525.Az

"Dövlətin Nardaranda həyata keçirdiyi tədbirlər təhlükəsizliyə yönəlib"


 

"Dövlətin Nardaranda həyata keçirdiyi tədbirlər təhlükəsizliyə yönəlib"<b style="color:red"></b>

Nardaranda dekabrın 1-dən güc strukturları tərəfindən həyata keçirilən əməliyyatın əsas məqsədi ölkə daxilində sabitlyə, qanunların icrasına yönəlmiş təhdidlərin qarşısını almaq, hər bir vətəndaşın təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir.
 
Dövlətimiz bununla ölkə daxilində terror,radikal meyilli  müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi.  Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində Nardaran qəsəbəsində Azərbaycan Konstitusiyasının normaları bərpa edilib, qəsəbənin küçə və meydanları bu ünsürlərin qurduğu maneələrdən, qara bayraqlardan, o cümlədən Azərbaycanın müstəqilliyinə, azadlığına, demokratiyaya qarşı yönəlmiş radikal dini rəmzlərdən, qarşıdurma çağırışlarından və hədələyici sözlər yazılan plakatlardan təmizlənib. İndi Nardaranda sivil və müasir cəmiyyət qayda-qanunlarına uyğun ab-hava bərpa edilib. O cümlədən, qəsəbədəki dinc sakinlər də azad bir şəkildə gündəlik həyatlarını davam etdirirlər.

Onu da vurğulamaq lazımdır ki, hər bir dövlətin əsas vəzifələrindən biri də öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək, cəmiyyətdə sabitliyini qorumaqdır. Vətəndaşlar da ölkə Konstitusiyasına, qanunlarına hörmət etməyə borcludurlar. Amma görünür, Nardaranda bəziləri bunu unudaraq, öz "qanunları"nı tətbiq etmiş və bunun həmişəlik davam edəcəyinə özlərini inandırmışdılar. Azərbaycan dövləti tərəfindən Nardaranda yuva salmış radikal qrupların insanlarımız üçün olduqca təhlükəli terrorçu fəaliyyətlərinin qarşısı qətiyyətlə və qanunun tələb etdiyi bütün göstəricilərlə alındı. Bununla isə dövlət cəmiyyət qarşısında öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş oldu və hər bir azərbaycanlı, cəmiyyətimizin hər bir üzvü bir daha əmin oldu ki, dövlət öz insanlarının təhlükəsizliyinin keşiyindədir. Əlbəttə ki, dövlət hansısa terrorçu qrupun bir qəsəbədə hakimiyyət orqanlarının funksiyasını mənimsəsinə, həmin ərazini cəmiyyətdən təcrid etməsinə, müxtəlif radikal çağırışlar etməsinə imkan verə bilməzdi.

Hazırda Nardaranda əməliyyat davam edir, daxili işlər naziri Ramil Usubov öz müraciətində Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post patrul xidmətlərinə təhvil versinlər. Silahları könüllü təhvil verənlərə hər hansı cəza tətbiq edilməyəcək. DİN rəhbəri Azərbaycanda ictimai-siyasi sabitliyin yüksək səviyyədə qorunduğunu, heç bir narahatlığa əsas olmadığını da əlavə edib.

Dövlət tərəfindən Nardaranda həyata keçirilən əməliyyata münasibət bildirən millət vəkili Rasim Musabəyov deyib ki, Bakının Nardaran kəndində baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə sifarişlə idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdidir. O deyib ki, onlar Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq müəyyən hərəkətlər etmək, addımlar atmaq istəyiblər. Millət vəkili bunun planlı olduğunu da əlavə edib: "Ən əsası isə bu qüvvələr qəsəbədə qanunazidd əməllər törədiblər, ölkə Konstitusiyasını pozublar. Bu şəxslər konkret olaraq silahlanıb Azərbaycan polisinə, dövlət nümayəndəsinə atəş açıblar. Terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıblar. Nardaranda dövlət qurumlarının fəaliyyətinə imkan verməyiblər. Hətta qəsəbəyə yad insanların girişinə də qadağa qoyublar. Bir sözlə, orta əsrlər qayda-qanunlarını tətbiq ediblər. Dövlətin müdaxiləsi vacib idi, hətta bu unsanlara dəyişmək üçün imkan da verildi. Lakin onlar bu güzəştlərdən nəticə çıxarmadılar. Elə düşünürdülər ki, bunlardan qorxurlar. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər hər bir vətəndaşının təhlükəsizliyinə, rifahına yönəlib. Nardaranda keçirlən əməliyyatı bütün cəmiyyət dəstəkləyir. Çünki ordakı vəziyyət artıq narahatlıq, qorxu həddinə çatmışdı. Buna görə də hesab edirəm ki, onlar ən ciddi cəzaya layiq görülməlidirlər".

