525.Az

Azərbaycan dövlətinin dinə münasibəti nümunəvi səciyyə daşıyır


 

Azərbaycan dövlətinin dinə münasibəti nümunəvi səciyyə daşıyır <b style="color:red"></b>

"Radikal-ekstremist qüvvələri müəyyən xarici dairələr himayə edir. Bu cür qüvvələr özbaşına fəaliyyət göstərmir. Onların maliyyələşdirən də bəzi xarici dövlət strukturlarıdır".
 
Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, xarici qüvvələrin məqsədi formalaşdırdıqları radikal-ekstremist qruplar vasitəsilə Azərbaycanın dövlətçiliyini sarsıtmaq, hakimiyyəti müstəqil daxili və xarici siyasətdən uzaqlaşdırmaqdır: "Azərbaycan vətəndaşları hansı dinə mənsub olmasından asılı olmayaraq dövlətimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərməlidir. Heç kəs xarici ölkələrin maraqlarına uyğun fəaliyyət göstərə, ölkədə qarşıdurma yarada bilməz".

M.Əhmədoğlu vurğulayıb ki, Azərbaycanda dövlətin dinlə bağlı siyasi iradəsi ortadadır: "Vaxtilə Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə Prezident seçiləndən dərhal sonra "Bibi Heybət" məscidinin bərpası ilə bağlı fərman verib. Hətta həmin dövrdə Azərbaycan iqtisadi tərəqqi əldə etməmişdi. O vaxt ölkəmiz üçün çətin dövr idi. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev "Bibi Heybət" məscidini bərpa etdirərək fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda da ölkədə İslam dini ilə yanaşı bütün dinlərin nümayəndələrinə hərtərəfli şərait yaradılır. Etiqad azadlığının qorunması qanunda da öz əksini tapıb. Prezident İlham Əliyev tərəfindən hər il dini abidələrin qorunması, məscidlərin inşa və bərpası ilə bağlı sərəncamlar verilir, bu işlərin görülməsi üçün maliyyə vəsaiti ayrılır. Azərbaycanda inşa olunan Heydər məscidi Qafqazın ən böyük məscididir. Bir sözlə, Azərbaycan dövlətinin dinə münasibəti nümunəvi səciyyə daşıyır".

Mərkəz sədri qeyd edib ki, bəzi xarici qüvvələr Azərbaycanın hərtərəfli inkişafı, eləcə də dini dəyərlərə olan münasibətini qəbul etmək istəmir, əksinə qısqanclıqla yanaşırlar: "Məlum çevrələr Azərbaycanda sabitliyin pozulması, ölkənin qarşıdurma məkanına çevrilməsində maraqlıdırlar. Onlar dövlətimizin inkişafına mane olmağa çalışırlar".

Politoloq qeyd edib ki, Taleh Bağırzadə həbs olunsa da, bəzi xarici dairələr onun əvəzinə başqa bir fiqur ortaya qoymağa çalışacaqlar: "Qərəzli qüvvələr Azərbaycandan əl çəkmək istəmirlər. Ona görə də, bizim cəmiyyətimiz həmişə ayıq-sayıq olmalı, ölkədə təxribat xarakterli əməllər törətməyə çalışan şəxslər, qurpların apardıqları oyunlara aldanmamalıdırlar".

Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğunu deyən politoloq ölkəmizdən qat-qat böyük müsəlman dövlətinin bizim qədər uğur əldə edə bilmədiyini diqqətə çatdırıb: "Şərqdə elmi-texniki tərəqi, mədəni inkişaf ilk dəfə Azərbaycanda həyata keçirilib. Bu gün Azərbaycanın Firəngiz Əlizadə, Arif Məlikov kimi usta sənətkarları var. Yaxın tariximizə nəzər salsaq, Üzəyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi kimi yaşayıb-yaradan sənətkarlarımız xalqın ictimai şüurunun inkişaf etdirilməsində əvəzsiz rol oynayıblar. Digər müsəlman dövlətlərinə baxdıqda isə tamam fərqli vəziyyətlə rastlaşırıq. Həmin dövlətlərin dünya mədəniyyətinin simaları sırasında özünə yer edən şəxsiyyətləri yox səviyyəsindədir. Bu o deməkdir ki, Azərbaycan xalqının İslam dininə münasibəti olduqca unikaldır. Xarici qüvvələrin isə dinə baxışı fərqli olduğu üçün Azərbaycanı getdiyi müstəqil yoldan döndərməyə çalışırlar".

Ceyhun ABASOV

 





03.12.2015    çap et  çap et