenidən baş qaldırmalarına imkan verilməyəcək.

Bundan başqa, ektremistlərin neçə illər fəaliyyətinə imkan vermədikləri dövlət qurumlarının öz funksiyalarını normal qaydada davam etdirmələrinə, məktəblərdə tədrisin axarına düşməsinə tam zəmin yaradılıb.Eyni zamanda, Nardaran əhalisinin kommunal xidmətlərdən istifadəsi və ödənişlərin də sistemləşməsi ilə kənddə həyatın sabit axarı təmin ediləcək.Bir sözlə, Nardaranda keçirilmiş bu zəruri əməliyyat bütün mənalarda müsbət qiymətləndiriləcək aksiyadır".

Millət vəkili Şahin İsmayılov isə təəssüf hissi ilə vurğulayıb ki, din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin sifarişi ilə Azərbaycanda sabitliyi pozmağa və qarşıdurma yaratmağa cəhd göstərən radikal ekstremist qüvvələr ölkəmizdəki demokratik mühitdən sui-istifadə etmək istəyirlər. O xatırladıb ki,  Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Xalqın iradəsi ilə ölkə konstitusiyasında təsbit edilmiş bu prinsiplər respublikamızın demokratik və sivil dünyanın tərkib hissəsi olmasını şərtləndirən əsas amillərdir: "Azərbaycanı zəiflətməyə çalışan, müəyyən xarici dairələrlə əlbir olan ünsürlər qanunları kobud şəkildə pozaraq bəzi Şərq ölkələrində baş verən qanlı ssenariləri burada da təkrarlamaq istəyirlər. Belə bir təhlükəli məqamda təbii olaraq, Azərbaycan dövləti bu xoşagəlməz hadisəyə reaksiya verməli və ölkənin hər yerində olduğu kimi, Nardaran qəsəbəsində də sabitliyi, o cümlədən, əhalinin təhlükəsizliyini təmin etməlidir". Millət vəkili onu da deyib ki, bu gün ölkə prezidentinin xalqımızın maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu var: "Xarici ölkələrdə lobbiçiliklə məşğul olan, elm sahəsində çalışan, ordu sıralarında xidmət edən, eləcə də hüquq mühafizə orqanlarında fədakarcasına fəaliyyət göstərən gənclərimiz müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda əzmlə çalışırlar".

Siyasi ekspert Elçin Mirzəbəyli isə vurğulayıb ki, Taleh Bağırov din pərdəsi altında xarici dairələrin sifarişlərini yerinə yetirib. Onun rəhbərlik etdiyi dini-ekstremist terrorçu qrup Azərbaycanın mövcud konstitusion quruluşunu sarsıtmağa, dünyəvi dövlət modelini dəyişdirməyə cəhd ediblər. Nardaranda bir tərəfdə terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar. Hüquq-mühafizə orqanlarımızın sayıqlığı nəticəsində bu qrup vaxtında ifşa olunub. İnanıram ki, etdikləri cinayətlərin layiqli cəzasını çəkəcəklər. Onun sözlərinə görə, bəzi daxili qüvvələrin dövlətçilik əleyhinə fəaliyyət göstərən bu terrorçu qrupu dəstəkləməsi məsələsi, bununla bağlı onlara "dəstək mesajlar"ı verməsi yeni hal deyil: "Bundan öncə də eyni mövqe ortaya qoyduqlarının şahidi olmuşuq. "Milli Şura"dakılar yaranmış istənilən situasiyada Azərbaycan əleyhinə çalışan xarici dairələrə ölkənin milli maraqlarını təslim etməyə hazırdırlar".

Həqiqətən də, ölkənin güc strukturlarının dekabrın 1-də Nardaranda keçirdikləri birgə əməliyyat uzun illər ərzində "anklav"a çevrilmiş bu kənddə Azərbaycan qanunlarının bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməliyyatla İrandan idarə olunan dini-siyasi ekstremistlərin Azərbaycandakı əsas "istehkamı" sayılan Nardaranda kənar təsirlərin aradan qaldırılması milli təhlükəsizliyə yönəlmiş ciddi təhdidlərdən biri sıradan çıxarılmış oldu. Artıq Nardaranda dövlət qurumlarının fəaliyyətinin bərpası və kənddə Azərbaycan qanunlarının tam gücü ilə tətbiqi üçün zəruri şərait yaradılıb.

Bu bir daha Azərbaycan dövlətinin öz suverenliyini qorumaq, dövləti təhdid edən bütün təhlükələri dəf etmək gücündə olduğunu sübut etdi. Eyni zamanda Azərbaycanda sabitliyi pozmaq üçün cəhdlər göstərən, müxtəlif planlar hazırlayan xarici dairələr və onların daxildəki havadarları Nardaran əməliyyatından özləri üçün dərs alacaqlar.

PƏRVANƏ

 





03.12.2015    çap et  çap et