525.Az

Efiopiya mətbuatı: "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir"


 

"ƏDDİS ZƏMƏN" QƏZETİ: "AZƏRBAYCAN ÖZ TORPAQLARINI İSTƏNİLƏN VASİTƏYLƏ İŞĞALDAN AZAD ETMƏK GÜCÜNDƏDİR"

Efiopiya mətbuatı: "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir"<b style="color:red"></b>

"İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan - Həqiqətlər və Reallıqlar" layihəsi zamanı rəsmi səfərdə olan Efiopiyanın ən böyük oxucu kütləsinə malik dövlət qəzeti "Əddis zəmən" qəzetinin Baş redaktorunun müavini Araya Getaço ölkəmizin inkişafı və iqtisadi qüdrəti, zəngin mədəniyyəti, geostrateji əhəmiyyəti və güclü dövlətçiliyimiz barədə silsilə məqalələr dərc edib.

Araya Getaço "Azərbaycanlıların torpağı: Bir çox haqsızlıqlarla üzləşən tarixi Millət" adlı məqaləsində Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizlik - torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsindən və 1 milyon azərbaycanlının tarixi torpaqlarından qovulmasından bəhs edir.

Hərbi diktatura tərəfindən idarə olunan Ermənistanın azərbaycanlılara qarşı etdiyi zülmün nəticələri ilə əyani şəkildə tanış olan efiopiyalı jurnalist Quba məzarlığında olduğunu və Ermənistan tərəfindən 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırım qurbanlarının kütləvi məzarlığını ziyarət edərkən vahimə keçirdiyini vurğulayıb. O, Azərbaycan Hökumətinin soyqırım qurbanların xatirəsinə hörmətlə yanaşdığını və bütün dünyanın bu cinayətlərin şahidi olması üçün Abidə-Memorial Kompleks ucaltdığını qeyd edib

Müəllifin bu cinayətlərdən dəhşətə gəlməsi məqalədə aydın şəkildə hiss olunur: "Ermənistanın Azərbaycan xalqına etdiyi zülmü əks etdirən digər abidə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Bu, Xocalı Abidəsidir".

1992-ci ilin 26 fevral tarixində saat 23.00-da Azərbaycanın Xocalı şəhərinə hücum edən erməni əsgərlərinin 613 azərbaycanlını - 83 uşaq, 106 qadın və 70 yaşlını vəhşicəsinə qətlə yetirdiyini qeyd edən efiop jurnalist 1245 azərbaycanlının əsir düşdüyünü və 150 azərbaycanlının aqibətinin bugünədək bəlli olmadığını vurğulayıb.

Azərbaycanlılara qarşı ədalətsizliyin burada bitmədiyini yazan müəllif Ermənistan ordusunun ağlasığmaz üsullarla cinayətlər törətdiyini bildirir. Maraqlısı budur ki, Azərbaycanda apardığı söhbətlər zamanı müəllif azərbaycanlılarda ermənilərə qarşı kin və nifrət hisslərinin olmadığını qeyd edərək, bütün bu cinayətlərin Ermənistanı idarə edən hərbi rejim tərəfindən törədildiyini bildirib və hazırda ermənilərin Azərbaycanda əmin amanlıq şəraitində yaşadıqlarını vurğulayıb.

Jurnalist Araya Getaço Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayaraq, bu torpaqların Ermənistanın hərbi xuntası tərəfindən işğal edildiyini və bu işğal nəticəsində 1 milyon azərbaycanlının öz torpaqlarından qovulduğunu bildirib. Bu çətinliklərə baxmayaraq, Azərbaycan Hökumətinin qaçqın və məcburi köçkünlər üçün müasir evlər, məktəblər inşa etdiyini və iş yerləri ilə təmin etdiyini bildirib.

Azərbaycan hökumətinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara sülh danışıqlarının aparılması ilə bağlı müraciət etdiyini vurğulayan jurnalist beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamələrin qəbul olunmasına baxmayaraq, 20 ildən artıqdır ki, bu qətnamələrin Ermənistan tərəfindən icra edilmədiyini bildirib.

Efiopiyalı jurnalist Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının digər rəsmiləri və həmçinin ictimaiyyət nümayəndələri ilə görüşlərini və söhbətlərini xatırladaraq, Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib, lakin Azərbaycanın öz torpaqlarını istənilən vasitələrlə azad etmək gücündə olduğunu bildirib. Azərbaycan rəsmilərinə, ictimaiyyət nümayəndələrinə və həmkarları olan jurnalistlərə istinad edən efiopiyalı jurnalist dünya ictimaiyyəti tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul edilən Ermənistanın işğalı altında olan torpaqlarımıza məhz Azərbaycan xalqının haqqı olduğunu yazıb.

Məqalədə Azərbaycanda son gününü təsvir edən müəllif Heydər Əliyev Mərkəzindən yüksək təəssüratını bölüşərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan tarixi muzeylərində olduğunu və Mərkəzin ən müasir texnologiya ilə təchis edildiyini qeyd edib. O, Efiopiya xalqının milli lideri Meles Zenavi Fondunun Azərbaycanın təcrübəsindən yararlanmasının vacibliyini qeyd edərək, onların Azərbaycana səfər etmələri və Azərbaycanın təcrübəsini öyrənmələrinin zəruriliyini bildirir.

Azərbaycan kimi gözəl bir ölkədən ayrıldığını qeyd edən jurnalist Araya Getaço Əddis-Əbəbəyə döndüyünü və Azərbaycan dilində "Sağ ol" deyərək, "Yaşasın Azərbaycan!" kəlmələri ilə məqaləsini bitirib.

Ceyhun ABASOV

 





04.12.2015    çap et  çap et