525.Az

Milli Məclisə tövsiyə olunan qanun layihəsinin hüquqi əhəmiyyəti böyükdür


 

BAŞQA MƏZHƏBLƏRİ AŞAĞILAMAQ, İNSANLARI MƏCBURƏN DİNİ MƏRASİMLƏRƏ GƏTİRMƏK, UŞAQLARI DÜNYƏVİ TƏHSİL MODELİNDƏN UZAQLAŞDIRARAQ DİNİ TƏHSİLƏ CƏLB ETMƏK, XARİCİ ÖLKƏLƏRDƏ DİN ADI ALTINDA FƏALİYYƏT GÖSTƏRƏN SİLAHLI BİRLƏŞMƏLƏRİN TƏRKİBİNDƏ İŞTİRAK ETMƏK DİNİ EKSTREMİZM KİMİ QƏBUL OLUNACAQ

Milli Məclisə tövsiyə olunan qanun layihəsinin hüquqi əhəmiyyəti böyükdür<b style="color:red"></b>

Son günlər Azərbaycanda radikal-ekstremist qüvvələrin fəallaşması ölkə qanunvericiliyində din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalara qarşı mübarizənin sərtləşdirilməsi məsələsini aktuallaşdırıb.

Hüquq mühafizə orqanlarının xüsusi əməliyyatı nəticəsində Taleh Bağırzadənin rəhbərlik etdiyi "Müsəlman Birliyi Hərəkatı" adlı ekstremist qruplaşmanın üzvlərinin qarşısı alınsa da, belə hadisələrin bir daha təkrarlanmaması, ölkədə qarşıdurma yaratmaq, terror hadisəsi törətmək istəyən qüvvələrin öncədən zərərsizləşdirilməsi üçün "Dini ekstremizmə qarşı mübarizə haqqında" xüsusi qanunun qəbul edilməsi zəruri hala çevrilib.

Məlum olduğu kimi, dekabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında gündəliyə 6 məsələ daxil edilib. İclasda "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Dini etiqad azadlığı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, "Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Deputatlar qanun layihələrinin reallığı əks etdirdiyini, aidiyyatı orqanların dini ekstremistlərə qarşı mübarizədə səlahiyyətlərini daha da artırdığını, ölkəmizin inkişafına mane olmaq istəyən qüvvələrin qarşısının alınması üçün mühüm addım olduğunu qeyd edərək Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan konstitusiyasının müxtəlif qanunlarında radikal-ekstremist qruplaşmalara qarşı normalar müəyyənləşdirilib. Onun sözlərinə görə, Bakının Nardaran kəndində baş verən son hadisələr din adı altında fəaliyyət göstərən qruplaşmalar barədə qanunun sərtləşdirilməsini şərtləndirib: "Radikal-ekstremist qruplaşmaların məqsədi ölkədə dini toqquşmalar, vətəndaş qarşıdurması yaradaraq sabitliyi pozmaq, müstəqil dövlətçiliyin inkişafına mane olmaqdır. "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsində nəzərdə tutulan müddəalara insan hüquqları prizmasından yanaşılıb, heç bir halda fundamental azadlıqlar məhdudlaşdırılmayıb".

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan dövləti çətin regional şəraitdə əldə etdiyi müstəqilliyi hansısa xarici qüvvələrin maraqlarına qurban verməyəcək: "Radikal qüvvələr xarici dairələrdən aldıqları sifarişlərə uyğun olaraq hərəkət edir. Ekstremizmə qarşı qanunvericiliyin sərtləşdirilməsi ilə bu istiqamətdə fəaliyyət göstərməyə çalışan qüvvələri öncədən zərərsizləşdirmək asanlaşacaq. Milli Məclisə tövsiyyə olunan qanun layihəsinin hüquqi əhəmiyyəti böyükdür".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini rəhbərlərlə bağlı maarifləndirmə tədbirləri apardığını deyən A.Mirzəzadə komitənin regional şöbələrinin də bu istiqamətdə fəal rol oynadığını bildirib.

O qeyd edib ki, hər hansı bir xarici ölkədə dini təhsil alan şəxs ölkədə dini qurumlarda çalışa bilməz: "Çünki müsəlman ölkələrində dini baxışlar və qaydalar arasında fərqlər var. Xaricdə dini təhsil alaraq Azərbaycanda fəaliyyət göstərmək istəyən şəxslərin dini görüşlərinin fərqli olması ehtimali böyük olduğu üçün dövlət bunu yolverilməz hesab edir".

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa qeyd edib ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" hazırlanan qanun layihəsi və digər qanunlara əlavə və dəyişikliklərin edilməsi istiqamətində edilən təkliflərin qəbul olunması vacibdir: "Son günlər baş verən hadisələr göstərir ki, dövlət bu istiqamətdə öz üzərinə düşən funksiyanı yerinə yetirməlidir. Əks halda, ölkənin təhlükəsizliyi üçün ciddi problemlər ortaya çıxa bilər. Ona görə də, bu addımı doğru hesab edirəm. Gələcəkdə strateji səhvlərə yol verməməyimiz üçün müəyyən məsələlərdə daha çox elmi yanaşmalar da tələb olunur. Çünki bu, olduqca həssas mövzudur".

F.Mustafa xatırladıb ki, bu gün Milli Məclisin iclasında bu məsələlər müzakirəyə çıxarılacaq və müəyyən nəticələr əldə olunacaq.

