"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul olunacaq. Qeyd edək ki, bu yöndə 15 maddədən ibarət qanun layihəsi dünən Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.
Yeni qanun layihəsinə əsasən, dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi və dini ekstremizmə görə cəzanın labüdlüyüdür.
Qeyd edək ki, qanun layihəsində dini ekstremizm əleyhinə mübarizə aparılan xüsusi zonanın hüquqi rejimi ayrıca fəsil kimi verilib.Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın həyata keçirildiyi zonada bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malik olacaq:
Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək.
Ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq;
Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək;
Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələri və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək;
Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətin müəyyən edilməsi məqsədilə həmin şəxsləri İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş qaydada və müddətdə tutmaq;
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədilə fiziki şəxslərin mənzil və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq onların ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatı aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq;
Müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək;
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyat zonasından köçürtmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək;
Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətinin və kommunal xidmətin göstərilməsini müvəqqəti dayandırmaq;
Dini ekstremizm fəaliyyətini aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə telefon danışıqlarına qulaq asmaq, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək;
Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında sanitar epidemioloji baytarlıq və karantin tədbirlərini tətbiq etmək;
Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında tərkibində narkotik və psixotrop maddə olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq.
İclasda "Dini etiqad azadlığı haqqında" qanunun "Dini ayinlər, mərasimlər və atributlar" adlı 21-ci maddəsinə dəyişikliklər edilməsi də təklif olunub. Təklif olunur ki, sözügedən maddənin 3-cü hissəsi bu raksiyada "İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağındır" redaksiyasında verilsin. Həmçinin, həmin maddəyə 7-ci hissənin əlavə edilməsi təklif olunur ki, orada da bildirilir: "İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər".
Bundan əlavə, dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaya görə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi də müzakirə olunub. Qanun layihəsində göstərilir ki, sözügedən tələbləri pozmaya görə, yəni, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərədindən aparımlası iki min manatdan beş min manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılacaq. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğatın aparılması öz növbəsində 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etməklə çəzalandırılacaq. Bu kimi əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 2 ildən 5 ilədək cəzalandırma nəzərdə tutulacaq.
İclasda həmçinin İnzibat Xətalar Məcəlləsinə dəyişiklik edilməsi də təklif olunub. Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.
Müzakirələr zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, dünyada, regionda,o cümlədən, ölkəmizdə baş verən hadisələrə, əsasən də, din pərdəsi adı altında həyata keçirilməyə çalışılan hallara qarşı xüsusi yanaşmalıyıq: "Çalışmalıyıq ki, həm vətəndaşlarımızın hüquqları müdafiə edilsin, həm də xaricdən ixrac olunan ziyanlı və təhlükəli hərəkətlərin qarşısı alınsın". Onun sözlərinə görə, müxtəlif zamanlarda bəzi dövlətlər və dairələr tərəfindən ölkələrə müxtəlif "ideyalar" ixrac olunurdu: "Məsələn, bir zamanlar, "demokratiya" ideyası ixrac olunurdu. Sonra "insan hüquqları" ideyası ixrac olunmağa başladı. İndi də din pərdəsi adı atında zərərli və təlükəli bir ideyanın, ideologiyanın ixrac olunmasına başlanılıb. Hesab edirəm ki, bu, daha təhlükəli bir məsələdir. Kimlərsə insanların dini hisslərindən, dini inanclarından sui-istifadə edərək öz zərərli və təhlükəli niyyətlərini həyata keçirmək istəyirlər. Ona görə də belə halların qarşısı qanunla sərt şəkildə alınmalıdır".