 Politoloq Cümşüd Nuriyev isə bildirib ki, Azərbaycan hüquqi, demokratik dövlətdir, ölkədə bütün məsələlər qanunlar əsasında tənzimlənir. Onun sözlərinə görə, daxildə və xaricdə Azərbaycan əleyhinə hazırlanan bütün təxribatların qarşısı dərhal alınmalıdır: "Biz Azərbaycan dövlətinin belə məsələlərdə qətiyyətli mövqeyini dəfələrlə görmüşük. Dövlət öz iradəsini növbəti dəfəyə ortaya qoydu və bir daha nümayiş etdirdi ki, ölkə qanunlarına hər bir vətəndaş əməl etməyə borcludur". C.Nuriyev əlavə edib ki, dini sahədə bizdə kifayət qədər boşluqlar var: "Nəzərə alsaq ki, Azərbaycan yeni müstəqillik qazandığına görə bəzi qara qüvvələr üçün də bir eksperiment zonasına çevrilib. Ona görə də burada vəhabilər istəyirdilər ki, özlərinin təbliğatını aparsınlar. Bu gün həmçinin şiə məsələsi gündəmə gəlir və "nurçuluq" var. Bundan başqa, Azərbaycanda indi sələfilər, xəvaricilər və s. bu tip təriqətə, dini mənsəbə olanlar özlərinə yer etmək istəyirlər". C.Nuriyev təəssüflə bildirib ki, Nardaranda da həddən artıq qatı şiə xürafatı gündəmdədir: "8-10 yaşında uşağın radikal çıxış etməsi və onu ağsaqqalların alqışlaması o deməkdir ki, artıq həmin qəsəbədə insanlar İslamı olduğu kimi başa düşməyib. Birdən-birə bu məsələlərin gündəmə gəlməsi də təsadüfi deyil. İstənilən halda bu cür qüvvələrlə mübarizədə Azərbaycan dövlətinin hazırda atdığı addımlar, gördüyü tədbirlər  alqışlanasıdır. Təbii ki, müvəqqəti çətinliklər olacaq. Amma ümumilikdə bu işdə Azərbaycan dövləti udacaq. Ona görə də bu işdə ölkə prezidentinə uğurlar arzulayıram".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev də güc strukturları tərəfindən Nardaranda həyata keçirilən əməliyyatları təqdir edib. O xatırladıb ki, Nardaranda əvvəllər də belə xoşagəlməz hadisələr baş verib. A.Quliyev bəzi daxili siyasi qüvvələrin, o cümlədən də "Milli Şura"nın hadisələrə mövcud yanaşmasına təəssüfünü bildirib: "Ən azından nəzərə almaq lazımdır ki, Nardaranda baş verən hadisə ölkədə demokratik dövlətçiliyə, hüquqi dövlətçilik prinsiplərinə, Azərbaycanın prespektiv inkişaf maraqlarına tamamilə zidd olan hallardır. Ona görə də hadisələrə yalnız bu kontekstdə yanaşmaq lazım idi. Amma həmin daxili qüvvənin hadisələrə yanaşması, siyasi münasibəti yalnız öz maraqlarına uyğun şəkildə olub. Əgər Nardaranda baş verən hadisənin arxasında bu kəndin sakinləri dayanmış olsa idi, o zaman orada ölənlərin sayı yüzlərlə olmalı idi. Burada yalnız kiçik terrorçu qruplardan söhbət gedir. Məhz buna görə də oradakı hadisələri bütün Nardaran sakinlərinin adı ilə bağlamaq və buna uyğun da siyasi nəticə çıxarmaq qəti şəkildə yolverilməzdir".

Nardaranda sabitliyin yaradılmasına istiqamətlənən əməliyyat davam edir. Dövlət öz üzərinə düşən funksiyanı yerinə yetirərək, cəmiyyətimizi və insanlarımızı bu terror təhdidlərinddən xilas etdi. Bundan sonra da dövlətimiz bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir. Bunun müsbət nəticələri isə artıq hiss olunmaqdadır.

PƏRVANƏ

 





04.12.2015    çap et  çap et