Millət vəkili əlavə edib ki, əsas məsələ xaricdən yönlədirilən ekstremist qruplaşmaların qarşısını alaraq, ölkədə təhlükəsiz həyat şəraitini təmin etməkdir: "Radikal-ekstremist qüvvələrin atdığı addımlar müəyyən xarici dairələrin maraqlarına xidmət edir. Onların məqsədi Azərbaycanda sabitliyi pozmaqdır. Ölkə qanunverciyiliyinə edilən dəyişikliklər bu istiqamətdə fəaliyyət göstərməyə çalışan qüvvələrin əvvəlcədən qarşısını almağa imkan verəcək".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə bildirib ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi komitələrdən keçib. Onun sözlərinə görə, bundan əvvəlki dövrlərdə də Azərbaycan dövləti ekstremizmlə sərt şəkildə üz-üzə qalıb və bunun ağrılarını hələ də yaşamaqdayıq: "Ölkəmiz əleyhinə təcavüzkarlıq aktı etnik-milli separatizmlə müşayiət olunub. Bu ekstremist fəaliyyət həm vətəndaşlara, həm də maddi-mədəni abidələrə qarşı həyata keçirilib. Hazırda isə dindən milli maraqlar əleyhinə fəaliyyət üçün istifadə olunur. Nardarandakı məlum əməliyyatlar təkcə bir kiçik qəsəbəyə deyil, bütövlükdə ölkəmizin istənilən məkanında yaşayaraq Azərbaycanda din adı ilə şəriət və fundamentalist üsul-idarə görmək istəyənlərin hamısına cavab olub".

Z.Oruc qeyd edib ki, ekstremizm konstitusion quruluşu tanımamaq, ölkənin dünyəvi modelinə qarşı fəaliyyət aparmaqdır: "Bunlar silahlı vasitə, toqquşmalar və terror fəaliyyəti ilə həyata keçirilə bilir. Onlar öz milli mənsubiyyətini aşağılayaraq, özünü hansısa millətə mənsub olmadığını göstərməklə guya, vahid İslam ümmətiymiş kimi fəaliyyət ortaya qoyurlar. Eyni zamanda, başqa məshəbləri aşağılamaq, öz məshəbini daha yüksək göstərmək, eləcə də müxtəlif insanları məcburən hər hansı dini mərasimlərə gətirmək, onları əsas dünyəvi təhsil modelindən uzaqlaşdıraraq dini təhsilə cəlb etmək, həmçinin, xarici ölkələrdə din adı altında fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək və digər bu kimi fəaliyyətlər artıq dini ekstremizm kimi qəbul olunacaq. Heç şübhəsiz ki, bütün bunlar qanun hüquq dairəsinə daxil olduğu üçün məsuliyyət yaradacaq".

Millət vəkili bildirib ki, qanun layihəsində dövlət orqanlarının üzərinə vəzifələr qoyulub: "Dövlət qurumları ekstremist qruplaşmalara qarşı ciddi tədbirlər həyata keçirməlidir. Ekstremizmə qarşı fəaliyyətin həyata keçirilməsilə bağlı sənəddə düzgün olaraq, "Əməliyyat zonası" adlı ayrıca fəsil işlənib. Siyasi hakimiyyət uğrunda mübarizə aparan qüvvələr xüsusilə, Nardaran hadisələrinə birmənalı münasibət bildirməyiblər. Bir qism bu hadisəni iqtisadi tələblərlə çıxış edənlərin cəzalandırılması, başqaları siyasi rəqiblərinə dərs keçmək üçün dindarlara qəsd edilməsi kimi ittihamları hələ də səsləndirməkdədirlər. Ən pisi isə burada xilafət qurulsa və hər yeri qara bayraqlar bürüsə, iqtidar əleyhinə olanlar, özünü dindar sayanlar da bundan zərər görəcək. Çünki qara bayrağın başına Suriyada tökülən bombalar bizdən o qədər də uzaqda deyil. Elə bu bombaların bir qismi Xəzər dənizindən atılır".

Z.Oruc hesab edir ki, Milli Məclisin plenar iclasında aparılan müzakirələr zamanı qanun layihəsinə əlavələr və dəyişikliklər olacaq: "Məsələn, cəza sanksiyaları nədən ibarət olmalıdır?  Bu barədə ciyanət qanunvericiliyində normaların müəyyənləşdirilməsinə baxmayaraq, biz yeni qanun layihəsində də həmin məsələlərə yer verməliyik. Dini bölgü aparanlara, xaricdə müəyyən qruplaşmaların tərkibində vuruşanlara, o cümlədən, konstitusiya əleyhinə müxtəlif xarakterli fəaliyyətlər aparan şəxslərə verilən cəzalar müəyyənləşdirilməlidir. Bunların hər biri ilə bağlı ayrıca hüquqi müddəalar təsbit olunmalıdır ki, qanun daha təkmil səviyyədə işləsin".

Millət vəkili əlavə edib ki, Azərbaycan əslində lokal bir hissədə hansısa xurafat içində yaşayan bir qrup şəxsə qarşı güc tətbiq etmək mövqeyindən daha çox, qanun vasitəsilə islah etmək, eyni zamanda sosial-iqtisadi tədbirlərini gücləndirmək mövqeyində olmalıdır. İndiki halda, Nardaranda təhlükəsizlik tədbirləri ilə yanaşı, orada normal həyat ahənginin bərpa olunması üçün məktəblərin fəaliyyət göstərməsi, sosial obyektlərin işə düşməsi, baxçaların uşaqları təzədən öz qoynuna alması, eləcə də yeni işyerlərinin açılması, dini inanc yerlərinin məhz nəzərdə tutulan reqlamentdə işləməsi və digər tədbirlər həyata keçirilməlidir ki, Azərbaycan öz dünyəvi modelində inkişafını davam etdirsin".

Ceyhun ABASOV

 





04.12.2015    çap et  çap et