Komitə sədri deyib ki, qanun qarşısında da hamı bərabərdir, kimliyindən asılı olmayaraq, hər bir vətəndaş Azərbaycan qanunlarına tabe olmalıdır, hərə özü üçün ayrıca bir qanun yaradıb tətbiq etməməlidir. "Azərbaycan xalqı və dövləti 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə özünün Konstitusiyasını qəbul edib. Orada da bir daha Azərbaycanın dünyəvi dövlət modelini qəbul etdiyi özünün əksini tapıb. Bu, Azərbaycan xalqının və dövlətinin seçimidir. Hətta, 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyətini elan edən Azərbaycan dövləti hələ o zamanın özündə dünyəvi dövlət quruluşunu seçmişdi. Ancaq indi kimlərsə dini ekstremizm yolu ilə Azərbaycanın konstutision dövlət quruluşunu devirməyə, xalqın seçiminə qarşı getməyə cəhd göstərir. Ancaq bu cəhdlər heç zaman alınmayacaq. Bu məsələdə Azərbaycan dövləti, ölkə Prezidenti ilə Azərbaycan xalqı bir yerdədir, həmrəydir"-deyə, S. Novruzov sözlərinə əlavə edib.Komitə sədri müzakirəyə çıxarılan sözügedən qanun layihəsinin və dini etiqad azadlığı ilə bağlı daha 4 qanunvericilik aktına dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin məhz bu zərurətdən gündəmə gəldiyini bildirib. O, həmçinin, qanun layihələrinin təşəbbüsçüsünün məhz parlamentin iki komitəsi olduğunu vurğulayıb.
"İstər "Dini ektsremizmə qarşı mübarizə haqqında" yeni qanun layihəsi, istərsə də dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan növbəti qanun layihələri günün tələbidir". Bunu isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dilə gətirib. Komitə sədrinin dediyinə görə, dünyada, regionda, o cümlədən, ölkəmizdə baş verən bir sıra neqativ hallar məhz bu qanun layihələrinin hazırlanması və qəbulunu zərurətə çevirib: "Ümumiyyətlə, 5-6 ildir ki, parlament olaraq həm "Dini etiqad azadlığı haqqında" qanuna, həm də bu yöndə bəzi qanunvericilik aktlarına mütəmadi əlavələr və dəyişikliklər edirik. Növbəti yeni qanun layihəsi, həmçinin, dəyişiklikləri nəzərdə tutan qanun layihələri də bu qəbildəndir, zərurətdən, son günlər baş verən proseslərdən yaranıb. Bunların qəbuluna ciddi ehtiyac var".
İclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov öz növbəsində deyib ki, bu gün Azərbaycanda 2166 məscid var. G. İsmayılovun sözlərinə görə, hazırda 3 min Azərbaycan gənci xaricdə dini təhsil alır:
"Azərbaycana qayıdandan sonra xaricdə dini təhsil almış gənclər o ölkələrin dini adət-ənələrini də təbliğ etməyə başlayırlar. Bu da cəmiyyətimizdə ciddi fikir ayrılığı yaradır. Yəni, tək aldıqları dini təhsili yox, həmin xarici ölkələrin dini adətlərini də təbliğ edirlər. Bu da qanundakı boşluqdan irəli gəlir. Buna baxmayaraq, xaricdə təhsil almaq azaddır".
Komitə sədrinin müavini onu da qeyd edib ki, məhz qanundakı boşluqlar nəticəsində müxtəlif dini tamaşalar göstərilir: "Məsələn, Aşura mərasimi Azərbaycanda islamın ümumi prinsipləri ilə keçirilir. Buna baxmayaraq, məhz qanundakı boşluqlarla əlaqədar bu dini mərasim zamanı dini tamaşalar göstərilir. Buna yol verilməməlidir. Eyni zamanda,Aşura keçirilən yerlərə müxtəlif rəngli, qara və qırmızı rəngli bayraqlar gətirilir. Dini mərasimlərin keçirilməsi azad olsa da, bu mərasimlərdə müxtəlif atributlar olmamalıdır".G.İsmayılov Dövlət Komitəsinin təklifini də açıqlayıb: "Təklif edirik ki, yalnız din xadimlərinə dini mərasimlərə dini atributların gətirilməsinə icazə verilsin. Qanunda dini atributlarla bağlı qadağa tətbiq olunacaqsa, bu zaman din xadimləri istisna edilsin".
S.Novruzov da cavab olaraq bildirib ki, qanun layihəsinə əsasən dini mərasimlər din xadimləri tərəfindən keçiriləcək.
Qanun layihəsi müzakirələrdən sonra parlamentin dekabrın 4-də keçiriləcək növbəti plenar iclasına tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
çap et