525.Az

Xalq yazıçısı Anarın dənizçilərlə görüşü olub - Fotoreportaj


 

Xalq yazıçısı Anarın dənizçilərlə görüşü olub - <b style="color:red">Fotoreportaj</b>

Dekabrın 2-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Xalq yazıçısı Anarın gənclərlə görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor Çingiz Əliyev Akademiya haqda qısa məlumat verib və yazıçıya öz təşəkkürlərini bildirib:
 
“Hörmətli Anar müəllim, bizim akademiyada tez-tez mədəni tədbirlər keçirilir, amma sizinlə görüşə gənclərimiz xüsusi həvəslə hazırlaşıblar. Bilirik ki, yaradıcılığınızla və Yazıçılar Birliyinin sədrliyi ilə bağlı işləriniz çoxdur. Amma buna baxmayaraq bizə zaman ayırıb gəldiniz, ona görə də tələbələrimiz və professor-müəllim heyəti adından sizə dərin minnətdarlığımı bildirirəm”. Daha sonra rektor yazıçının əsərlərinin gənc nəslin tərbiyəsinə, zövqünə təsiri haqda danışıb və tədbir öncəsi tələbələrin onun yaradıcılığı ilə daha da dərindən tanış olduğunu söyləyib: “Bizim, yəni rəhbərliyin heç bir müdaxiləsi olmadan, tələbələrimiz sizin həyatınıza, yaradıcılığınıza aid video-çarxlar, kompozisiyalar hazırlayıblar. Gəlin bu materialları birgə izləyək”.

Tələbələr Anarın fotolarından hazırlanmış video-slaydı və yazıçı haqqında ətraflı məlumatı tədbir iştirakçılarına təqdim ediblər. Sonra məşhurların yazıçı haqda fikirlərindən də parçalar səsləndirilib.

Daha sonra söz gənc yazıçı-tənqidçi Pərvinə verilib. Pərvin Anar yaradıcılığının özəlliklərini vurğulayaraq yazıçının dənizə, dənizçilərə münasibətindən də söz açıb:

“Anar bütün nəsillərin, bütün peşə sahiblərinin yazıçısıdır. Amma onun yaradıcılığında dənizə xüsusi sevgi,  fərqli münasibət özünü göstərir. “Ağ liman” povestində Təhminə ilə Zaur məhz dəniz kənarında daha da doğmalaşırlar, öz hisslərini bir-birinə etiraf edirlər. “Mən, Sən, O və telefon” hekayəsində Rüstəm Mədinənin varlığını dənizin varlığı ilə müqayisə edir. “Əlaqə”də Tələbə o məşum evi məhz dənizə baxan pəncərələrinə görə seçir, “Ağ qoç, qara qoç” əsərində Məlik Məmmədli öz şəhərini üçə bölünmüş görəndən, bütün o faciəni yaşayandan sonra ağ ya qara qoç seçimiylə məhz dənizin kənarında qarşılaşır. Anarın əsərlərindən onlarla belə sitatlar gətirmək olar. Bu mənada onun bu gün sizlərlə görüşü heç də təsadüf deyil. Və mən dənizi bu qədər sevən, onun haqqında belə yazan yazıçını gələcəyin dənizçiləriylə görüşdürdüyünə görə rektor başda olmaqla bütün təşkilatçılara təşəkkürümü bildirirəm”.

Daha sonra Akademiyanın Qazaxıstanlı tələbələri yazıçının “Çağrılmamış bayatı”larını Azərbaycan dilində səsləndiriblər. Rektor Çingiz Əliyev qazax gənclər haqda əlavə məlumat verib: “Bu gənclər məhz bizim akademiyada təhsil almaq üçün ölkəmizə gəlib imtahan veriblər, rusca oxuyurlar, amma buna baxmayaraq dilimizi də öyrənirlər və Anarın əsərlərinə böyük maraqları var”.

Tələbələrin yazıçının təkcə nəsrinə yox, poeziyasına da sevgisi, marağı nəzərə çarpıb. Belə ki, gənclər şeirlərdən hazırladıqları kompozisiyalarla çıxış ediblər. Bundan əlavə Anarın “Qaranlıq” əsərindən bir parçanı səhnələşdiriblər. Rəsul Rzanın, Nigar Rəfibəylinin Anara yazdığı şeirlərin də səsləndirilməsi görüşün yaddaqalan məqamlarından olub. Çıxışlardan sonra yazıçı gənclərin ədəbiyyat, sənət, həyat haqqında çeşidli suallarını cavablandırıb. Tələbələr yazıçıdan yaradıcılıq və karyera  sirrləri haqda da soruşublar.

Anar çıxışında tədbirdən razılığını bildirib və gənclərə öz ziyalı məsləhətlərini verib: “Bu gün çoxdan yazdığım və hətta bəlkə də unutduğum yazılarımı, şeirlərimi yadıma saldınız. Buna görə sizlərin hər birinizə, tədbiri təşkil etdiyinə və məni qonaq dəvət etdiyinə görə rektor Çingiz Əliyevə öz minnətdarlığımı bildirirəm. Sizlərə üzümü tutub söyləyirəm ki, yalnız oxumaqla, çalışmaqla, zəhmətkeşliklə həyatda arzularınıza çata bilərsiz. Ona görə müasir vasitələrdən, internetdən, sosial şəbəkələrdən istifadə ilə yanaşı kitaba, ədəbiyyata da diqqətinizi əsirgəməyin. Mən bu görüşdən, sizin çıxışlarınızdan, suallarınızdan, sizlərlə canlı ünsiyyətdən məmnun qaldım. Ümid edirəm ki, sizlər üçün də görüşümüz faydalı oldu. Bir daha təşəkkür edirəm, sağ olun”.

Sonda yazıçı, gənclər üçün kitablarını imzalayıb, onlarla birgə xatirə fotoları çəkdirib. Eyni zamanda, Anar Azərbaycan Dövlət  Dəniz Akademiyasının muzeyini də ziyarət edib, xatirə kitabına ürək sözlərini yazıb.  

NƏZRİN

 





03.12.2015    çap et  çap et