525.Az

Nizami və dünya nizamı


 

MÜASİR DÖVRDƏ NİZAMİ, TOLSTOY, HÜQO KİMİ DAHİLƏRİN İNSANSEVƏR FİKİRLƏRİNİ NOSTRADAMUS KİMİ XEYİRSÖYLƏMƏZLƏRİN UYDURMALARI NƏ ÜÇÜN ÜSTƏLƏYİR?

Nizami və dünya nizamı<b style="color:red"></b>

Cürbəcür rəngli  “inqilablar”, müharibələr, mənşəyi şübhəli xəstəliklər, yalançı müsəlmanlar-İŞİD, əsl satanizmə meylli anti-mədəniyyət və digər bəlalar... Təəssüf ki, bu, indiki dünyanı xarakterizə edən əsas xüsusiyyətlərdir.

Elə yekunlaşmaqda olan 2015-ci ildə də bəşəriyyət çox ağır təlatümlər yaşayıb, minlərlə insan müxtəlif ölkələrdəki terror və qarşıdurmaların qurbanına çevrilərək həyatını itirib.

Öz tarixi boyu nizamı dönə-dönə pozulan bu qoca dünyanın xilası həmişə insanların məkr və nifrətdən qaçaraq, bəşəri harmoniya qanunlarına qayıtmasında olub. Bu baxımdan, dünyanın taleyindən həmişə narahat olan böyük şəxsiyyətlərin fikirləri bu gün üçün  də olduqca gərəklidir.  Dühası sərhəd tanımayan böyük mütəfəkkirimiz Nizami Gəncəvinin öz əsərlərində insanlığın diqqətinə çatdırmaq istədiyi məsələlər indiki narahat dünya üçün də elə müasir  təbircə desək, “çox aktual səslənir”.

Bizim Azərbaycanımızın dahi şairi özünə Nizami təxəllüsünü əbəs yerə seçməyib. O, əsərləri ilə dünyanın ilahi nizam qanunlarını müfəssəl izah etməklə və insanlığı bu nizama çağırmaqla  bu adı alıb. Bu haqda bizimlə fikirlərini bölüşən qocaman nizamişünas, 60 ilə yaxındır ki, dahi şair və mütəfəkkirimizin əsərləri və fəlsəfi-elmi görüşlərini araşdıran, bu mövzularda onlarla kitabın müəllifi, filologiya doktotu, 82 yaşlı Sabir Həsənzadə  onu xüsusi vurğulayır  ki, dahi şairimizin dünya fikir adamlarının əksəriyyətindən daha üstün mövqedə durması onun indiki dillə desək, universal dünyagörüşünə malik olması ilə bağlıdır.

“Nizami, dünyanın digər fikir adamlarından fərqli olaraq, bəşərin harmonik qanunlarını daha müfəssəl  izah edir. Əgər tarix boyu yaranmış əksər fəlsəfi cərəyanlara nəzər yetirsəniz, onların ayrı-ayrılıqda hər birində hansısa konkret postulatların mövcudluğunu görərsiniz. Özü də onların çoxu yalnız insan psixologiyasının  “qida”sı  anlamındadır. Bu, əlbəttə az iş deyil.  Amma Nizami  bəşəriyyətin hələ yeni-yeni öz orta çağlarına qədəm qoyduğu bir dönəmdə fenomenal nəzəri bilgi və əməli nizam üsullarını öz əsərlərində, həm də gözəl poetik dillə, insana təlqin edir. Onun əsərlərində verdiyi   yaradanla yaradılışın, təbiətlə insanın, canlı aləmlə maddiyyatın,  fikir ilə davranışın harmoniyası məsələlərini bütün dövrlər üçün keçərli olan “tezislər” hesab etmək olar. Sonrakı dövrlərə nəzər salsaq, görərik ki, dünyanın harmoniyaya qovuşmasını arzu edən böyük yazıçılar və fikir adamları da bu cür “tezislər”in hökmü ilə yazıb-yaradıblar. Özü də onların Nizamini oxuyub-oxumaması vacib deyil; əsas odur ki, onlar sonda Nizaminin dediyi mətləblərin üstünə gəliblər,”-deyə, gəncəli qocaman nizamişünas bildirir.

