Son zamanlar Təhsil Nazirliyi ilə AMEA arasındakı müştərək layihələr aktuallıq qazanıb. Tələbələrin elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihələrin əsas qayələrindəndir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də AMEA ilə əməkdaşlığa başlayıb. Universitetin tələbələri Azərbaycan ədəbiyyatı və Mətnşünaslıq fənlərini AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda əyani vəsaitlər vasitəsilə daha dərindən öyrənirlər. Bugünlərdə Universitetin professoru Gülşən Əliyeva-Kəngərlinin də iştirakı ilə tələbələr Əlyazmalar İnstitutunun ekspozisiya zallarında qədim əlyazma nüsxələri ilə tanış olublar. Mətnşünaslıq fənninin tədrisi çərçivəsində keçirilən bu dərsdə nəfis miniatürlərlə bəzədilmiş əlyazmalar həm yaranma tarixi həm də işlənmə səviyyəsinə görə tələbələrin diqqətini çəkdi. İnstitutda qorunan qədim əlyazmalarla tələbələri institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov tanış edib. 1982-ci ildən fəaliyyət göstərən ekspozisiya zalında Nur Əlişah İsfa-hani, Nəxşəvi Ziyaəddin, İbrahim Həqqi, Əbu Cəfər ibn Məhəmməd Təbəri, Məhəmməd Füzuli, Seyid Məhəmməd Ürfi Şirazi, Bəvazici, Əhməd Nədim, Əbdürrəhman Cami, Ömər Xəyyam Nişapuri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Saib Təbrizi, Əssar Təbrizi, Nəsrəddin Tusi, Məhsəti Gəncəvi, Əlişir Nəvai, Mirxond Mə-həmməd ibn Xavəndşah, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov və digər görkəmli elm və mədəniyyət xadimlərinə aid əsərlərin əlyazma nüsxələri nümayiş olunur.
Tələbələr Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanmış, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə tanış olmuşlar. Universitetin rəssamlıq sənəti fakültəsinin tələbələri Əlyazmalar İnstitutunun fondlarında Azərbaycanın zəngin miniatür sənətinə aid kolleksiyalarla tanış olaraq bu elm və sənət məbədindən zəngin təəssüratla ayrılmışlar. Tələbələr fondda qorunan ədəbiyyat nümunələri ilə yanaşı rəssamlıq sənətinə dair nadir əsərlərlə də yaxından tanış olmuşlar.
İnstitutun şöbə müdiri Nigar Babaxanlı Azərbaycan miniatür sənətinin ilk nümunələrinin XIII - XIV əsrlərdə Təbriz və Marağa şəhərlərində yaranmasından, Təbriz miniatür məktəbinin XV əsrdə tam müstəqil bədii məktəb kimi formalaşmasından və (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir göstərdiyini qeyd e
dərək ekspozisiya haqqında geniş məlumat verib. Tələbələr eyni zamanda XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan dövrün ən görkəmli, xəttat və rəssamları olan Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin və başqalarının fəaliyyət göstərməsi barədə ərtaflı məlumat alıblar. Əlyazmalar İnstitutunda saxlanan əlyazmalar kitabları içində bədii cəhətdən dəyəri ilə diqqəti cəlb edən bir sıra miniatür rəsmlər rəssam tələbələrin marağına səbəb olub. Bunlardan Nizami Gəncəvi Xəmsəsinə, Sənainin “Hədiqətül-həqayiq”, Əmir Xosrov Dəhləvinin “Həşt behişt” poemalarına, Hafiz, Füzuli, Ürfi, Əmin Şahi, məktəbi divanlarının, “Nüşafərin və Gövhərtac” əsərinə çəkilmiş miniatürlər sənətkarlıq baxımından xüsusilə seçilirlər. Bu rəsmlər əsasən Təbriz miniatür məktəbinə məxsusdur.
İnstitutda keçirilən dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, tələbələrin elmə marağının artırılması və eyni zamanda xalqın milli-mənəviyyat xəzinəsinə daxil olan nəfis miniatürlər və əlyazmalarla tanışlığa səbəb olub.
Vəfa MƏMMƏDLİ
çap et