525.Az

"Cəmiyyətdə orduya inamın formalaşmasında jurnalistlərin rolu böyükdür"


 

"Cəmiyyətdə orduya inamın formalaşmasında jurnalistlərin rolu böyükdür"<b style="color:red"></b> Bu gün "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi-ekstremal jurnalistikada qoyulan tələb və davranış qaydaları" layihəsi çərçivəsində keçirilən təcrübə poliqon kursunun iştirakçılarına sertifikatlar təqdim olunub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, layihə çərçivəsində 8 gün ərzində 54 seminar keçirilib və seminarlara Müdafiə Nazirliyinin 40-a yaxın eksperti iştirak edib. O, jurnalistlərin hərbi təcrübəsinin artırılması baxımından təlimin əhəmiyyətini vurğulayıb: "Mən əminəm ki, təlimdən sonra hərbi sahədən yazan jurnalistlər eyni səhvləri təkrar etməyəcəklər. Hesab edirəm ki, Azərbaycan jurnalistikasında ciddi problemlərdən biri ixtisaslaşma ilə əlaqədardır. Ancaq bu kursdan sonra hərbi sahədən yazan tam ixtisaslaşmış jurnalistlər olacaq".
 
Sonra kursun gedişi ilə bağlı videoçarx nümayiş etdirilib.
 
Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Rasim Əliyev çıxışında təlimin hərbi jurnalistlərin formalaşmasında xüsusi rolu olduğunu qeyd edib. Onun sözlərinə görə, ordu haqqında cəmiyyətə düzgün informasiyanın verilməsində jurnalistlərdən çox şey asılıdır: "Təbii ki, orduda qüsurlar da var. Amma son iki ildə aparılan islahatlar öz faydasını verir. Ordu haqqında cəmiyyətə doğru və dürüst informasiyanın verilməsi olduqca önəmlidir. Bunun üçün jurnalistlərdən çox şey asılıdır. Çünki cəmiyyətdə orduya inamın formalaşmasında jurnalistlərin rolu böyükdür. Bundan sonra da Müdafiə Nazirliyi bu kimi tədbirlərə dəstək verməyə hazırdır".
 
BDU-nun Jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli də təlimin əhəmiyyəti barədə çıxış edib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da çıxışında bildirib ki, təlimdə jurnalistlərin qazandığı təcrübə öz bəhrəsini bir müddət sonra verərək və qısa müddətdə praktiki olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, Müdafiə Nazirliyi bu tipli layihələri dəstəkləyir və davamlı olmasını arzulayır.
 
Sonda təlimdə iştirak edən jurnalistlərə sertifikatlar verilib.
 
Qeyd edək ki, təlim kursu "Dinc Dünya" Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Müdafiə Nazirliyi, Mətbuat Şurası və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dəstəyi ilə həyata keçirilib.
 





05.12.2015    çap et  çap et