525.Az

“Ədəbiyyatın dostları” klubu Ədəbiyyat Muzeyində - Fotoreportaj


 

“Ədəbiyyatın dostları” klubu Ədəbiyyat Muzeyində - <b style="color:red">Fotoreportaj</b>

Dekabrın 4-də “Ədəbiyyatın dostları” klubu Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib, klub üzvləri ədəbiyyatımızın müxtəlif dövrlərinə aid muzey nümunələri ilə tanış olublar.

Xatırladaq ki, muzey 1945-ci ildə təşkil olunub, 1959-67-ci illərdə xeyli genişləndirilib və yenidən qurulub. Muzey kollektivi Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. Əvvəl Nizami Gəncəvinin anadan olmasının 800 illiyilə bağlı daimi sərgi kimi təşkil olunan muzey sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilib. 2004-2009-cu illərdə ikinci dəfə təmir olunub.

Muzeydə Azərbaycan ədəbiyyatının ən qədim çağlarından müasir dövrünə qədər olan tarixi işıqlandırılır. Burada müxtəlif sənədlər, əlyazmalar, kitablarla yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri nümayiş etdirilir. Muzey 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fonddan ibarətdir. Ekspozisiya zallarında onlarla Azərbaycan ədibinə, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanıb.

Klub üzvləri Muzeydəki əşyalarla, rəsmlərlə əyani tanış olub, Azərbaycan ədəbiyyatı tarixinin fərqli dövrlərini əks etdirən nadir eksponatların tarixçəsini öyrəniblər. Onlar Muzey ziyarətindən unudulmaz təəssüratlarla ayrıldıqlarını, burada gördüklərinin onlarda ədəbiyyatımız haqqında layiqli təəssürat yaratdığını vurğulayıblar. Qeyd edək ki, bu, “Ədəbiyyatın dostları” klubunun ikinci belə ekskursiyasıdır.

Müşfiq ŞÜKÜRLÜ

 





05.12.2015    çap et  çap et