Həmsöhbətimiz qeyd edir ki, dahi şairimizin fəlsəfəsinə nəzər yetirsək, indiki dünyanın rahatlığının  hansı qanunların pozulması ucbatından baş verdiyini anlayarıq:

“Baxın, “Hər şey bu dünyada cəzbə bağlıdır; Filosoflar onu EŞQ adlandırır”-deyir Nizami. Bu EŞQ həm maddi, həm mənəvi aləmdə, atom zərrəciklərinin cəzbindən tutmuş, insanların ruhi rəğbət hisslərinədək hər yeri bürüməklə külli-kainatı nizamlayır! Bizim Yer kürəsindəki dünyamızın fiziki və mənəvi qanunlarının vəhdəti də onun varlığının hifz olunmasında başlıca şərtdir. Amma elə Nizaminin özünün də “Xeyir və Şər” anlayışlarının sərhi-bəyanından da aydındır ki, nadanlıq mövcud olduqca, ədalətsizlik və dağıdıcılıq da var olacaq, tamah və məkr dünyada nizamın bərqərar olmasını ləngidəcək”.

Həmsöhbətimiz Nizaminin 12-ci əsrdə şərq dünyasında yaranan “Əxi”, yəni qardaşlıq təşkilatının üzvü olmasını, bu təşkilatın ali məqsədinin insanların mənafeyinə xidmət etmək olduğunu, sonralar bu cür təşkilatların qərb dünyasında da yaradıldığını, lakin müəyyən zaman keçdikdən sonra orada qardaşlıq anlayışının mahiyyətinin dəyişdirilərək onun “seçmə” təbəqənin mənafeyinə uyğunlaşdırıldığını vurğulayaraq qeyd edir ki, məhz maddiyyat və maliyyəni əsas meyar edən həmin elit dairələrin iradəsilə  qərb dünyası “səmərəli həyat tərzi” yolunu tutaraq, “məqsədə çatmaq üçün hər bir vasitə caizdir” deyərək, əslində  qeyri-humanist ideyaların əsirinə çevrilib.

“Şərq  fəlsəfəsi insaniyyətə necə xidmət etməyi, qərb fəlsəfəsi isə təmənna, var-dövlət, hegemonluq ideyaları daşıyıb. Son yüzilliklərdəki bütün müharibələr də bu ideyalardan qaynaqlanıb”-deyə, müsahibimiz bildirir.

Müdrik şərq fəlsəfəsi ilə məkrli qərb dünyagörüşünün təzadının nümunəsi olaraq, indiki cəmiyyətin humanist ideyalar əvəzinə bəzən avantürist fikirlərə daha çox müraciət etdiyinin təhlükəli olduğunu vurğulayan həmsöhbətimiz qeyd edir ki, məsələn, varlığı və mülahizələri belə şübhəli olan Nostradamus kimi isimlərin dünyada necə deyərlər, populyarlaşdırılmasının arxasında təmənnalı məqsədlər var:

“Nostradamus bəlkə də uydurmadır, ehtimallar var ki,  heç belə şəxsiyyət tarixdə mövcud olmayıb. Doğrudan da necə oldu ki, onu 80-ci illərin axırlarından “üzə çıxardılar”? Güman ki, bu cür üsullarla dağıdıcı qüvvələr şübhəli  “öncəgörmə” nümunələrini olası bir şey kimi xalqlara təlqin edir, onu psixoloji olaraq faciələrə “hazırlayır”, sonra da  bundan istifadə edib müharibələr törədirlər”.

S.Həsənzadə qeyd edir ki, Yer kürəsi son dövrlər qığılcıma bənd olan barıt çəlləyini xatırlatsa da onun xilası yolları tükənməyib və Nizami kimi dahisi olan xalq həmişə bu məsələdə nikbinlərin cərgəsindədir.

“Kökü kəsilməyə getsə bəşərin,
Fərqi bilinməsə xeyirlə şərin,
Əgər Nizamini dinləsə bəşər,
Hər şey həqiqətlə yenə səsləşər”

-deyə, poetik yaradıcılığa da biganə olmayan qocaman nizamişünas fikirlərini yekunlaşdırır.

Zakir Muradov
GƏNCƏ

 





05.12.2015    çap et  çap et