525.Az

“Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı”


 

MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ BU MÖVZUDA ELMİ-NƏZƏRİ KONFRANS TƏŞKİL EDİLİB

“Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı” <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində möhtəşəm ümumtürk abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının ilk nəşrinin 200 illik yubileyinə həsr olunmuş “Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2015-ci il tarixli sərəncamından irəli gələn tədbirlər çərçivəsində keçirilən bu konfransda Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin əhəmiyyətindən söhbət açılıb.

Konfransı giriş sözü ilə açan Universitetin rektoru professor Fərəh Əliyeva müstəqillik tariximizdə ədəbi hadisə olan “Kitabi-Dədə Qorqud”  eposunun 1300 illik yubuleyinin qeyd edilməsindən, ümummilli lider Heydər Əliyevin klassik irsə münasibətindən geniş söz açaraq bu dastanın milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında oynadığı roldan danışıb.

Plenar iclasda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək deyib: “Tarix içindəki oğuz-türk mənəvi mədəniyyətinin ana axarlarından biri Dədə (Ata) Qorqud və onun çevrəsindəki mifoloji və tarixi proseslərlə bağlıdır. Babalarımız olan oğuzların mənəvi-ruhani hamisi, yol göstəricisi statusunda çıxış edən “Qorqud”, şübhəsiz ki, yüzilliklərin dərinliklərindən gələn müdriklik, öncəgörməlik, ulusu-etnosu gələcəyə doğru istiqamətləndirmə düşüncəsinin ortaya çıxardığı rəmzi-mifoloji obrazdır. Oğuz-türk tarixinin çeşidli dönəmlərində, xüsusən də taleyüklü məqamlarında ulus-etnos içərisindən çıxmış (zühur etmiş) qeyri-adi istedad, bilici-görücü keyfiyyətlərinə malik unikal şəxsiyyətlər sözügedən mənəvi statusu (“qorqudluğu”) öz üzərinə götürmüş, bu səbəbdən də “Qorqud” adı ilə çağırılmışlar. Bu baxımdan “Qorqud” tarixi-mifoloji statusunun yüzillər boyundakı daşıyıcılarının sayı, yəqin ki, onlarladır. Türküstan, Qafqaz və Anadoluda müşahidə olunan çoxsaylı Qorqud qəbirləri də həmin tarixi gerçəkliyin ifadəsidir”.

Görkəmli folklorşünas alim, professor Qəzənfər Paşayev “Kitabi-Dədə Qorqud”un ümumtürk mahiyyətini açıqlayaraq qeyd edib ki, oğuzların min illər boyu yaratdığı, ağıl və zəkanın məhsulu olan “Kitabi-Dədə Qorqud” dastanı şifahi xalq ədəbiyyatımızın zirvəsi, şifahi və yazılı ədəbiyyatımızın başlanğıcı və tükənməz enerji mənbəyidir. Dünya Elm aləminə bəlli olmasının 200 illiyi Azərbaycanın bütün bölgələrində il boyu yüksək səviyyədə keçirilməsi bu ölməz abidəyə və onu yaradanlara qədirşünaslıq əlaməti olduğunu vurğulayıb.

Universitetin professoru, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə, M. Füzuli adına Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, Əməkdar incəsənət xadimi, dosent Kamilə Dadaşzadə çıxış edərək Azərbaycan xalqının tarixi köklərinin, milli-mədəni irsinin daha yaxşı dərk edilməsində “Kitabi-Dədə Qorqud” dastanının əhəmiyyətini qeyd edib. Toplantıda filologiya elmləri doktorları Aybəniz Əliyeva-Kəngərli, Tərlan Quliyev, Nailə Mustafayeva və digərləri məruzələrlə çıxış ediblər.

“Kitabi-Dədə Qorqud” və milli musiqimiz”, “Kitabi-Dədə Qorqud” və müasir filoloji fikir”, “Kitabi-Dədə Qorqud”  və Azərbaycanda kulturoloji düşüncə” və  “Teatr və kinoda Dədə Qorqud motivləri” adlı bölmələrdən ibarət konfransda çıxış edən sənətşünas alimlər tərəfindən  “Kitabi-Dədə Qorqud” dastanının musiqi konsepsiyasına və ümumilikdə dastana Azərbaycan musiqi mədəniyyəti konteksti bucağından münasibət bildirilib.

Universitet tələbələrinin ifasında saz və bağlama havaları dinlənilib. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Konfransda “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş aşağıdakı elmi məruzələr səslənib: “Kitabi-Dədə Qorqud” Azərbaycan Musiqi mədəniyyəti kontekstində”, “Azərbaycan mifoloji-fəlsəfi görüşlərində qopuz aləti - həyat rəmzi kimi”,  “Kitabi-Dədə Qorqud” dastanının musiqi konseptsferasına dair”, “Dünya Qorqudşünaslığın təkamül mərhələləri”, “Müştərək türk abidələri “Kitabi-Dədə Qorqud” eposu”, “Dədə Qorqud” eposu: Mif və Antimif”,  “Kitabi-Dədə Qorqud” Azərbaycan folklorunun ana abidəsi kimi”, “Dədə Qorqud məzarının ünvanı - Dəmirqapı Dərbənd”, “Kitabi-Dədə Qorqud” müasir multikulturalizmin etnokultural mənşəyi kimi”, “Kitabi-Dədə Qorqud”da dövlətçilik”,  “Kitabi-Dədə Qorqud” mövzusu daim aktualdır”,  “Kitabi-Dədə Qorqud” dilinin leksik-semantik özəllikləri”, “Kitabi-Dədə Qorqud” eposunda işlənən paremiyaların semantik funksiyaları”, “Kitabi-Dədə Qorqud” müqayisəli təhlillər müstəvisində”, “Azərbaycan dastanlarında etnokosmik identifikasiya: “Dədə Qorqud” və “Əsli-Kərəm”, “Əsrlərdən boylanan, dastanlaşan tariximiz, mədəniyyətimiz, məişətimiz Qorqud Dədənin dilində”, “Nizami Gəncəvinin yaradıcılığında “Kitabi-Dədə Qorqud” ənənəsi”, “Epik əsərlərin öyrənilməsinin Avropa məktəblərinin nəzəri kontekstində qorqudşünaslığın problemləri”, “Erməni mifini dağıdan ana kitabımız”,  “Oğuznamələr və “Loğman oğuznaməsi” barədə”, “XVIII əsr oğuz türkləri ədəbiyyatının mövzu və janr xüsusiyyətləri barədə”, “Dədə Qorqud Kitabı”nda kulturoloji təfəkkürün təcəssümü”, “Kitabi-Dədə Qorqud” eposu ümumtürk kulturoloji fikir kontekstində”, “Kitabi-Dədə Qorqud” dastanı və milli-mənəvi dəyər problemi”, “Kitabi-Dədə Qorqud” dastanı dünənimizdə və bu günümüzdə”, “Kitabi-Dədə Qorqud”da fəlsəfi və teoloji diskurslar”, “Kitabi-Dədə Qorqud” dastanında Dədə Qorqud obrazı arxetip kimi”, “Türk epos mədəniyyəti və “Kitab-Dədə Qorqud” dastanı”, “Teatr prosesinin ilk mərhələsi: Milli teatr düşüncəsinin əski qaynaqları”,  “Kitabi-Dədə Qorqud” və Nibelunqlar nəğməsi”: “su” ünsürünün dastan kreativliyi (mifdən dastana)”, “Türkün “İlliada”sı”,  “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın keçmişinin şanlı səhifələrini özündə yaşadan qəhrəmanlıq dastanıdır”.

O cümlədən, konfransda  “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə dair videoçarxlar və kitab sərgisi nümayiş olunub.

M.ŞÜKÜRLÜ

 





05.12.2015    çap et  çap et